Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən qeyd etmişdir ki, “dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır”. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyi bir dövrdə bu mühüm hadisələrin çox böyük simvolik mənası var.
Azərbaycan Respublikası uzun müddət ərzində torpaqlarının azad olunmasına hazırlaşaraq, bir çox istiqamətlər üzrə planlı şəkildə irimiqyaslı işlər aparmışdır. Surətli templərlə ordu ğuruculuğu prosesi həyata keçirilirdi, hərbi hissələrin ən müasir silahlarla təchiz edilməsi, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması, yeni savaş strategiyası və taktikasının hazırlanmasına ən ciddi diqqət verilirdi. Dövlər Başçısının rəhbərliyi altında aparılan hücum siyasəti dünyada Azərbaycanın mövqelərini möhkəmləndirirdi və bizi dəstəkləyən ölkələrin sayını ardıcıl formada artırırdı. Beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul edilir və münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaradılırdı. Güclü iqtisadiyyatın və iqtisadi müstəqilliyin formalaşması nümayiş etdiridi ki, Azərbaycan siyasi cəhətdən heç bir dövlətdən asılı deyil.
44 günlük Vətən müharibəsi və qısamüddətli lokal antiterror tədbirlərinin parlaq formada həyata keçirilməsi beynəlxalq hüququn təntənəsi olaraq, bir daha dünya birliyinə ölkəmizin qüdrətini nümayiş etdirdi. Böyük Zəfərin nəticəsində işğaldan azad olunmuş bütün ərazilərdə əbədi olaraq Azərbaycan bayrağı dalğalanır, Xankəndi şəhərinin əsas meydanı isə artıq “Zəfər meydanı” adlandırılır. Prezident İlham Əliyevin dediyi kimi, “biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.