Qarabağdakı bütün abidələr Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan multikultural ölkədir və ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur.
Azadmedia.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin birgə bəyanatına dair şərhində deyilib.
Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, Marina Kalyurand, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” barədə birgə bəyanatın verilməsi AP üzvlərinin, ümumiyyətlə bölgədə sülh və əminamanlığın beynəlxalq hüququn təməl prinsipləri əsasında təmin olunması mövqeyindən çıxış etmələrinə rəğmən bölgədə mövcud olan cari vəziyyətdən hələ də tam məlumatlı olmadıqlarını göstərir.
İlk növbədə AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, AP-nin öz qətnamələrində illərdir ki, beynəlxalq hüquq prinsipləri, həmçinin BMT TŞ qətnamələri əsasında həllinə çağırdığı Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub, Azərbaycan ərazi bütövlüyünü təmin edib və BMT TŞ-nin 1993-cü il tarixli müvafiq qətnamələrinin həyata keçirilməsini təkbaşına təmin edib. Başqa sözlə desək, AP üzvlərinin istinad etdiyi və dövlətlərarası münasibətlərin təməlini təşkil edən Helsinki Yekun Aktının sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipləri rəhbər tutulub.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla bölgədə yeni reallıq yaranıb. AP üzvlərinin sözügedən üçtərəfli bəyanatın bölgədə sabitliyin təmin olunmasına gətirdiyini qeyd etməsi təqdirəlayiqdir. Çünki hazırkı mərhələdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması, habelə tərəflər arasında etimadın qurulması üçün, məhz 10 noyabr tarixli üçtərəfli razılaşmanın icrası və bu istiqamətdə müvafiq addımların atılması vacibdir.
Azərbaycan tərəfi, öz növbəsində sözügedən razılaşmanın icrası üçün, o cümlədən humanitar məsələlərin həlli sahəsində bütün lazımi addımları atır, lakin Ermənistan tərəfinin imza atdığı bu bəyanata sadiqliyi sual doğurur. Yaxşı olardı ki, AP üzvləri Ermənistan tərəfinə hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanata imza atdıqdan az qala 20 gün sonra nə səbəbdən Azərbaycan ərazilərinə diversant qrupunu göndərdiyi ilə bağlı sual ünvanlayardı. Bəlkə o zaman AP üzvləri haqqında bəhs olunan Ermənistan hərbçilərinin heç də hərbi əsir deyil, atəşkəs elan olunduqdan sonra məqsədyönlü şəkildə Azərbaycan ərazilərinə göndərilmiş terrorçu diversant qrupunun üzvləri olduğunu anlayardı. Ümumiyyətlə, Ermənistanın atəşkəs elan olunduqdan sonra terror aktları törətmək məqsədilə əraziyə hərbi qulluqçılarını göndərməsi, bu ölkənin iştirakçısı olduğu Şərq Tərəfdaşlığının təməl prinsiplərinə və ümumilikdə Avropa dəyərlərinə hörmət etmədiyini açıq şəkildə nümayiş etdirir.
Mədəni irs məsələsinə gəldikdə isə, AP üzvlərinə yaxşı bəlli olmalıdır ki, Azərbaycanın onilliklərdir ki, işğal altında qalan ərazilərində Ermənistan tərəfinin apardığı qeyri-qanuni fəaliyyət nəticəsində bütün tarixi, mədəni və dini irs demək olar ki, məhv edilib, sözügedən abidələrin dağıdılması, talan edilməsi, mənşəyinin dəyişdirilməsi ilə bağlı hərbi cinayətlərə bərabər fəaliyyət həyata keçirilib. Bu məsələ Azərbaycan tərəfindən davamlı şəkildə beynəlxalq platformalarda, o cümlədən Avropa İttifaqı institutları ilə təmaslarımız zamanı qaldırılsa da AP üzvlərinin bu günədək bu məsələ ilə bağlı bir dənə də olsun bəyanat verməməsi təəssüf doğurur. AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, Qarabağdakı bütün abidələr Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan multikultural ölkədir və ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcəkdir.