Milli Məclisin deputatı Əliabbas Salahzadə ölkələr, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü kimi dəyərləndirilən, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasından geniş bəhs edərək iqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu diqqətə çatdırıb: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası bugünkü reallıqlarımızda öz əksini tapıb. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən bu müddət ərzində ölkəmizin enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək bu fikri böyük qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edib. Öncə regional çərçivədə qurulan əməkdaşlıq əlaqələrinin coğrafiyası sonrakı illərdə daha da genişlənmiş, Azərbaycan nəinki regionun, həmçinin dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin uğurlu icrasının ardınca çoxtərəfli əməkdaşlığın başlanğıcı, görülən işlərin zirvəsi kimi qiymətləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Azərbaycanın, eyni zamanda dünyanın enerji tarixində yeni bir səhifə açıldı.”
Millət vəkili diqqəti dövlətimizin başçısı İlham Əliyevin Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul etməsinə, görüş zamanı müzakirə olunan məsələlərə yönəldərək bildirib ki, enerji sahəsində əməkdaşlıq tərəfdaşlığımızın mühüm hissəsidir. Azərbaycan region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaradıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, neft-qaz sektorunda əldə edilən gəlirlər iqtisadiyyatı şaxələndirmək üçün geniş imkanlar açıb. Qarşıdakı illərdə daha çox diqqət göstərilən sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq.
“Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII toplantısı keçirilir” söyləyən Ə.Salahzadə bildirib ki, 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində Cənub Qaz Dəhlizinin təməli qoyuldu: “Bir əsas məqamı da qeyd edək ki, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyununda TANAP qaz boru kəməri istifadəyə verildi. Cənub Qaz Dəhlizinin Avropaya qazın çatdırılmasını təmin edən sonuncu seqmenti - TAP üzrə işlər pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq başa çatdırıldı, 2020-ci ilin dekabrın 31-də istismara verildi. Yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində strateji amildir. 2015-ci ildən bu günədək ənənəvi olaraq hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı arxada qalan ildə enerji sektorunda qazanılan uğurların və müəyyənləşdirilən prioritetlətin təqdimatı olur. Dövlətimizin başçısı İlham Əliyev ötən il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında 2020-ci ildə TAP-ın icrasının başa çatacağına inamını ifadə edərək onu da əlavə etmişdir ki, TAP-ın tikintisinin tamamlanması komanda işimizin sonu demək deyil. 2021-ci ilin fevralında Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Gələcək üçün strategiyamız hazırlanacaq.”
“Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırması nəinki ölkədə, beynəlxalq səviyyədə təqdir edilir. Bu baxımdan ki, irəli sürülən hər bir təşəbbüs, reallığa çevrilən layihələr dövlətimizin maraqlarına xidmət etməklə ölkələr arasında əməkdaşlığa yeni-yeni töhfələr verir. Bu inam ifadə edilir ki, uğurlu sonluqla başa çatan Cənub Qaz Dəhlizi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirərək yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimul olacaq”,- deyə millət vəkili vurğulayıb.
Ə.Salahzadə Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlar, neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi fonunda ölkəmizin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələrin icrasından bəhs edərək bu inamı da ifadə edib ki, artıq hər birimizi qürurlandıran Zəfərimizin sayəsində işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı daha da sürətləndiriləcək, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapan müddəaların uğurlu icrası təmin ediləcək.