AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"O şəbəkənin burada ola bilsin ki, adamları var və gizlənə bilərlər" - Satqınlar haqda şok açıqlama

  • + A
  • - A
  • 17-05-2017, 13:16

    "O şəbəkənin burada ola bilsin ki, adamları var və gizlənə bilərlər" - Satqınlar haqda şok açıqlama

















    Milli Məclisin ötən gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş Tərtərdəki hərbi hissənin həbs olunan hərbçilərindən danışıb

    Onun sözlərinə görə, Azərbaycana xəyanət etmiş şəxslərin Rusiyadan maliyyələşdiyi məlum olub. Parlamentin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Çingiz Qənizadə mövzu ilə bağlı Modern.az-a danışıb. Deputat bildirib ki, bununla bağlı araşdırma aparmaq səlahiyyəti hüquq-mühafizə orqanlarının işidir.

    "Belə şeyləri araşdırmaq səlahiyyəti bizə aid deyil. Biz xüsusi xidmət orqanlarının əməkdaşı deyilik ki, belə bir araşdırma aparaq. İkincisi, Qüdrət Həsənquliyevin dedikləri onun subyektiv fikirləridir. Həmin dövlətə xəyanət edənlərin hansı xüsusi xidmət orqanlarının əməkdaşı olmasını istintaq araşdıracaq”- deyə o bildirib.

    Çingiz Qənizadə Azərbaycan jurnalistlərinə çağırış da edib ki, bu cür həssas mövzuların işıqlandırılmasında diqqətli olsunlar:

    "Jurnalistlərdən xahişim budur ki, bu cür həssas mövzuları işləyəndə orduda olan bu şeyi bütün orduya aid etmək kimi fikirlərdən uzaq olsunlar. Azərbaycan ordusu neçə illərdir ki, səngərdə düşmənlə üz-üzədir. Azərbaycan ordusu şəhidlər verir. Bütün dövrlərdə, bütün ordularda xain və satqınlar da olur. Bu cür xain və satqınların ifşa olunmasının özü də bir uğurdur. Çox istərdim ki, jurnalistlər bununla bağlı yazılarında Azərbaycan ordusunun adına xələl gətirə biləcək hər hansı bir məqamların olmasına yol verməsin. Biz Azərbaycan ordusu ilə fəxr edirik. Satqınların qanunla necə cəzalanması nəzərdə tutulub. İfşa olunmuş qrup öz cəzasını alacaq”.

    "Bəs bir hüquqşünas-deputat kimi sizin bununla bağlı hər hansı yeni məlumatınız varmı”sualına isə Çingiz Qənizadənin cavabı belə olub:

    "Məndə əlavə heç bir məlumat yoxdur. Bizim istintaqa müdaxilə etmək imkanımız yoxdur. İstintaq tam məxfi aparılır. Çünki o şəbəkənin burada ola bilsin ki, adamları var və onlar gizlənə bilərlər.

    Biz bu məsələni hüquq-mühafizə orqanlarının işinə buraxmalı və mətbuatda müzakirəsini dayandırmalıyıq”.

    Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və mülki şəxslər Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib.

    Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

    Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bu haqda bildirilib.

    Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

    Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Güc strukturları bəyan edib ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR