“Ramil Usubovla danışıb, problemləri həll etdik” – Hacıbala Abutalıbov
Xəbər verdiyimiz kimi, paytaxtda daxil olan yük avtomobillərinin sürücüləri cərimələndikləri üçün Nazirlər Kabinetinin qarşısında etiraz ediblər. Baş nazirin müavini Hacıbala Abutalıbov aksiyaçılarla görüşərək, problemi həll edəcəyinə söz verib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hacıbala Abutalıbov sürücülərin problemini həll etdiyini bildirib:
“Sabah onlarla yenidən görüş keçirəcəm. Aksiya keçirən sürücülərin qaldırdıqları bütün məsələlər müsbət həllini tapdı. Problemlərinin aradan qaldırılmsı üçün onlar məndən üç xahiş etdilər.
I. Cərimələr ləğv edilsin;
II. Günün istənilən saatında sürücülərə paytaxtın Ziya Bünyadov prospektində hərəkətlərinə imkan yaradılsın;
III. Günün istənilən saatında Heydər Əliyev prospekti ilə Bakıxanov qəsəbəsinə, Sabunçuya, Suraxanıya getməyə icazə verilsin”:
H.Abutalıbov əlavə edib ki, sürücülərin qaldırdıqları hər üç problemlə bağlı Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovla müzakirə etdik:
“Cənab Usubov cərimələrin ləğv edilməsi ilə bağlı göstəriş verdi. Bundan başqa sürücülər dedilər ki, Ziya Bünyadov prospektinə buraxmırlar. Mən bu məsələni də həll etdim. Bundan sonra sürücülər günün istənilən saatında Böyük Şor gölü ətrafındakı yolla hərəkət edib, “Elit” ticarət mərkəzinin yanına, ordan da Ziya Bünyadov prospekti ilə gələrək, taxta bazarına girə biləcəklər.
Onlar alverlərini edəndən sonra, sadaladığım istiqamətdə də geriyə qayıda biləcəklər. Həmçinin, onların növbəti tələbləri Heydər Əliyev prospekti ilə Bakixanov qəsəbəsinə, Sabunçuya, Suraxanıya getmələrinə icazənin verilməsi idi. Ona da icazə aldım”.
H.Abutalıbov sonda qeyd edib ki, bütün bu məsələləri Ramil Usubovla müzakirə edib və birlikdə qərar qəbul ediblər.