Azərbaycan – Kamboca əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur

Xanlar Fətiyev,
Milli Məclisin deputatı
Azərbaycan – Kamboca əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur
Azərbaycanın müstəqil, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu əməkdaşlıq coğrafiyasını genişləndirir. Rəsmi Bakının öz məsuliyyətli tərəfdaş imici dünya dövlətlərinin Azərbaycanla münasibətləri dərinləşdirməyə olan marağını daha da stimullaşdırır. Respublikamızla Kamboca Krallığı arasında formalaşan etibarlı dialoq və qarşılıqlı etimad mühitinin keyfiyyətcə yeni və daha əhatəli bir səviyyəyə yüksəlməsi də bunu təsdiq edir.
Azərbaycan Respublikası və Kamboca Krallığı arasında diplomatik münasibətlər 1994-cü ilin dekabrında qurulub. 2014-cü ilin aprel ayında Kambocanın sabiq Baş naziri Hun Senin ölkəmizə səfəri iki dövlətin əlaqələrinin inkişafına xidmət edən mühüm siyasi hadisə kimi yadda qalıb. Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə etdiyi rəsmi səfər göstərdi ki, hər iki dövlət əlaqələrin inkişafının daha da sürətləndirilməsində və müxtəlif sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlıdır. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Kamboca Baş naziri arasında keçirilən təkbətək və geniş tərkibli görüşlər, həmçinin imzalanan sənədlər iki dövlətin əlaqələrinin gələcək inkişaf xəritəsini müəyyənləşdirdi.
Qlobal təşkilatlarda qarşılıqlı dəstək və həmrəylik ikitərəfli siyasi münasibətlərin əsas sütunlarından birini təşkil edir. İki ölkə BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda suverenliyə hörmət, beynəlxalq hüquq və ədalət meyarları əsasında vahid mövqedən çıxış edirlər. Dövlətlərarası siyasi dialoqun yüksək səviyyəsini dəyərləndirən Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri ilə mətbuata bəyanatla çıxışında iki ölkənin yaxşı dost və tərəfdaş olduğunu qeyd edib:
“Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik”.
Bu yanaşma sübut edir ki, Azərbaycan-Kamboca tərəfdaşlığı təkcə çoxtərəfli diplomatiya ilə tənzimlənmir, həm də ikitərəfli müstəvidə daha praktiki və dinamik məzmun kəsb edir.
Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi ilə yanaşı, Kambocanın Azərbaycanın Asiya Parlament Assambleyasına müşahidəçi statusunda qatılmaq təşəbbüsünə verdiyi fəal dəstək, eyni zamanda ölkəmizin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə göstərdiyi köməklik xüsusilə diqqətəlayiqdir. Bu çoxtərəfli həmrəylik beynəlxalq hüquq normalarına, suverenliyə və müstəqil xarici siyasət prinsiplərinə sadiqliyin növbəti təzahürüdür.
İqtisadi əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin real potensiala çatdırılması tərəflərin prioritet hədəflərindəndir. Düzdür, hələlik iki dövlət arasında ticarət dövriyyəsinin səviyyəsi aşağıdır. Lakin səfər çərçivəsində keçirilən Azərbaycan-Kamboca biznes-forumu və qarşılıqlı investisiya mühitinin stimullaşdırılması üçün birgə işçi qrupunun yaradılması ticarət dövriyyəsinin artırılmasına xidmət edən yeni əməkdaşlıq mexanizmlərinin qurulmasını sürətləndirəcək. Mətbuata bəyanatla çıxışında Avrasiya nəqliyyat və logistika şəbəkəsinin mərkəzində dayanan Azərbaycanın strateji mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib:
“Asiya və Avropa arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır”.
Dövlətimizin başçısının vurğuladığı kimi, ölkəmizin regionlararası dəhlizlərdəki tranzit roluna əsaslanaraq sənaye, birgə istehsalat, enerji təhlükəsizliyi, turizm və nəqliyyat sahələrində yeni əməkdaşlıq mexanizmləri formalaşır. Eyni zamanda, Azərbaycanın innovativ brendi olan “ASAN xidmət” modelinə Kamboca tərəfindən göstərilən böyük maraq dövlət idarəçiliyi sahəsindəki qabaqcıl təcrübəmizin beynəlxalq miqyasda öyrənilməsi və tətbiqi baxımından yeni imkanlar açır.
Müdafiə və regional təhlükəsizlik istiqamətində də tərəflər arasında fəal məsləhətləşmələr davam edir. Hər iki ölkənin keçmiş münaqişələrdən irsən qalan mina problemi ilə üzləşməsi minatəmizləmə sahəsində təcrübə mübadiləsini və beynəlxalq müstəvidə birgə təşəbbüslərin irəli sürülməsini son dərəcə aktuallaşdırır. Kambocanın bu sahədəki uzun illik təcrübəsi ilə Azərbaycanın azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı minatəmizləmə fəaliyyətinin sintezi hər iki dövlət üçün faydalıdır.
Münasibətlərin humanitar və təhsil ölçüsü də zəngin tarixi köklərə söykənir. Bu baxımdan sovet dövründə Azərbaycanda kambocalı gənclərin ali təhsil alması ənənəsinin bərpası və kadr hazırlığının aktivləşdirilməsi də ikitərəfli gündəliyin müzakirə mövzularından biridir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu, xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.
Azərbaycan və Kamboca beynəlxalq hüququn aliliyini, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dayanıqlı sülhün və tərəqqinin dəyişməz şərti kimi qəbul edirlər. Bənzər tarixi sınaqlardan keçmiş hər iki xalqın ədalətə verdiyi yüksək dəyər onları bir-birinə daha da yaxınlaşdırır.
Kamboca Baş nazirinin ölkəmizə rəsmi səfəri, imzalanan ikitərəfli sənədlər paketi və nümayiş etdirilən möhkəm siyasi iradə Azərbaycan-Kamboca münasibətlərində yeni bir səhifə açmaqla yanaşı, ikitərəfli və çoxtərəfli müstəvidə tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyini əminliklə söyləməyə əsas verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.