“Ermənistanda seçkilərdən sonra bu dövlətin yeni hökuməti anlayacaq ki...” — Rəsmi Bakıdan bəyanat
Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə özündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bəndi əks etdirən qətnamə qəbul edilməsini şərh edərkən bildiriblər.
XİN-dən bildiriblər: "Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə “Böhran vəziyyətləri, böhrandan çıxış və Frankofon ərazisində sülh quruculuğu” adlı qətnamə qəbul edildi və qətnaməyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edildi. Burada, ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin səylərinə tam dəstək əks olunur, sülh şəraitinin təşviq edilməsinə və öncəki razılıqlara əməl edilməsinə çağırılır, eləcə də münaqişənin Helsinki Yekun Aktının fundamental prinsipləri, o cümlədən gücdən istifadə etməmək və hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipi, əsasında sülh yolu ilə həllini nəzərdə tutan danışıqlar prosesinə yenidən başlanılması ifadə olunur".
Helsinki Yekun Aktının dilinə uyğun olaraq, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirdiyinə və Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla Azərbaycan ərazilərini hərbi işğal altında saxladığına görə güc tətbiq etmək məsuliyyəti Ermənistanın üzərinə düşür.
Vurğulamaq istərdik ki, Helsinki Yekun Aktı bu xüsusda açıq şəkildə bəyan edir ki, “dövlətlər qarşılıqlı münasibətlərində, habelə ümumiyyətlə beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı hədələmək və güc tətbiq etməkdən çəkinməlidir”.
Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəldikdə isə Helsinki Yekun Aktında növbəti fikir aydın şəkildə əks olunur: “İştirakçı dövlətlər xalqların bərabər hüquqlarını və öz müqəddəratını təyin etməsi hüququnu hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və dövlətlərin ərazi bütövlüyü daxil olmaqla beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hörmət etməlidirlər”. Fikrimcə, sənəd kifayət qədər aydın dildə yazılıb və burada hər hansı əlavə izaha və şərhə lüzum yoxdur.
Ermənistanın Frankofoniya təşkilatından sui-istifadə etmək səylərinə baxmayaraq zirvə görüşünün qətnaməsində münaqişənin həllinin əsasını Helsinki Yekun Aktının prinsipləri təşkil etdiyi qeyd olunur. Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı ilə üzərinə düşən öhdəliklərini yerinə yetirərək qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
Ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu dövlətin yeni hökuməti anlayacaq ki, Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur".