YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov sabiq Səhiyyə naziri Əli İnsanov haqqında məqalə yazıb.
Ə. Əhmədov məqaləsində bildirib ki, özünü cəmiyyətə yeni obrazda təqdim etməyə çalışan korrupsiyaya və xəyanətə görə suçlu bilinərək həbs olunan keçmiş səhiyyə naziri Əli İnsanov radikal müxalifətin ənənələrinə uyğun olaraq yalan və böhtan yolunu seçib: “Əli İnsanov Azərbaycanda tibbi sığortanın tətbiq olunmamasında kimlərisə günahlandırmaq istəyir. İlk növbədə onu qeyd edim ki, pilot şəklində tibbi sığorta iki ildən çoxdur ki, sınaqdan keçirilir, 2020-ci ildən isə bütün ölkə boyu tətbiq olunacaq. Ancaq demək istədiyim başqa həqiqət də var. 1999-cu ilin dekabrında “Tibbi xidmət haqqında” qanun qəbul olundu. Qanunun bir fəsli icbari tibbi sığortaya həsr olunub və 2000-ci ildən etibarən bu sahədə əməli işlər həyata keçirilməli idi. Lakin, 2000-ci ilin əvvəllərində səhiyyə naziri Əli İnsanov dövlət başçısına müraciət edərək tibbi sığortaya keçid üçün şəraitin olmaması bəhanəsi ilə onun 2005-ci ilə qədər təxirə salınmasını xahiş etmişdir. Müvafiq müraciət və sənədlər Nazirlər Kabinetində saxlanılır”.
Əli İnsanovun ikinci yalanı onun zamanında guya səhiyyədə intensiv islahatların keçirilməsi ilə əlaqədardır. Prezident Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatda, kənd təsərrüfatında, xidmət sahələrində əsaslı dəyişikliklərin həyata keçiriliməsi tarixi faktdır. Lakin o da həqiqətdir ki, islahatlar strategiyasından kənarda qalan az sahələrdən biri səhiyyə idi. Yuxarıda tibbi sığorta ilə əlaqədar dediyim fakt da bunu sübut edir. Səhiyyədə islahat təşəbbüsünün boğulmasının əsas günahları da məhz səhiyyə naziri Əli İnsanov idi.
Əli İnsanovun üçüncü yalanı Yeni Azərbaycan Partiyasının idarə heyətindəki çıxışı ilə əlaqədardır. İddia etdiyinin tam əksi olaraq həmin iclasda Əli İnsanov kimi və ya nəyisə tənqid etmək barədə deyil, partiya rəhbəri tərəfindən ona diqqətin az olmasından gileylənmək istədi. Lakin, sədrin arqumentli cavabı ilə razılaşmalı oldu. Məsləhət görərdim Əli İnsanov idarə heyətinin iclasından bir gün sonra partiyanın icra katibliyinə gəlib, məndən partiya sədrinə çatdırmaq üçün nəyi xahiş etdiyini xatırlasın.
Ya məlumatlığının azlığı üzündən, ya da başqa səbəbdən o, iddia edir ki, Azərbaycana xarici tərəfdaşları etibar etmir. Böhtandır. ABŞ-dan tutmuş bütün Avropa dövlətlərinə qədər əməkdaşlıq etdiyimiz dövlətlərin rəhbərləri dəfələrlə ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini etiraf etmişlər. Azərbaycan bir çox sahələrdə qlobal və regional əhəmiyyət daşıyan layihələrdə ayrı-ayrı dövlətlərlə sıx əməkdaşlıq edir.
Keçmiş Səhiyyə naziri iddia edir ki, Azərbaycanda islahatlar həyata keçirilmir. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan bütün dünyada ən çox və səmərəli islahat keçirən ölkə kimi tanınır. Dünyanın ən mötəbər beynəlxalq qurumları bu faktı öz hesabatlarına daxil edib. İqtisadiyyatda başlayan islahatlar indi digər sahələri də əhatə edib. Ən başlıcası isə islahatlar faydasını verməyə başlayıb. Bu yaxınlarda maaşların, pensiyaların, müavinət və güzəştlərin əhəmiyyətli dərəcədə artırılması həmin islahatların birbaşa nəticəsidir.
Qəzəb, kin, nankorluq Əli İnsanovun gözünü elə tutub ki, olanları nə görə, nə də qiymətləndirə bilir. Hələ ölkədəki əminamanlığı, təhlükəsizliyi demirəm. Əli İnsanov, indi azadlıqdasan, imkanın var ki, ətrafimizda olan dövlətlərin vəziyyətinə, dağılan ölkələrə, puç olan talelərə, milyonlarla insan faciəsinə baxıb müqayisə aparasan. Azacıq ədalət hissin, düz danışmağı bacarmaq cürətin olsa, etiraf etməyə bilməzsən ki, Azərbaycan əminamanlıq, sabitlik adasıdır. Səncə bunlar kimin sayəsində əldə olunub? Əlbəttə İlham Əliyevin sayəsində, onun təmkini, qətiyyəti, uzaqgörənliyi, düzgün idarəçiliyi sayəsində. Xalq bunu bilir və qiymətləndirir. Sən isə, Əli İnsanov, İlham Əliyev barədə danışmaq haqqını çoxdan itirmisən.
Və nəhayət, Yeni Azərbaycan Partiyasının fəallarına, Prezidentin ətrafında olan adamların sədaqətinə və dəyanətinə şübhə ilə yanaşan Əli İnsanova xatırlatmaq istəyirəm ki, 2005-ci ildə, sədaqətinə dönük çıxıb xəyanət edən sən özün oldun. İndi o günlərdə, ondan sonra da dəfələrlə sınaqdan çıxanları ləkələmək cəhdi əbəsdir. Ataların məşhur bir sözünü dəyişdirsək belə alınacaq: xəyanətkar elə bilir ki, hamı xəyanətkardır”.