AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Enerji siyasətinin prioriteti

  • + A
  • - A
  • 20-12-2023, 09:38

    Enerji siyasətinin prioriteti

    Məşhur Məmmədov,
    Millət vəkili


    Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atdı. COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olundu.

    Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Burada yekdil mövqe bir daha özünü göstərdi, beynəlxalq ictimaiyyətin yekdil mövqeyi öz sözünü dedi.

    COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Müqayisə üçün desək, Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək.
    Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etdi və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərildi.

    Son illər Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz buna layiqdir, aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq.

    İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Məsuliyyət bizi daha da gücləndirir. Biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirildi.
    Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.
    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti böyükdür. Bu hadisənin önəmi ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olundu və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etdi.
    Antiterror tədbirlərdən sonra Azərbaycanın gücünə, ərazi bütövlüyünə qısqanclıqla yanaşan bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürdü. Tarixə nəzər salanda aydın görünür ki, bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etdi və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etdi.
    Təəssüf ki, bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Bu, beynəlxalq riyakarlıqdır, ikili standartlar siyasətinin təzahürüdür. Bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir.
    Beynəlxalq birlik Azərbaycan əleyhinə olan 30-40 Qərb ölkəsindən ibarət deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr tədbirə Bakını ev sahibi görmək istəməklə yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərdilər.
    Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılıb. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etdi. Bu, beynəlxalq dəstəyin böyük göstəricisidir.
    COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edəcək.
    Əminliklə deyə bilərik ki, COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR