Ülvi Quliyev,
Milli Məclisin deputatı
Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: “Biz, -İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, -sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”. Avropa Parlamentinin aprelin 25-də Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə bir daha təsdiq edir ki, tarixi Zəfərimizi həzm edə bilməyən siyasi mərkəzlər və onların iradəsi ilə hərəkət edən beynəlxalq təşkilatlar Cənubi Qafqazdakı yeni reallıqla barışmaq istəmirlər. Bütün bu qətnamə və bəyanatların səbəbi nə insan haqları, nə də demokratiyadır, yeganə səbəb Qarabağı azad etməyimizdir.
Nə qədər inanmaq istəməsək də, dövlət və xalq olaraq üzləşdiyimiz haqsızlığın miqyası göstərir ki, mütərəqqi hesab etdiyimiz Avropa və onun aparıcı qurumlarından biri sayılan Avropa Parlamenti orta əsrlərin dini təəssübkeşlik təfəkküründən, islamofob və türkofob xofundan hələ də xilas ola bilməyib. Geosiyasi maraqlarla yanaşı, cəhalətə söykənən siyasi riyakarlıq və dini-milli təəssübkeşliklə bağlı ayrı-seçkilik motivləri elə rüsvayçı həddə çatıb ki, Avropa Parlamentindəki deputatların bir çoxu cahil bölücülüyü təşviq etdiklərini artıq heç gizlətmirlər də. Ermənistanın işğalçılıq və hərbi təcavüz siyasətinə qarşı kəsərli mövqe ortaya qoymayan, üç onillik ərzində milyona yaxın azərbaycanlı qaçqın və köçkünün ən elementar insan haqlarının qorunmasına barmaqarası yanaşan, Xocalı soyqırımına, eləcə də tarixi, mədəni və dini irsimizin təhqir olunaraq dağıdılmasına riyakarcasına göz yuman Avropa Parlamenti Qarabağı könüllü şəkildə tərk edən ermənilərin geri qayıdışını nədənsə özü üçün prioritet hesab edir. Amma təkcə ötən əsrin 80-ci illərinin sonunda Ermənistandan deportasiya olunmuş 300 minə qədər azərbaycanlı qaçqının, 700 min məcburi köçkünün hüquqları onların heç yadına da düşmür.
Ədalətsizliyin və qərəzin miqyası o həddə çatıb ki, Fransa Senatının və Milli Assambleyasının “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması” ilə bağlı beynəlxalq hüquqa zidd olan qətnamələrinin ardınca Avropa Parlamenti 2021-ci ildən indiyədək Azərbaycan əleyhinə 8 qətnamə qəbul edib. Onların müzakirəsi zamanı deputatların irəli sürdüyü psevdo-arqumentlər yalnız ona dəlalət edir ki, Avropa Parlamentində ayrı-seçkiliyi təşviq edən bölücülük bu gün heç bir sərhəd tanımır. Aprelin 25-də edilən çıxışlarda səslənən əsassız fikir və iddialar bunu bir daha təsdiq edir: “İlham Əliyevin Laçın dəhlizini bağlaması və “Dağlıq Qarabağa” müdaxiləsi, ermənilərin Qarabağdan qovulması yolverilməzdir və biz buna biganə qala bilmərik. Azərbaycanda həbsdə olan ermənilərin azadlığını tələb etməliyik”. Ən acınacaqlısı odur ki, deputatlar ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı və suverenliyi ilə bağlı beynəlxalq hüququn fundamental prinsiplərinə həqarət etdiklərini bilə-bilə, çıxışlarına və qəbul etdikləri qətnamələrə demokratiyadan, insan haqlarından don geyindirməyə çalışırlar.
Avropa Parlamenti coğrafi baxımdan böyük olmayan Azərbaycan kimi ölkələrə sanki çatdırmaq istəyir ki, güc onun tərəfində olduğu üçün onların diqtəsi ilə razılaşmalıyıq. Amma bu iddiada olanlar iki həqiqəti unudurlar. Onlardan birini vaxtilə Viktor Hüqo belə ifadə etmişdi: “Gücün kimin tərəfində olmasının əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan odur ki, haqq kimin tərəfindədir”. Bədxahlarımız nə qədər görməzdən gəlməyə çalışsalar da, haqq, ədalət və beynəlxalq hüquq işğal dövründə və 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın tərəfindədir. İkinci həqiqəti isə Prezident İlham Əliyev aprelin 23-də dünyanın aparıcı beyin mərkəzləri nümayəndələrinin iştirakı ilə ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda ifadə etdi: “Adını çəkdiyiniz, əvəzlənəcək şəxs kimi-xarici siyasət üzrə ali komissarın adını deməsəm, cavabım dolğun və tam səmimi olmaz. O, Avropa İttifaqı bağdır, qalanı cəngəllikdir demişdi və bu, ictimai bəyanat idi. O, hamımızı cəngəllik adlandırdı: Afrika, Asiya, Latın Amerikası... Heç kim demədi ki, cənab Borrel get bütün dünyanın qarşısında üzr istə. Sən bizə cəngəllik deyirsən, tamam. Ancaq cəngəllik olmasaydı, bağınız, bağçanız quruyardı”.
İnsan hüquqları adı altında ərazi bütövlüyümüzü və suverenliyimizi hədəf seçən Avropa təsisatlarının qərəzli qətnamələrinə ermənilər və hamiləri qədər sevinənlər, kimliyindən, o cümlədən milli və dini mənsubiyyətindən, sosial statusundan və siyasi əqidəsindən asılı olmayaraq, bilməlidir ki, onların tarixi Zəfərimizi qəbul etməyənlərdən heç bir fərqi yoxdur. Kim bu rəzil seçimi özünə rəva görürsə, onu da bilməlidir ki, xalqın tənəsini də qəbul etməyə məhkumdur.