İslam Oyunları ərəfəsində “Sovetski”ni hansı qüvvələr qarışdırır? - Pərdəarxası
Azərbaycanda İslam Həmrəyliyi İlində hansısa qüvvələr ölkədə qarşıqlıq salmağa çalışır
Mayın 12-də Bakıda keçiriləcək İslam Oyunlarına hazırlıq ərəfəsində “Sovetski”dəki söküntü ilə bağlı ajiota yaradan və bu prosesə dindar zümrəni cəlb edən dairələr var.
Ulus.Az-ın məlumatına görə, dini kəsimi dövlətlə qarşıdurmaya sövq etmək istəyənlər var. Bunu prezidentin köməkçisi Əli Həsənov da açıqlamasında bildirdi ki, həmin aksiyada bəzi inanclıların da iştirakı ürəkaçan səhnə deyildi.
“Sovetski” adlandırılan ərazinin abadlaşdırılmasına etiraz etmək dini təəssübkeşliyin heç də ən yaxşı nümunəsi deyil.
Əli Həsənov qeyd edib ki, Bakı müasirləşməlidir, “Sovetski” tipli gecəqondu massivləri şəhərin mərkəzində yığışdırılmalıdır – bu, günün tələbidir.
Ancaq görünən budur ki, hansısa gizli əllər dindarları dövlətin üstünə qaldırmağa, ölkədə dini qarşıdurma yaratmağa cəhd edir.
Burada məqsəd İslam Oyunları ərəfəsində Bakıda dindarların fəallaşmasını göstərmək və beynəlxalq diqqəti cəlb etməkdir. Bununla da dini qarşıdurma mənzərəsi yaradıb ölkədə sabitliyin olmadığını nümayiş etdirmək, turist axınını önləmək və s. niyyətlər dayanır.
Ə.Həsənov bildirib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub.
Dövlət başçısı sözügedən məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.
Əlbəttə ki, müvafiq komissiya yaranmış vəziyyəti təhlil edərək, məscidin həmin ərazidə saxlanmasını və ya yeni məscid tikintisi üçün yer ayrılmasını məqsədə müvafiq biləcək, gəldiyi qərar barədə dövlət başçısına məruzə edəcək”.
Ulus.Az-ın məlumatına görə, prezidentin köməkçisi komissiyanın qərarından asılı olmayaraq, yaranmış vəziyyətlə bağlı öz vətəndaş mövqeyini də açıqlayıb:
“Dünən “Sovetski” adlanan ərazidəki son yöndəmsiz və qəzalı vəziyyətdə olan binanın söküntüsünə müqavimət göstərən və bu müqaviməti az qala “evindəki halalını qorumaq qədər” özünün müqəddəs dini fərzi kimi qələmə verən bəzi “ təəssübkeşləri”n aksiyasına münasibət bildirməyi öz vətəndaşlıq borcum hesab edirəm. Məndə xüsusi təəssüf doğuran hal budur ki, müəyyən insanları təlimatlandıraraq oraya göndərən, Azərbaycanda dini kəsimi dövlətlə qarşıdurmaya sövq etmək istəyənlərin təşkil etdiyi aksiyada ətrafdan toplaşan bəzi inanclı insanlar da iştirak edirdi. Bu, heç də ürəkaçan səhnə deyildi”.
Azərbaycan dövləti əyri, köndələn yolları, havasız, üfunətli məhəllələri, paytaxtda ucqar əyalətçi məişəti, XX əsrin əvvəllərinin nizamsız urbanizasiyasından miras qalmış “gecəqondu memarlığı”nı öz vətəndaşlarına rəva görmür.
Bunların əvəzində təmiz şəhər, rahat yollar, ekologiyanın yaxşılaşmasına töhfə verən yaşıl parklar, geniş mənzillər, dünyanın ən yeni memarlıq incilərini, böyük təhsil və ibadət komplekslərini təklif edir” deyə prezidentin köməkçisi vurğulayıb.