İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıda səsləndirdiyi bəyanatlar göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni mərhələyə qədəm qoyur. Əgər əvvəlki illərdə əməkdaşlığın əsas mövzusu enerji idisə, indi tərəflər nəqliyyat, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, investisiyalar, regional təhlükəsizlik və sülh kimi daha geniş istiqamətlərdə strateji əməkdaşlıq qurmağa çalışırlar.
Ursula Fon der Lyayenin bəyanatında diqqət çəkən ilk məqam Ermənistanla sülh prosesinə verdiyi yüksək qiymət oldu. Avropa İttifaqı ilk dəfə bu qədər açıq şəkildə Azərbaycanın regionda sabitliyin formalaşmasında oynadığı rolu vurğuladı. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və bölgədə əsas siyasi aktora çevrilməsinin göstəricisidir.
Ən mühüm qərarlardan biri Avropa İttifaqının Cənubi Qafqaz üçün 200 milyon avroluq qrant proqramını elan etməsi oldu. Bu vəsait gələcəkdə dövlət və özəl investisiyalar hesabına 2 milyard avroya qədər maliyyənin cəlb olunmasına imkan yarada bilər. Söhbət sadəcə maliyyədən getmir. Bu investisiyalar Bakı limanının inkişafı, Naxçıvan istiqamətində dəmir yolu əlaqələrinin genişləndirilməsi, logistika imkanlarının artırılması və rəqəmsal infrastrukturun qurulmasına xidmət edəcək.
Bu isə Azərbaycanın tranzit ölkədən beynəlxalq logistika mərkəzinə çevrilməsi prosesini daha da sürətləndirə bilər.
Son illərdə dünyada baş verən geosiyasi hadisələr Avropaya göstərdi ki, enerji təhlükəsizliyi yalnız bir mənbədən asılı ola bilməz. Məhz bu səbəbdən Azərbaycan Avropa üçün etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirib. Ursula Fon der Lyayen də çıxışında açıq şəkildə etiraf etdi ki, Rusiya qazı siyasi alətə çevirdiyi dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verib.
Lakin artıq əməkdaşlıq yalnız təbii qazla məhdudlaşmır. Yeni mərhələdə əsas diqqət yaşıl enerjiyə yönəlir. Xəzər dənizində külək elektrik stansiyalarının qurulması, yaşıl enerji dəhlizinin yaradılması və Azərbaycanın təmiz enerji ixracatçısına çevrilməsi Avropa İttifaqının da maraqlarına tam uyğundur.
Bu layihələr gələcək illərdə ölkəyə yeni investisiyalar, yeni texnologiyalar və minlərlə yeni iş yeri gətirə bilər.
Bəyanatda xüsusi diqqət çəkən məqamlardan biri də "Bağlantı Tərəfdaşlığı" təşəbbüsünün irəli sürülməsi oldu. Sadə dillə desək, Avropa Azərbaycanı Avropa ilə Mərkəzi Asiya arasında əsas körpü kimi görür.
Bu, Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Avropanı birləşdirən bu marşrut gələcək dünya ticarətinin əsas istiqamətlərindən biri hesab olunur. Azərbaycan isə bu xəttin mərkəzində yerləşir.
Digər mühüm istiqamət isə insan amilidir. Avropa İttifaqı 20 milyon avroluq xüsusi proqram çərçivəsində minatəmizləmə, səhiyyə, kənd təsərrüfatı, su təchizatı və kiçik sahibkarlığın inkişafına dəstək verəcəyini açıqladı. Bu isə göstərir ki, əməkdaşlıq artıq yalnız siyasi və iqtisadi deyil, sosial sahələri də əhatə edir.
Ən vacib məqamlardan biri də Azərbaycan ilə Avropa İttifaqı arasında yeni hərtərəfli saziş üzrə danışıqların yenidən başlanmasının gündəmə gəlməsidir. Bu sənəd imzalanarsa, tərəflər arasında ticarət dövriyyəsinin artması, investisiyaların genişlənməsi və iqtisadi əməkdaşlığın hüquqi bazasının güclənməsi üçün yeni imkanlar yaranacaq.
Bütün bunlar onu göstərir ki, Bakı ilə Brüssel münasibətlərində yeni səhifə açılır. Avropa İttifaqı artıq Azərbaycanı yalnız enerji təchizatçısı kimi deyil, həm də regionun siyasi sabitliyini təmin edən, nəqliyyat dəhlizlərini birləşdirən, yaşıl enerji istehsal edən və Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayan dövlət kimi qiymətləndirir.
Mövcud geosiyasi şəraitdə bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirə, iqtisadi inkişafına əlavə təkan verə və ölkənin regional lider statusunu möhkəmləndirə bilər. Görünən odur ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq təkcə bugünün deyil, yaxın onilliklərin də əsas strateji əməkdaşlıqlarından birinə çevrilmək üzrədir.
Elnurə Abuşova,
AUSD İB - Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri