AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Düşmən altına “gec partlayan” seçki bombası - düşmən ölkə tarana doğru...

  • + A
  • - A
  • 3-04-2017, 13:12

    Düşmən altına “gec partlayan” seçki bombası - düşmən ölkə tarana doğru...















    Ermənistanda 2 aprel kritik parlament seçkiləri baş tutdu. Ölkənin siyasi idarəçilik sisteminin yeni - parlamentli idarəçiliyə keçidinin əsasını qoyacaq bu seçkilərin cəmiyyətə və hakimiyyətə konkret nə vəd etdiyi isə hələlik bəlli deyil. Proses təzə başlayıb və yəqin ki, önümüzdəki günlərdə və ya həftələrdə işğalçı ölkədə daxili ictimai-siyasi vəziyyətin hansı məcrada inkişaf edəcəyinin konturları aydınlaşacaq.

    Hələlik yalnız bunu əminliklə söyləmək mümkündür ki, seçki kampaniyası dönəmində prezident Serj Sərkiysanın hakim partiyası öz öhdəsindəki inzibati resurslardan gen-bol yararlana bilib və formal seçki yarışını bütünlüklə öz nəzarətində saxlayıb. Paralel surətdə, yəni seçkilərə nəzarəti saxlamaq üçün siyasi həbslər həyata keçirib, opponentlərə qarşı başqa qanunsuz və repressiv üsullardan yararlanıb.

    Bu da böyük ehtimalla, nəticəsiz ötüşməyəcək və seçkisonrası siyasi kataklizmlərdə özünü göstərəcək. Ən maraqlısı da belə kataklizmlərə kriminal Sərkiysyan rejiminin necə reaksiya verəcəyidir. İstisna deyil ki, hakimiyyətin ömrünü uzatmaq üçün Sərkisyan 2008-ci ildəki kimi, bu dəfə də lazım gələrsə, güc faktorundan istifadə etməkdən və qan tökməkdən çəkinməyəcək. Bəzi iddialara görə, bundan ötrü o, hətta İrəvana işğal altındakı Dağlıq Qarabağdan özünə ən sadiq hərbi qüvvələr də gətirib. Hərçənd, siyasətdə “bir suya iki dəfə girməyin”qəliz olduğu də bəlli həqiqətlərdəndir.

    Bir sözlə, Ermənistan seçkilərdən sonra hər an qarışa bilər. Dünən - səsvermə günü düşmən ölkədən gələn xəbərlər, seçki pozuntuları və seçki qarşıdurmaları, habelə vətəndaşların saxtakarlıq əleyhinə etirazlara başlaya biləcəyindən ehtiyatlanan hakimiyyətin xalqa “polis mesajı” verməsi bu ehtimalı gücləndirir ki, zəiflətmir. Belə ki, ölkənin polis rəisi Vladimir Qasparyan səs verəndən sonra jurnalistlərin qarşısında etirazçı qüvvələrə xəbərdarlıq edib. Deyib ki, hazırda sülhə və sakitliyə daha çox ehtiyac var.

    *****

    Beləliklə, Ermənistan 2 apreldən sonra kifayət qədər həssas və gərgin bir mərhələyə daxil olub. Bu mərhələnin işğalçı ölkəyə nə(lər) vəd elədiyi barədə siyasi və hərbi ekspertlərin maraqlı şərhləri var.

    Rusiyalı politoloq Nikita İsayev bu xüsusda hesab edir ki, hakim rejimin seçki kampaniyası dövründə istifadə elədiyi manipulyativ texnologiyalar səsvermənin nəticələrinin legitimliyini bəri başdan şübhə altına alıb.

    “Belə texnologiyalar, o sırada maliyyə manipulyasiyaları olduqca çoxlu sayda olub və bunlar şübhəsiz ki, yeni parlamentin formalaşmasına kölgə salır - hansı parlament ki, respublikada prezidentli idarəçilikdən parlamentli idarəçiliyə keçid zamanı siyasi hakimiyyətin dəyişdirilmiş konstruskisyası siklində birinci olacaq”, - deyə politoloq söyləyib.

    Musavat.com-un məlumatına görə, bu barədə “Vestnik Kavkaza” nəşrinə danışan ekspert daha sonra deyib: “Mən Serj Sərkisyanın Respublika Partiyasının yeni siyasi konfiqurasiyada qalması üçün böyük istəyini görürəm - baxmayaraq ki, ölkədə olduqca böyük gərginlik var və əhalinin hakimiyyətə etimadı aşağı səviyyədədir, hansı etimad səviyyəsi ki, ötən yay insanların müxtəlif bəhanələrlə küçələrə çıxmasında və İrəvanda polis alayı binasının ələ keçirilməsində özünü bir daha göstərib. Hesab edirəm ki, belə bir seçki kampaniyası hakim partiyanın legitimliyinə heç nə əlavə eləməyib və Ermənistanda istənilən siyasi konfiqurasiyada - istər prezidentli üsul-idarə olsun, istərsə də parlamentli - siyasi qüvvələr balansının altına ”gec partlayan" bomba qoyub".

    Politoloq seçki kampaniyası dövründə Dağlıq Qarabağ mövzusundan istifadə olunmasına da toxunub.

    “Məqsədə çatmaq üçün ənənəvi olaraq bu məsələdən də istifadə edildi. Sərkisyanın az öncə ”İsgəndər"lə bağlı hədələri - hansı ki, eskalasiya cəhdlərindən biri idi - erməni vətəndaşlardan özünə əlavə siyasi xallar almağa yönəlmişdi. Hər halda, Qarabağ amili Ermənistandakı siyasi proseslərdə prinsipial rol oynamaqda davam edir", - deyə sonda rusiyalı politoloq əlavə edib.

    *****

    Digər rusiyalı politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov da Ermənistanda 2 aprel parlament seçkilərinin ölkə daxili siyasi vəziyyəti sabitləşməkdən daha çox, gərginləşməyə xidmət edəcəyini proqnoz edir: “Sərkisyan son vaxtlar ciddi siyasi səhvlərə yol verir. O, hakimiyyətini itirəcəyindən qorxduğundan, ölkəsindəki seçkilər ərəfəsində hakim rejiminə dəstək axtarışına çıxıb. Onun Avropa İttifaqı ilə razılaşması, NATO ilə dostluq etmək cəhdləri - bütün bu addımları əsas müttəfiq olan Rusiyanın bostanına daş atmaq deməkdir”, - deyə hərbi ekspert qeyd edib.

    Hərbi analitik yaxın gələcəkdə Sərkisyanın hər şeydən məhrum ola biləcəyini, belə olan halda Ermənistanla Azərbaycan arasında yaşanan Qarabağ münaqişəsinin real həllinə inam yaranacağını güman edir: “Yeni siyasətçilər gələcək və onlar yəqin ki, dəyişən dünya həqiqətlərinə daha real yanaşacaqlar”.

    *****

    Lakin hələ ki Sərkisyan rejiminin əsas dayağı Rusiya olaraq qalır. Siyasi müşahidəçilərə görə, Ermənistan prezidentinin ötən ay Moskvaya etdiyi səfərdə əsas məqsəd məhz Kremlin seçkilərlə bağlı “dobro”sunu almaq olub və bu “dobro” əslində alınıb. Bununla belə, müxalifətin seçkisonrası kütləvi etiraz aksiyaları davamlı olarsa, bu, hakimiyyətin və seçkilərin legitimliyinə ciddi zərbə vura, eyni zamanda Rusiya üçün başağrısı yarada bilər. O halda həmçinin Sərkisyanın Qərb institutları ilə planlaşdırdığı siyasi bazarlığın əngəllənməsi istisna deyil.

    Məsələ ondadır ki, Qərbin bir sıra maliyyə qurumları Ermənistana yardım üçün parlament seçkilərinin demokratik normalara minimum uyğunluğunu şərt kimi qoyublar. Rəsmi İrəvanın Avropa Birliyi ilə imzalamağa hazırlaşdığı, Rusiyanı qıcıqlandıran yeni sənəd də bu amillə bilavasitə əlaqələndirilir. O üzdən Avropa Birliyinin müşahidə missiyasının seçkinin nəticələrinə hansı qiyməti verəcəyi çox maraqlıdır.

    Nəhayət, işğalçı ölkədəki seçkisonrası durumun necə inkişaf tapacağı Azərbaycan üçün, Qarabağ məsələsi ətrafındakı situasiya üçün, müharibə, yoxsa sülh perspektivi üçün də az önəm kəsb eləmir. Deməli, Azərbaycan da yaranacaq siyasi və başqa fürsətlərdən operativ şəkildə yararlanmağa hazır olmalıdır. \\musavat.com\\


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR