AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“QAÇILMAZ SİTUASİYA YARANIB” – “Nazirlər Kabineti vaxt itirmədən həmin hədəflərə doğru irəliləməlidir”

  • + A
  • - A
  • 16-02-2024, 16:51

    “QAÇILMAZ SİTUASİYA YARANIB” – “Nazirlər Kabineti vaxt itirmədən həmin hədəflərə doğru irəliləməlidir”

    “Nazirlər Kabineti hər il Milli Məclisə hesabat verir. Bu ənənəvi illik hesabatlar kifayət qədər əhatəli və ölkənin sosial-iqtisadi həyatının mənzərəsini görmək, prosesləri analiz etmək üçün geniş məlumatlarla zəngin olur. Bütövlükdə biz müşahidə edirik ki, hökumətin fəaliyyəti və hesabatlılığı yeni dövrün tələblərinə uyğun ilbəil təkmilləşir. Və bizim dəstəyimizi alır. Hörmətli Əli Əsədov hər zaman hesabatların təqdim olunmasından sonra bütün deputatların suallarını səmiyyətlə cavablandırıb. Qaranlıq məsələlər qalmır. Əli müəllim işlədiyi dövrlərdə öz peşəkar komandası ilə Nazirlər Kabinetinin qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirib”.

    “AzPoltika.info” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev Milli Məlisdə Əli Əsədovun Baş nazir vəzifəsinə təsdiq edilməsi ilə bağlı iclasda çıxışında deyib.

    Yeni dönəmdə Nazirlər Kabineti hansı hədəfləri seçməli və vaxt itirmədən həmin hədəflərə doğru irəliləməlidir?

    Millət vəkili hesab edir ki, hökumətin növbəti fəaliyyətində 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər sənədinin və bu sənəd çərçivəsində hazırlanmış 2022-2026-cı illər üzrə sosial–iqtisadi inkişaf Strategiyasının icrasına dair əsas nəticələr ciddi təhlil olunacaq və hesabatlarda yer alacaq: “Artıq üç ilə yaxındır ictimai maliyyə islahatları çərçivəsində 3 pilot sektorda – təhsil, kənd təsərrüfatı və ekologiya sektorlarında büdcə xərcləmələrinin səmərəliliyini artırmaq üçün nəticəəsaslı büdcə tərtibi prosesinə keçid başlayıb. Bu istiqamətdə işlər ürəkaçan deyil və hesabatlılıq şəxsən məni qane etmir. Nazirlər Kabineti yenidən bu prosesi ciddi nəzarətə götürməlidir”.

    Millət vəkili xatırladıb ki, Nazirlər Kabinetinin 6 fevral 2024-cü il 73 nömrəli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub. Onun sözlərinə görə, bu universitetin sürətli inkişaf edən ali təhsil müəssisələri sırasında yer almasında Nazirlər Kabineti nəzarət funksiyasını üzərinə götürməlidir.

    “Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev andiçmə nitqində olduqca maraqlı məqamları önə çəkdi. "Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq. Biz isə geridə qala bilmərik. Ona görə texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni, bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik. Ona görə hesab edirəm ki, bütün qurumlar və eyni zamanda, cəmiyyət bunu da vəzifə kimi bilməlidir və görməlidir. Bu istiqamətdə geniş və rasional tədbirlər planı hazırlanmalı və görülən işlərin mütəmadi monitorinqi aparılmalıdır”, - deputat qeyd edib.

    E.Əliyev daha sonra Prezidentin bu fikirlərinin fəlsəfəsini açıqlayıb: “Dünya çox yüksək sürətlə 4-cü Sənaye İnqilabı yolunda addımlayır. Bizim sənaye parklarımız yalnız məhsul istehsal etmək xatirinə yaradılmamalıdır. Aşağı və orta texnoloji mürəkkəblikdə məhsulların istehsalı üzrə ümumiyyətlə ixtisaslaşmamalıdır. Hədəf yalnız orta yüksək və daha yüksək texnoloji, rəqabətqabiliyyətli sahələrdə ixtisalaşma olmalıdır. Bu həm də ölkədə təhsil sisteminin sürətlə və köklü şəkildə dəyişdirilməsini, universitetlərlə sənaye arasında əməkdaşlığın formalaşdırılmasını, elmin kommersiyalaşdırılmasını, elmə çəkilən xərclərin əhəmiyyətli dərəcədə artırılması ilə yanaşı bu xərclərin səmərəliliyini ölçən keyfiyyətli sistemin qurulmasını tələb edir. Qaçılmaz situasya yaranıb. 4-cü Sənaye İnqilabının arxasınsa gedən toplumları bu prosesin qalibləri texnoloji cəhətdən geridə qalmış periferiyalara çevirəcəklər”.

    Millət vəkili çıxışının sonunda ümid etdiyini bildirib ki, Nazirlər Kabineti gələcək hesabatlarında 4-cü Sənaye İnqilabına keçidin vəziyyətini və qarşıda duran vəzifələri əks etdirən məlumatları müfəssəl şəkildə bizə təqdim edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR