AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 illik şərəfli fəaliyyətin- möhtəşəm uğurları

  • + A
  • - A
  • 23-12-2023, 16:30

    20 illik şərəfli fəaliyyətin- möhtəşəm uğurları

    Hicran Hüseynova
    Milli Məclisin Komitə sədri, professor


    Hər bir insan istəyir ki, təhlükəsiz yaşasın, daim inkişaf etsin, arzularını reallaşdırsın, cəmiyyətdə özünü təsdiq etsin, ən əsası gələcəyindən arxayın olsun. Bütün bunlar o zaman həqiqətə çevrilir ki, həmin xalqın verdiyi sözü əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkənin çiçəklənməsini təmin edən, özünü hər bir vətəndaşın prezidenti kimi təsdiqləyən lideri olsun.

    Bu gün biz fəxrlə deyirik ki, Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Hətta elə vacib görüş və tədbirlər var ki,onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Və əlbəttə ki, bunun çox ciddi əsası var. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, dözümsüzlüyünü, etnik təmizləmələri,terroraktlarının törədildiyini, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayırlar. Və əlbəttə ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Biz buna təkcə məsub olduğumuz mədəni keyfiyyətlərlə, qonaqpərvərliyimizlə, gözəl təbiətimizlə deyil,həm də ölkə başçısının yürütdüyü düşünülmüş siyasət nəticəsində bu stabilliyə nail olmuşuq.

    Tarix üçün 20 il çox qısadır, amma bu müddəti addım- addım inkişaf yolu keçən bir ölkə üçün heç də az zaman deyil. Prezident İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirib.O, bu müddət ərzində Ümummili Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil dövləti olaraq daha da güclənib, dünya miqsyasında söz sahibi olan dövlətə çevrilib. Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ötən müddət ərzində müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər baş vermiş, nailiyyətlər əldə edilmişdir. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar nəticəsində şəhərlə kənd arasında fərq aradan qaldırımış, vətəndaşların rifah halı yaxşılaşıdırılmış, onların mənzil-məişət şəraiti yüksəlmişdirCənab İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Və biz ölkə başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrdə davamlı və dinamik sürətlə inkişaf edir. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 20 ildə ölkənin sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərə nəzər yetirməklə biz bunu əyani şəkildə müşahidə edə bilərik. 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artmışdır. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlmişdir. 2004-cü ildən bəri regionlarda 1,8 milyarddan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılmışdır. Ötən müddət ərzində 60-dan çox yeni elektrik stansiyası istismara verilərək, bütövlükdə qazlaşdırmanın səviyyəsi 94%-i ötmüşdür.Fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-a yüksəlmişdir. Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilmiş və ya təmir olunmuşdur. Ölkədə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Hazırda erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması dövlətimizin prioritetidir. Qısa müddət ərzində Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində mühüm layihələr həyata keçirilimiş, nəhəng miqyaslı tikinti işləri, bərpa- quruculuq tədbirləri aparılır. Artıq keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına əbədi yaşamaq üçün qayıdır.

    Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri ,Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP layihələri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan vermiş, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaratmışdır. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirmişdir. Prezident İlham Əliyev Azərbaycanı enerji təhlükəsizliyinin təmin edilməsi baxımından Aİ-nin ən mühüm tərəfdaşına çevirdi. Onun sayəsində Azərbaycan dünyanın bir çox ölkələrində, ölkəmizin üzv olduğu təşkilatlarda böyük nüfuza malikdir.

    20 il əvvəl Azərbaycana rəhbərlik etməyə başlayan İlham Əliyev o vaxta qədər artıq həyatda böyük yol keçmiş, elə böyük təcrübə qazanmışdı ki, bir çox siyasətçilər bütün həyatı boyu qazana bilmirlər. O, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, SOCAR-ın birinci vitse-prezidenti kimi fəaliyyət göstərmişdir. Yəni o, artıq dünyanın idman, siyasi, iqtisadi elitasının necə olduğunu hərtərəfli bilirdi. Onun böyük siyasətə tamamilə təsadüfən, hazırlıqsız gəlmiş müxtəlif ölkələrin indiki liderlərinin bir çoxundan fərqli olaraq biliyi, bacarıqları, təcrübəsi var. Belə ki, o istənilən hadisəyə, prosesə ən hazır siyasi fiqurlardan biridir.

    Ən əsası isə o, dahi Heydər Əliyev məktəbini keçmişdir. Bu məktəb bütün universitet və institutlardan üstündür. Bu, həyat məktəbidir, Azərbaycanın milli maraqlarının necə müdafiə olunacağı ilə əməli tanışlıq məktəbidir. Ulu Öndər Heydər Əliyev böyük siyasi oyunun parlaq ustası idi, onun qarşısında ən məşhur şəxsiyyətlər belə aciz qalırdı. Və zamanla biz hamımız eyni möhtəşəm tərzi Azərbaycanın indiki prezidenti İlham Əliyevdə görürük. İstənilən debatlarda, görüşlərdə onun nə qədər hazırlıqlı olduğunu, nə qədər prinsipial olduğunu, geniş siyasi, tarixi, mədəni biliklərə malik olduğuna tək biz yox, bütün dünya ictimaiyyəti şahidlik edir. Prezidenti, Ali Baş Komandan İlham Əliyevin necə böyük Qələbə qazandığını gördük. Bu, təkcə Ermənistan və Qarabağ separatçıları üzərində deyil, həm də dünya erməniləri və onların dünyanın müxtəlif ölkələrindəki havadarları üzərində Qələbə idi. Bu Qələbə Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli olmadığını təkid edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin yanlış mövqeyini sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, bu münaqişə yalnız hərbi yolla həll edilə bilər və həll edilməli idi. Və çox yaxşı xatırlayıram ki, 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanidə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti ilə çıxış edərək Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. "Bu gün mən Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, xatirəsi önündə baş əydim. Öz-özümə dedim ki, xoçbəx adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin ruhu, Ulu Öndərin ruhu şad oldu! Güzün aydın olsun, Azərbaycan! Güzün aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! ziz Şuşa, qayıtdıq! ziz Şuşa, səni dirildəcəyik! "

    2023-cü ildə oktyabrın 15-də Xankəndi Azərbaycan Bayrağını qaldıran Prezident İlham Əliyev xalqa müraciət edərək dedi ki, “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” Bəli, Azərbaycan ərazilərinin 20%-nin erməni işğalından azad edilməsi, ölkəmizdə speratizmin məhv edilməsi, 200 ildən sonra tarixi Qələbnin əldə olunması həmişə onun adı ilə bağlı olacaq. Onun adı Qarabağın dirçəlişi, əsrin dörddə birindən artıq müddətdə məcburi köçkün statusunda olanların öz doğma yurdlarına qayıtması ilə bağlıdır. Azərbaycanın möhtəşəm hərbi və diplomatik qələbələri onun adı ilə bağlıdır.

    Azərbaycan artıq Cənubi Qafqazın tanınmış lideri və “dondurulmuş” hesab edilən münaqişəni həll edə bilən yeganə dövlətdir. Azərbaycan təkcə Cənubi Qafqaza deyil, bütün dünyaya fayda gətirən layihələrin təşəbbüskarı və həyata keçirilməsidir. Üstəlik, bəzən ölkəmiz bunu bir çox güclərin planlarına zidd olaraq edir. Bu, Prezident İlham Əliyevin siyasi qətiyyəti, dürüstlüyü, parlaq düşünülmüş strategiyası, vətənpərvərliyi sayəsində mümkün olmudur. Adı müasir Azərbaycan taxində qızıl hərflərlə yazılan Prezident, Ali Baş Komandan, görkəmli ictimai-siyasi xadim İlham Əliyev bundan sonra da dövlətimizin və dövlətçiliyimizin inkişafını böyük əzmlə davam edəcəkdir. Bu, tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan hər bir Azərbaycanlının inamıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR