YAP-dan icra başçılarına - Xəbərdarlıq
"Dövlət qulluğunda olan və vətəndaşlara xidmət etməli olan şəxslər bilməlidirlər ki, dövlət siyasəti hər bir yerdə Azərbaycan prezidentinin tələbinə uyğun şəkildə yerinə yetirilməlidir”.
Bunu azvision.az-a Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə İbrahim Mehdiyevin yol verdiyi nöqsanlara görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsinə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Hacı Cavad məscidinin sökülməsi ilə bağlı məsələ birbaşa prezidentin nəzarətinədir.
"Məscidin başqa bir yerdə tikilməsi ilə bağlı qərar qəbul edildi. Sonra məlumat verildi ki, məscid cənab prezidentin şəxsi vəsaiti hesabına tikiləcək. Hazırda tikintinin davam etdiyi bir mərhələdə, heç bir ehtiyac olmadan köhnə məscidi sökmək cənab prezidentin tövsiyyələrinə riayət etməmək deməkdir. Ona görə də çox düzgün olaraq anındaca Yasamalın icra başçısı İbrahim Mehdiyev barəsində müvafiq qərar qəbul edildi”.
A.Mirzəzadənin sözlərinə görə, İ.Mehdiyevin işdən azad edilməsi bir daha göstərir ki, cənab prezident bütün məsələlərdə vətəndaşların maraqlarını əsas götürür. Onların istəklərini, dövlətdən gözlədiklərini yüksək səviyyədə yerinə yetirməyə çalışır.
"Bu nümunəni prezidentlə yanaşı yerlərdə olan icraçılar da göstərməlidir. Bundan sonra hər bir kəs tutduğu vəzifədən asılı olmayaraq işinə məsuliyyətlə yanaşmalı, səhvlərə yol verməməli, atdığı addımların nə dərəcə dövlət siyasətinə uyğunluğu haqda özünə hesabat verməlidir. Cənab prezident bu addımı ilə bir daha göstərdi ki, onun üçün heç bir məsələ ikinci dərəcəli deyil və daim inkişaf, vətəndaş problemləri məsələləri onun diqqətində olacaq”, - deyə A.Mirzəzadə vurğulayıb.