Parlamentdə mübahisə: “Sözlərinizdən belə çıxır ki..." - Spiker deputata yenə irad tutdu
Millət vəkilləri "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsinə başlayıblar
Çıxış edən deputat Vahid Əhmədov bildirib ki, ötən il sənayedə 0,3 faiz artım hiss olunsa da, tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə olunur: "ƏDV-nin differensiallaşdırılması ilə bağlı dəfələrlə məsələ qaldırdıq. Vergilər Nazirliyi bu məsələyə müsbət rəy versə də, ötən il də bu problem öz müsbət həllini tapmayıb. Valyuta ehtiyatalarında böyük geriləmə müşahidə olunub. 2014-cü ildə valyuta ehtiyatlarımız 51 milyarda yaxın idisə, bu il bu rəqəm 37 milyarda enib. Mərkəzi Bank uçot dərcəsini 5 faizdən 15 faizə qaldırıb. Mərkəzi Bank valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilib. Əsas oyunçu isə hazırda Dövlət Neft Fondudur”.
Deputat Zahid Oruc bildirib ki, milli valyutaya ehtiyatını gücləndirmək üçün Mərkəzi Bank uçot dərəcəsini 5 faizdən 15 faizə çatdırıb: "İqtisadiyyatdakı çətinlikləri siyasilər də, dövlət rəhbərliyi də etiraf edir. Burada elə bir qəbahət yoxdur. Çünki bu dünyada gedən tendensiyanın bir nəticəsidir. Devalvasiya prosesinin başlandığı 2015- ci ildən MB-nin valyuta ehtiyatları 71 faiz azalıb, yəni 9,8 milyarda azalıb. Əgər biz maliyyə sabitliyinin bərpasından danışırıqsa, uçot dərəcəsinə baxmalıyıq. Konstitusiya Məhkəməsi də dollar kreditləri ilə bağlı bankların lehinə qərar verdi. Vətəndaş da bu halda etiraz olaraq özünü yandırır. İnsanlar hüquqi müstəvidə özünün müdafiəsinə görmür. Axı ola bilməz ki, 100 min insandan hamısının müraciətinə bankların xeyrinə qərar çıxarılmış olsun. Yoxsulluq faizinin hesablanma metodu ilə bağlı dəyişikliklər də edilməlidir”.
Spiker Oqtay Əsədov isə Z.Orucun çıxışından sonra növbəti dəfə ona irad tutub: "Sözlərinizdən belə çıxır ki, 100 min adam Konstitusiya Məhkəməsinə müraciət edib, o da millətə qarşı qərar çıxardıb. Konstitusiya Məhkəməsi dövlətin bir qoludur”.
Deputat Əli Məsimlinin sözlərinə görə, hazırda xarici borclar büdcənin 20 faizini təşkil edir: "Yəni proses bu şəkildə davam edərsə, bu 30 faizdən də yuxarı ola bilər. Bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər. Düzdür, onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də var. Ancaq elələləri də var ki, nə etdikləri məlum deyil. Ona görə də bu məsələni araşdırmaq və qiymət vermək lazımdır. Yoxsa büdcəmizin böyük bir hissəsi borcların qaytarılmasına gedə bilər. Onu da qeyd edim ki, təkcə banklar 125 milyard Azərbaycan iqtisadiyyatına vəsait qoyublar. Halbuki bu və ya digər ayrılmış pullardan yeni bir Azərbaycan qurmaq olardı”.