Azərbaycanlı iş adamı bəzi diaspora nümayəndələrini “ictimai fahişə” adlandırdı - Şok açıqlama
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, azərbaycanlı iş adamı Rövşən Tağıyev 24 aprel ermənilərin qondarma soyqırımı ilə bağlı anım tədbirində iştirak etməsi və Ukrayna Erməniləri Milli konqresinin sədri Aşot Avanesyanla yaxın münasibətlər qurması barədə ittihamlara cavab verib
R.Tağıyev ölkə.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar tamamilə yalan və cəfəngiyyatdır:
“Ukraynada fəaliyyət göstərən bir neçə azərbaycanlı “ictimai fahişə” diaspora nümayəndələri haqqımda yalan məlumatlar yaydırır. Məni ermənilərlə əməkdaşlıq etməkdə ittiham edirlər. Bütün bunlar tamamilə böhtandır. Axı bu cür adamlar kimlərə işləyirlər? Bəlkə onları məqsədi odur ki, Ukraynada Azərbaycan lobbisi güclü olmasın. Ona görə də bu cür təxribatlar yazırlar. Qondarma erməni soyqırımı məsələsini 2 dəfə Ukrayna parlamentində müzakirələrdən çıxartdırmışam. Bunu Ukraynada məndən savayı heç kəs etməyib. Sonuncu dəfə də ermənilər Ukrayna Ali Radasında qondarma soyqırımı məsələsini qaldırma istəyirdi. Ancaq mən Ali Radaya və yerli qubernatora məktub yolladım və məsələni gündəlikdən çıxartdım. Məndən 4 gün sonra isə Hikmət Cavadov onlara yazıbdır. İndi onu hər yerdə təbliğ edirlər. Halbuki, mən gördüyüm işlərin heç bir reklamını etmirəm. Mən uzun illərdir ki, Ukraynada Azərbaycan dövlətinin milli maraqları naminə işlər görürəm. Ukrayna parlamentinin 200-dən çox deputatı dostum və tanışımdır. Ukrayna dövlətinin ən varlı və nüfuzlu şəxsləri ilə dost və tanışam. Ancaq hansısa şəxslər ucuz və şərəfsiz işlərlə məşğul olurlar. Əgər Azərbaycanda haqqımda yazsalar ki, mən Bin Ladenəm, bunun əhəmiyyəti olmayacaq, nüfuzuma heç bir xələl gətirməyəcək”.
R.Tağıyev Azərbaycan dövlətinə bağlı adam olduğunu söyləyib:
“Mən Heydər Əliyevçiyəm. Bunun da səbəbləri var. 1993-cü ilin 4 iyununda mən, rəhmətlik Afiyəddin Cəlilov və digər 3 nəfər Naxçıvanda Heydər Əliyevlə görüşmüşük. O zaman Azərbaycanın vəziyyəti çox pis idi. Amma 6 gün sonra Heydər Əliyev Bakıya gəldi və sonra Prezident seçildi. Həmin dövrdə 10 ay ərzində beynəlxalq müqavilələr imzalandı, ölkəyə milyardlarla investisiya vəsaitləri gəlməyə başladı. Yəni, Azərbaycanı uçurumdan Heydər Əliyev xilas etdi. Bu gün Ukraynadakı vəziyyətə diqqət edin. Ukrayna Avropanın mərkəzində yerləşir. Bu ölkəyə 1 milyard investisiya qoymaq üçün 150 şərt qoyulur. Bununla belə böyük investisiya yoxdur. Bütün bunlar nə deməkdir? Deməli, vaxtilə Heydər Əliyev beynəlxalq müqavilələri imzalamaqla Azərbaycana böyük investisiyalar cəlb edə bildi. Ən vacibi isə odur ki, Azərbaycanın ərazi bütövlüyü saxlanıldı. Ukraynada isə bunu bacara bilmədilər. Heydər Əliyev Azərbaycanı dövlət olaraq xilas etdi, qoruyub saxladı. Yoxsa Azərbaycan deyə müstəqil dövlət olmayacaqdı, dağılırdı. Ona görə də mən ömrüm boyu Heydər Əliyevə rəhmət oxuyacam. Heydər Əliyev bu millətin əsil lideridir”.
Ona qarşı olan xəbərlərin kimlər tərəfindən yayılması məsələsinə də toxunan iş adamı bu cür kampaniyaların arxasında Ukraynadakı bir sıra diaspora nümayəndələrinin dayandığını söyləyib:
“Axı mənim Diasporla İş üzrə Dövlət Komitəsi ilə də yaxşı əlaqələrim var. İki ay öncə mən Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti seçilmişəm. Azərbaycan dövləti tərəfindən mənə dəstək və hörmət var. Hətta, “Tərəqqi” ordeni də verilib. Burada söhbət başqa məsələdir. Mənim haqqımda yalan xəbər yaydıran adamlar kişi deyillər, onlar “ictimai fahişə”lərdir. Xahiş edirəm ki, mənim bu fikrimi dediyim kimi də yazın! Həmin “ictimai fahişələr” bəzi jurnalistlərə sifarişlə yazılar da yazdırırlar. Mən onların kimlər olduğunu da təxmin edirəm. Həmin diaspora nümayəndələri Ukraynada yaşayan nə gürcülər, nə ermənilər, nə də ruslar deyil. Onlar buradakı bəzi azərbaycanlılardır, haqqımda böhtan xəbərlər yaydırırlar”.
Xatırladaq ki, Rövşən Tağıyevin ötən ilin sonunda ermənilərlə birgə Yeni il şənliyinə qatılmasını əks etdirən fotoları müzakirələrə səbəb olub. Buna görə Rövşən Tağıyev bir çox azərbaycanlılar tərəfindən sərt tənqid edilib.