AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin köməkçisi daha 41 QHT rəhbəri ilə onlayn görüş keçirdi

  • + A
  • - A
  • 31-08-2020, 21:41

    Prezidentin köməkçisi daha 41 QHT rəhbəri ilə onlayn görüş keçirdi

    Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən 41 QHT-nin sədri ilə görüş keçirib.

    AzadMedia xəbər verir ki, şura sədri Azay Quliyev bildirib ki, QHT-hökumət dialoqu çərçivəsində təşkil edilən 4-cü görüş ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən ictimai təşkilatlarladır.

    Azay Quliyev Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı verdiyi tapşırıqlar sırasında su ehtiyatlarının qiymətləndirilməsinin də olduğunu nəzərə alaraq  Prezidentin köməkçisi Hikmət Hacıyevin  sudan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşünün xüsusi önəm daşıdığını deyib.

    Hikmət Hacıyev bugünkü görüşün əhəmiyyətinə toxunaraq ekologiya, sudan səmərəli istifadə və səhiyyə istiqamətində fəaliyyət göstərən QHT rəhbərlərinin prioritet hesab etdiyi fikir və ideyalarını dinləmək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək istədiyini bildirib. H. Hacıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına xüsusi diqqət göstərilir.

    Hökumətin  ekologiya və su təsərrüfatı sahəsində fəaliyyət göstərən QHT-lərlə yaxından əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini  deyən Hikmət Hacıyev xüsusi olaraq vurğulayıb ki, 23 iyul 2020-ci ildə su təsərrüfatının vəziyyətinə həsr olunan onlayn müşavirədə Prezident İlham Əliyev ictimai nəzarətin həyata keçirilməsində QHT-ləri fəal olmağa çağırıb.

    Hikmət Hacıyev region üçün ciddi təhlükə mənbəyinə çevrilən “Metsamor” AES-dən Ermənistanın həm də radioaktiv maddələrin qaçaqmalçılığı üçün istifadə etdiyini bildirib. Prezidentin köməkçisi ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini "Çernobl" Atom Elektrik Stansiyasında istifadə olunan texnologiya əsasında inşa edilən "Metsamor" AES-in yaratdığı təhlükəyə  yönəltməyə çağırıb.

    Prezidentin köməkçisi Ermənistanın ölkəmizə qarşı ekoloji terrorizm və onun tərkib hissəsi olaraq “su terroru” siyasəti apardığını və Avropa Şurası Parlament Assambleyasının 2016-cı ildə “Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında xüsusi qətnamə qəbul etdiyini deyib. Hikmət Hacıyev işğal edilmiş ərazimizdə yerləşən Sərsəng su anbarından Azərbaycan vətəndaşlarının su təminatının, kənd təsərrüfatı fəaliyyətinin pozulması, ərazinin biomüxtəlifliyinin məhv olması kimi zərərli və təhlükəli məqsədlər üçün istifadə etdiyini qeyd edib.

    Daha sonra Hikmət Hacıyev bildirib ki, Azərbaycan əhalinin sağlamlığının qorunması üçün görülən işlərə və bu sahədə yaradılan müasir infrastruktura görə də seçilir.

    Hikmət Hacıyev Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin vəhşicəsinə və qanunsuz istismarı nəticəsində ekoloji tarazlığın kobud şəkildə pozularaq təhlükəli həddə çatdığını bildirib. Prezidentin köməkçisi QHT-lərin dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji terrorun fəsadları barədə davamlı və sistemli şəkildə məlumatlandırmasının, işğalçı ölkədən beynəlxalq təşkilat və məhkəmələrə müraciət etməsinin zəruri olduğunu qeyd edib.

    Prezidentin köməkçisi dövlətin QHT-lərdən çalışdıqları istiqamət üzrə ictimai nəzarətin həyata keçirilməsində yaxından iştirak etmək, əhalini ətraf mühitin qorunmasında fəal iştiraka, habelə sudan səmərəli istifadə etməyə təşviq edən maarifləndirmə kampaniyaları təşkil etmək, innovativ ideya və təkliflərlə çıxış etmək, sudan səmərəli istifadə ilə bağlı mövcud olan problemləri öyrənmək üçün araşdırmalar aparmaq, əsaslandırılmış təkliflər vermək, dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmək, beynəlxalq ekoloji QHT hərəkatlarında və şəbəkələrində təmsil olunmaq, beynəlxalq ekoloji kampaniyalarda (Ətraf Mühit Günü, Dünya Yer Günü, Dəniz Günü, Dünya Su Günü və s.) Azərbaycan vətəndaş cəmiyyətinin dəstəyini ifadə etmək kimi gözləntilərinin olduğunu deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR