Bütün sirlər “dumanlıalbion”da: Eldar Mahmudovun oğlu və Zamirənin London gizlinləri
Bütün sirlər və izlər Londona aparır. Cahan.info yazır ki, söhbət MTN şefi və qudasının gizli əməliyyatlarından gedir.
Xatırlayırsınızsa, bu ayın 12-də Azərbaycanın korrupsiyaya ən çox bulaşmış məmurlarından biri, mütəşəkkil cinayətkar qruplaşmanın başçısı, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov, hansı ki, həm də Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin kürəkənidir, Böyük Britaniyada MEA Capital Limited adlı maliyyə şirkəti açdığı xəbəri yayılmışdı. Məlumatı Virtualaz.org yayıb.
Anar Mahmudovun şirkəti Londonda bu ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib. Şirkətin adındakı MEA abreviaturası simvoliki məna daşıyır və korrupsiyaçı qəbilənin liderlərinin inisiallarlarını əks etdirir – Mahmudov Eldar və Anar.
Pul vəsaitləri, hansı ki, Eldar Mahmudovun əlinin altında olan paqonlu quldurlar tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılıb, əsasən bu şirkətdə cəmləşib.
Bu informasiyanın ardınca musavat.com noyabrın 22-də yazdı ki, Beynəlxalq Bankın həbsdəki sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva nın gözlənilmədən dinc həyatının bu cür dəyişməsi bir çox iddialara səbəb olub.
Həmin versiyalardan biri də Z.Hacıyevanın qudası Eldar Mahmudovla sıx əlaqələrinin olması ilə bağlıdır. Belə iddialar var ki, Eldar Mahmudov vəzifədə olduğu illərdə ən müxtəlif üsullardan istifadə etməklə topladığı kompromatların - əsasən gizli videoları, qanunsuz dinləmə yolu ilə əldə edilən səs yazılarının böyük əksəriyyətini Londonda saxlayır.
E.Mahmudov vəzifəsindən çıxarılandan sonra onun rəhbərlik etdiyi bandanın təkcə sahibkarları soyub-talamadığı, hələ də tam çevrəsi bilinməyən şəxslər barədə şantaj xarakterli videomateriallar topladığı üzə çıxmışdı.
E.Mahmudovun oğlunun şirkət açması ilə qaynanası Zamirənin haqqında yayılanlar təsadüf ola bilməz. Görünür ki, kəşfiyyat məlumatları sızdırılıb. Ehtimal var ki, qaynana-kürəkən Londonda Eldar Mahmudovun sirrlərini saxlayırlar
Hələ o dövrdə “Eldar Mahmudov həmin kompromatları harada saxlaya bilər” sualına cavab axtararkən ən çox diqqətçəkən persona sabiq nazirin qudası, hazırda axtarışda olan Z.Hacıyeva oldu. Bu da səbəbsiz deyildi.
Britaniyada “İzahedilməz Sərvət Sərəncamı” (UWO) tətbiq olunmadığı dövrlərdə Zamirə Hacıyeva faktiki olaraq Azərbaycan hakimiyyəti üçün əlçatmaz idi.
E.Mahmudovun həbs edilməməsi ilə bağlı ən ağlabatan iddialardan biri əlindəki kompromatlar göstərilirdi.
Aydındır ki, sabiq nazir əlindəki materialları, onu həbsdən qurtaran videoları ölkə daxilində deyil, xaricdə və ən etibar etdiyi şəxsdə saxlayır. Belə şəxs kimi Z.Hacıyeva ən ideal personadır.
Cahan.info yazır ki, Zamirənin saxlanması və ekstradisiya olunması üçün cəhdlər göstərilsə də, hələlik alınmayıb. Lakin Hacıyevanın həbsindən daha çox, onda olan informasiyalar, videolar və pullar daha vacibdir.
Eldar Mahmudovla Z.Hacıyevanı şəxsi tanışlıqları hələ quda olmazdan əvvələ söykənir. E.Mahmudov 2004-cü ildə nazir təyin olunandan 8 ay sonra - 2005-ci ilin martında “Qara kəmər” əməliyyatı baş tutdu.
MTN-in gerçəkləşdirdiyi əməliyyat zamanı Hacı Məmmədovun bandası ifşa edildi. Sağ-salamat azad ediləndən sonra Z. Hacıyevanın onun azad edilməsinə rəhbərlik etmiş bir şəxsə dərin minnətdarlıq hissinin olması da təbiidir.
Sonradan Mahmudovlarla Hacıyevlərin qohum olmasında bu olayın yer alması ehtimalı da böyükdür. Z.Hacıyeva ilə E.Mahmudovu yaxınlaşdıran bir qadının girovluqdan azad edilməsi və üzərindən yaranan qohumluq bağlarıdır.
Tərəflər bir-birinin inamını, etibarını, etimadını illər əvvəl qazanıb və ötən zaman ərzində qohumluq bağları bu güvəni bir qədər dərinləşdirib.
Bu səbəbdən də kompromatları ən etibarlı şəxslərindən bir olan Z.Hacıyevaya verməsi, ehtiyac yarandığı təqdirdə ictimailəşdirilməsi haqda qərar qəbul etmə səlahiyyəti verməsi də mümkündür.
Z.Hacıyeva saxlanılandan az əvvəl E.Mahmudovun oğlu Anar Mahmudov Böyük Britaniyada MEA Capital Limited adlı maliyyə şirkəti açırsa, deməli başqa mətləblər var.
Britaniya mənbələrinin xəbərinə görə, “MEA Capital Limited” şirkətinin yaradılması üçün C.Hacıyevin rəhbəri olduğu və soyub-taladığı Beynəlxalq Bankının vəsaitlərindən də istifadə olunub. Anar Mahmudovun şirkəti Londonun dəbdəbəli rayonunda, Temza sahillərindəki mülklərdən birində qeydiyyata götürülüb.