Azərbaycanın sabiq prezidentliyə namizədi məhkəmə zalında həbs olundu – FOTO
Azərbaycanda 2013-cü ildə prezidentliyə, 2015-ci ildə isə deputatlığa namizəd olmuş Əli Hacı Ağaevli məhkəmə zalından həbs olunub. Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Ağaevliyə hökm oxunub, o, 7 il azadlıqdan məhrum edilib.
Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini olan Ə.Ağaevli məhkəmə önündə tək deyildi, Fuad Kərimovla birlikdə mühakimə olunurdu. Onların hər ikisi CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham edilir. Hökmə əsasən, F.Kərimova da 5 il həbs cəzası verilib.
Ancaq onlar özlərini təqsirli bilmir. Hökmdən öncə son sözlərində də məhkəmədən bəraət istəyiblər.
Ə.Ağaevli şərləndiyini söyləyib. Bildirib ki, zərərçəkmiş Qabil Mehdiyevlə onların arasında pul mübahisəsi mülki məsələdir, dələduzluq cinayəti kimi qiymətləndirilə bilməz.
İttihamda yazılıb ki, Ə.Ağaevli zərərçəkmiş Q.Mehdiyevdən aldığı pulun 178 minini qaytarmayıb, onun etibarından sui-istifadə edərək aldadıb.
Ə.Ağaevlinin vəkili isə deyir ki, əksinə, zərərçəkmiş Q.Mehdiyev onun müvəkkilinin milyon yarımlıq evini dələduzluq yoluyla ələ keçirib. Vəkilin sözlərinə görə, Ə.Ağaevli Q.Mehdiyevdən 511 min manat pul alıb. Bu borcun təminatı kimi ona etibarnamə verilib. 2017-ci ilin avqustunda Q.Mehdiyev Ə.Ağaevlinin Badamdar qəsəbəsində yerləşən milyon yarımlıq evini öz adına keçirib. Sentyabr ayında isə borcdan 160 min manat qaytarılıb. Dekabrda evi banka girov qoyub, borcun qalan hissəsini qaytarmaq istəyəndə isə məlum olub ki, dörd ay öncə ev Q.Mehdiyevin adına keçirilib. Bundan sonra tərəflər arasında qarşılıqlı məhkəmə çəkişmələri başlayıb, Q.Mehdiyev ev sahiblərinin çıxarılması üçün məhkəməyə müraciət edib: «Özü də təsdiqləyir ki, 160 mini alıb, evi öz adına keçirəndən sonra. Evi adamdan xəbərsiz ələ keçirir, hələ üstəlik, bir ay sonra da 160 mini alır. Bu, sadəcə, söz deyil, faktdır. Qabil və Qalib Mehdiyev qardaşları evi öz adlarına keçirdikləri vaxt şikayətçi deyildilər. Çünki böyük dəyəri olan evi ələ keçirmişdilər. 351 min qarşılığında milyon yarımlıq ev…».
Məhkəmənin gedişində Ə.Ağaevli yeni tikilmiş binada olan üçotaqlı evi zərərçəkmişə verməyə razı olduğunu deyib: «Mənim ona borcum yoxdur, ancaq nüfuzuma görə verirəm».
Amma Q.Mehdiyev təklifi qəbul etməyib.
Eyni zamanda şair olan Ə.Ağevlinin prezidentliyə namizədliyini MSK qeydə almamışdı. 2015-ci ildə isə o, Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası tərəfindən 34 Saylı Xətai İkinci Seçki Dairəsindən deputatlığa namizəd olmuşdu. (azadliq.org)