AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərq qadını obrazı məhv olmasın - Namidə Bingölün yazısı

  • + A
  • - A
  • Bu gün, 08:58

    Şərq qadını obrazı məhv olmasın - Namidə Bingölün yazısı


    Namidə Bingöl Real Tv-nin aparıcısı


    Nə yaxşı ki, bəxtimizə Şərq qadını olmaq düşüb. Nə yaxşı ki. Bunun adı həm də xoşbəxtlikdir. Şərq qadını olmaq bizim üçün adi bir coğrafiya mənasını ifadə etmir. Məmləkəti Qafqaz olan Azərbaycan qadınlarının ümumi obrazı Şərq qadınıdır. Şərq qadını olmaq ucalıqdır, mübarizədir, nümunədir. Deməli, həm də obrazdır. O, gücün, cəsarətin və bütövlüyün obrazıdır. Bəs bu gün həmin obrazı qoruya bilirikmi? Düşünürəm ki, əsas sual da budur.

    Azərbaycan qadınından danışarkən, əslində, Şərq qadınının dünyaya təqdim etdiyi ən gözəl nümunələri qeyd etməliyik. Çünki Azərbaycan qadını əsrlər boyu öz zəkası, iradəsi, dünyagörüşü, savadı və cəsarəti ilə Şərqin qadın obrazına yeni məna qazandırıb.

    Tariximizə nəzər salanda bunun çoxsaylı nümunələrini görürük. Azərbaycan qadını bir çox sahələrdə öz dövrünün sərhədlərini aşaraq Şərq dünyasına yeni yollar açıb.

    Şərqdə ilk opera yazan Şəfiqə Axundova Azərbaycan qadınının sənət dünyasındakı cəsarətinin rəmzidir. Şərqdə ilk peşəkar qadın təyyarəçilərindən biri olan Leyla Məmmədbəyova isə qadının iradəsi qarşısında səmanın belə sərhəd olmadığını göstərib. 1918-ci ildə Şərqdə ilk dəfə seçki hüququnu da Azərbaycan qadını qazanıb.

    Sovetin buxovuna etiraz edən Azərbaycan qadınları

    Azərbaycan qadınını tarix boyu cəsarətli, güclü, bütöv görmüşük.

    1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan qadınları meydanlarda idi. Onlar azadlıq və haqq uğrunda mübarizə aparan oğullarının, ərlərinin, atalarının yanında dayanaraq xalqın iradəsinə səs verirdilər. O ağır günlərdə qadının ağrısı da, etirazı da, cəsarəti də milli mübarizənin ayrılmaz hissəsinə çevrilmişdi.

    Bu gün sahib olduğumuz müstəqillik tarixində həmin anaların, bacıların, qızların da payı var. Çünki azadlığı yalnız silahla qazanmaq olmur. Azadlığın arxasında həm də cəsarət və əzmkarlıq dayanır.

    Beləliklə, tarix sübut edir ki, Şərqdə ilk opera yazan qadın Şəfiqə Axundovadan tutmuş, Azərbaycan tibb tarixində ilk qadın akademik-oftalmoloq olmuş Zərifə Əliyevaya qədər, Şərqdə ilk təyyarə sürən qadın Leyla Məmmədbəyovadan tutmuş, təyyarə qəzasında “Hər şey yaxşı olacaq” deyib şəhid olan Hökumə Əliyevaya qədər, 1918-ci ildə Şərqdə ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadınından tutmuş, 2020-ci ildə tarixi Zəfərimizin qəhrəman oğullarını dünyaya gətirən analarımıza qədər hər bir azərbaycanlı qadın güc, cəsarət, bütövlük və fədakarlıq nümunəsidir. Heç şübhəsiz ki, bu siyahını bir-birindən maraqlı nümunələrlə uzatmaq olar.

    Coğrafi məkan olaraq Yaxın Şərqdə əzilən Şərq qadınları

    Amma Şərq qadınından danışarkən yalnız qürur duyduğumuz səhifələrlə kifayətlənə bilmirik. Təəssüf ki, bu gün Şərqin bir sıra ölkələrində qadınların hüquqları hələ də pozulur. İraqda, Suriyada, Əfqanıstanda uzun illər davam edən münaqişələr, siyasi qeyri-sabitlik və radikal ideologiyalar qadınların həyatını ağır sınaqlarla üz-üzə qoyub.

    Qadınlar zorakılığa məruz qalır, təhqir olunur, təhsildən və azad seçim imkanlarından məhrum edilirlər. Onların həyatına dair qərarları özləri deyil, başqaları verir.

    Mən Şərqi sevmişəm. Onun qədim şəhərlərini, tarixini, mədəniyyətini, insanlarını sevmişəm. Təxminən on yaşım olanda Qəzənfər Paşayevin “Altı il Dəclə və Fərat çayı sahilində” kitabını oxumuşdum. O kitab 10 yaşlı qızın Şərq insanına, tarixinə və taleyinə marağını artıran bir vasitə idi.

    İllər keçdi. 10 yaşlı qızın Şərq xəyalları darmadağın oldu. Münaqişələr, aramsız müharibələr, məhv edilən insan taleləri və əzilən, təhqir edilən Şərq qadınları… Uşaq xəyalının məhv edilməsi o qədər ağırdır.

    Suriyada itkin düşən azərbaycanlı xanım

    Bir haşiyə çıxım. Universitetdə bir qrup yoldaşımız vardı. Çox savadlı, əxlaqlı, mədəni bir xanım idi. Onu tanıyan hər kəs haqqında xoş sözlər deyə bilərdi. Amma üçüncü kursdan etibarən bizdən uzaqlaşmağa başladı. Əvvəlcə bunun səbəbini bilmirdik. Sonradan öyrəndik ki, o, hansısa bir qrupa qoşulub və Suriyaya gedib.

    O gündən sonra onun taleyi ilə bağlı suallarımız başladı. Niyə axı getdi? Nə baş verdi? Hansı şəraitə düşdü? Özü bu yolu seçdi, yoxsa hansısa kənar təsirlərin və ya təzyiqlərin nəticəsində belə bir qərar verdi? Bir-birini əvəz edən cavabsız suallar…

    Təəssüf ki, bu günə qədər onun taleyi barədə dəqiq məlumat əldə edə bilməmişik.

    Qrup yoldaşlarımızla hər dəfə görüşəndə onu xatırlayırıq. Adı çəkiləndə söhbətimizin tonu dəyişir. Çünki o, bizim üçün sadəcə qrup yoldaşı deyil. O, cavabsız sualdır. Yarımçıq qalmış bir hekayədir. Bir vaxtlar eyni auditoriyada oturduğumuz, gələcək haqqında arzular quran bir insanın naməlum taleyidir.

    Qeyri-ixtiyari olaraq Suriyadan Azərbaycana repatriasiya edilən qadınlar və uşaqlar haqqında xəbərləri oxuyanda istər-istəməz düşünürəm: Görəsən, onların arasında bizim qrup yoldaşımız Günel də varmı? Görəsən, o da bir gün geri qayıda biləcəkmi? Onun taleyindən xəbər tuta biləcəyikmi?

    Bu sualların heç birinə cavabım yoxdur. Amma hər dəfə həmin xəbərləri oxuyanda içimdə eyni ümid yaranır: Kaş ki, o da sağ-salamat geri dönənlər arasında ola. Kaş ki, illərdir xəbər ala bilmədiyimiz qadının taleyi aydınlaşa…

    Mən bu hekayəni kimisə mühakimə etmək üçün danışmıram. Bunları qeyd etməkdə məqsədim bilərəkdən məhv edilən Şərq qadını obrazını qorumaqdır.

    Şərq qadınının obrazı məhz bu nöqtədə bizim üçün xüsusi məna qazanır. O obraz nə kor-koranə itaət, nə də başqalarının müəyyən etdiyi qəliblərə sığmaqdır.

    Əminəm ki, mənim kimi hər bir Şərq qadınının arzu və istəyi eynidir. Biz Şərq qadınını parçalanmış, əzilmiş, qorxudulmuş və öz kimliyindən uzaq düşmüş görmək istəmirik.

    Bir sözlə, Şərq qadını obrazı parçalanmasın, dağılmasın, əzilməsin. O, gücün, cəsarətin və bütövlüyün rəmzi olaraq yaşasın.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR