AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QLOBAL ÇAĞIRIŞLARLA BAĞLI ORTAQ VƏ ƏDALƏTLİ BEYNƏLXALQ MÖVQE FORMALAŞMALIDIR

  • + A
  • - A
  • 24-05-2024, 19:08

    QLOBAL ÇAĞIRIŞLARLA BAĞLI ORTAQ VƏ ƏDALƏTLİ BEYNƏLXALQ MÖVQE FORMALAŞMALIDIR

    Ülvi Quliyev
    Milli Məclisin deputatı


    Bugünkü Azərbaycanın əldə etdiyi nailiyyətlər miqyasına görə o qədər böyük və tarixi baxımdan o dərəcədə əhəmiyyətlidir ki, onların təqdimatı ilə bağlı verilən izahlar belə, bəzən yetərsiz olur. Nəzərə alsaq ki, dünyanı cənginə alan və qlobal təhlükəsizliyi təhdid edən münaqişələr nəinki səngimək bilmir, əksinə, onların sayı və miqyası getdikcə daha da artır, Azərbaycanın ağır bir münaqişəyə hərbi-siyasi yolla son qoya bilməsi və bu zaman beynəlxalq hüququn legitim çərçivəsindən kənara çıxmaması, heç mübaliğəsiz, nadir tarixi hadisələrdən biridir. Məhz bunun nəticəsidir ki, müasir Azərbaycan və onun siyasi lideri Prezident İlham Əliyev aparıcı aktorlarla yanaşı, beynəlxalq medianın da diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu” çərçivəsində “Euronews” televiziya kanalına verdiyi müsahibə həm də bu baxımdan olduqca önəmlidir.

    Ölkəmizin COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibi seçilməsi Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın siyasi etirafı olmaqla yanaşı, “Yaşıl dünyaya” keçid sahəsində atdığı əməli addımlara da beynəlxalq etimadın ifadəsidir. Dövlətimizin başçısı, hər zaman olduğu kimi, bu müsahibəsində də beynəlxalq auditoriyaya mühüm mesajlar verdi. Onlardan biri iqlim dəyişikliyi kimi olduqca mürəkkəb problemin həllinə münasibətdə belə, subyektiv amillərin mövcudluğu ilə bağlı idi: “Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin... Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər”.

    Azərbaycan Prezidenti dünyaya faktiki olaraq bu mesajı verdi ki, “günahkar ovuna” çıxıb bir-birini ittiham etmək əvəzinə, bütün ölkələr üçün qarşılıqlı şəkildə faydalı olan konstruktiv ortaq məxrəc tapılmalı və həmrəylik əldə edilməlidir. Prezident İlham Əliyev bununla bağlı dövlətimizin mövqeyini də ifadə etdi: “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var... Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik”.

    Cənab Prezident dünya birliyinə o mesajı verdi ki, müasir Azərbaycan qlobal təhlükələrə qarşı mübarizə sahəsində ortaq və ədalətli beynəlxaq yanaşmanın formalaşması naminə öz töhfəsini verməyə hazırdır. Bu, ölkəmiz üçün həm də ona görə vacibdir ki, Azərbaycan 30 il ərzində separatçılıq kimi başqa bir qlobal təhlükəyə münasibətin coğrafiyalardan asılı olaraq necə dəyişdiyinin əyani şahidi və bundan ən çox əziyyət çəkən ölkələrdən biri olub. İqlim dəyişikliyi mahiyyətcə fərqli qlobal çağırış olsa da, eynilə separatçılıq kimi, o da bütövlükdə dünyanın təhlükəsizliyini təhdid etməkdədir.

    Heç şübhəsiz ki, COP29 günlərində ölkəmiz dünyanın siyasi mərkəzlərindən birinə çevriləcək. Hər kəs bir daha görəcək ki, bəzi dairələrin təzyiq və əngəllərinə baxmayaraq, öz haqqını, tarixi ədaləti və beynəlxalq hüququn aliliyini təmin edə bilmiş müasir Azərbaycan COP29 kimi nüfuzlu beynəlxalq tədbirin işinə də məzmun və mahiyyətcə yenilik gətirmək gücündədir və onun sözü, hər zaman olduğu kimi, əməli ilə üst-üstə düşür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR