Azərbaycan nümayəndəsi Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktları açıqladı
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi mayın 27-də silahlı münaqişələr zamanı mülki əhalinin qorunması üzrə Təşkilatın Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə keçirilmiş açıq müzakirələrində çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, çıxışda müzakirə olunan məsələnin BMT Təhlükəsizlik Şurası, beynəlxalq ictimaiyyət və xüsusilə də, ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunur. Dünyada mülki əhalinin yeni və yaxud uzun müddətdir davam edən, aktiv və ya atəşkəs ilə dayandırılmış silahlı münaqişələrdən əziyyət çəkdiyi, on minlərlə mülki vətəndaşın öldürüldüyü və ya zərər çəkdiyi, milyonlarla insanın isə öz doğma yurdlarından didərgin düşdüyü beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Çıxışda Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə, xüsusilə də azərbaycanlı mülki əhaliyə və infrastruktura dəymiş zərər və işğalçı ölkənin davam edən qeyri-qanuni fəaliyyəti barədə ətraflı məlumat verilib. Burada 1980-ci ilin sonunda 250 min azərbaycanlının Ermənistandan bir çox halda ölüm ilə nəticələnən məcburi deportasiyası qeyd olunub. Həmçinin, 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Ermənistan tərəfindən Azərbaycana qarşı müharibənin başlanıldığı və bunun nəticəsində on minlərlə insanın həyatını itirdiyi, o cümlədən mülki infrastruktura, digər mülkiyyətə və yaşayış yerlərinə zərər verildiyi qeyd olunub.
Həmçinin, çıxışda Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirildiyi və bunun nəticəsində bir milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin salındığı vurğulanaraq, işğalçı ölkənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi bəyan edilib.
Bununla yanaşı, Ermənistan tərəfindən sözügedən ərazilərdə hərbi quruculuq işlərinin aparılması, ərazilərin demoqrafik, mədəni və fiziki xüsusiyyətinin dəyişdirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdüldüyü qeyd olunub. Bu fəaliyyətin regionda sülh, təhlükəsizlik və sabitliyə təhdid yaratdığı, ö cümlədən bununla yüz minlərlə insanın azadlıq və hüquqlarının pozulduğu ifadə edilib.
Daimi Nümayəndəliyimiz bu yaxında dərc edilmiş “Azərbaycan ərazilərində müharibə cinayətləri və Ermənistanın məsuliyyəti” adlı hərtərəfli hesabata istinad edərək, bu sənədin Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edən dəlilləri əks etdirdiyini vurğulayıb.
Çıxışda BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı münaqişələr zamanı zərər çəkmiş mülki əhalinin qorunması məsələsinin daima diqqət altında saxlanılmalı olduğu və silahlı münaqişə tərəflərinin beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiq olmaları üçün tələbin mütəmadi olaraq bəyan edilməsinin vacibliyi vurğulanıb.