Nikoloz Şurqaia: "Yaxşı bankları olmayan iqtisadiyyat yaxşı ola bilməz" - MÜSAHİBƏ
"Nikoil Bank"ın İdarə Heyətinin sədri Nikoloz Şurqaianın "APA-Economics"ə müsahibəsi:
- Cənab Şurqaia, bu yaxınlarda siz bankın rəhbərliyinə gətirildiniz. Bununla yanaşı, bankın menecmentində digər dəyişikliklər də baş verdi. Biz həmçinin səhmdarların strukturunda da ciddi dəyişikliklərin şahidi olduq. Nə baş verir?
- Sadə dillə desək, bank inkişafının yeni mərhələsinə qədəm qoyur. Menecmentin yenilənməsi və səhmdarların strukturunun dəyişməsi məhz bununla bağlıdır. Bankın kapitallaşması nəticəsində nizamnamə kapitalının həcmi 184,5 mln. manata çatıb ki, bu da bankın möhkəmlənməsinə və inkişafının dəstəklənməsinə hesablanıb. Kapitallaşma hesabına biz yeni çağırışların, o cümlədən institusional və texnoloji transformasiyanın öhdəsindən daha asan gələcəyik. Bankın əsas səhmdarının Azərbaycanla bağlı uzunmüddətli pozitiv planları var.
- Ötən ilin məhz bu günü (müsahibə dekabrın 22-də alınıb) biz manatın devalvasiyaya uğraması barədə xəbəri aldıq. Sizin və bankirlərin həmin gün necə yadında qalıb?
- (Gülür - red.) Həmin gün mənim üçün olduqca qısa olub. Düşünürəm ki, bu, iqtisadiyyat və bank sektoru üçün bir qədər çətin dövrdür. Biz "dib"ə olduqca yaxınıq və vəziyyət tədricən düzələcək. Hökumət və tənzimləyici tərəfindən aparılan və aparılacaq islahatlar öz bəhrəsini verir və verəcək. Mövcud durum bütün dünya qarşısında çağırışdır. Dollar inkişaf etməkdə olan ölkələrin valyutalarına qarşı bahalaşmaqdadır. Qlobal iqtisadi artım zəifləyib. Azərbaycan müəyyən qədər beynəlxalq və regional amillərin təsiri altındadır. Mən ümid edirəm ki, 2017-ci il çətinliklərin dəf olunacağı il olacaq. Sürətli dəyişiklikləri gözləmirəm. Lakin bir məni ümidləndirən, mənə optimizm verən bir neçə hadisəni qeyd edə bilərəm. Birincisi, ölkə başçısı tərəfindən Strateji Yol Xəritəsinin təsdiqlənməsini qeyd etmək istəyirəm. İkincisi, dövlət banklarının rəhbərliyindəki yeni təyinatlar. Onlar ixtisaslaşmış mütəxəssislərdir. Onlardan biri ilə və onun kvalifikasiyası ilə mən yaxından tanışam. Üçüncüsü, tənzimləyicinin və mənim həmkarlarımın, yəni kommersiya banklarının rəhbərlərinin hazırladığı institusional həllər. Söhbət bankların yeni şəraitə uyğunlaşdırmaqdan gedir. Bu amillər bank sektorunun yeni, müsbət istiqamətə dönüş nöqtəsi olacaq.
- Bəs sizin rəhbərlik etdiyiniz bank özünü bu şəraitdə necə hiss edir?
- Çətinliklər az deyil, lakin ümumilikdə biz özümüzü kifayət qədər komfort hiss edirik. Bank stabil qaydada çalışır və müştərilərin bankımıza marağı artır. Kapitallaşma bankımızın artımına hesablanan yalnız ilk addım idi. Sözsüz ki, 2017-ci il maliyyə göstəricilərimizə də müsbət təsir edəcək. Biz buna cari ildə atdığımız və növbəti il atacağımız ardıcıl addımlar hesabına nail olmaq niyyətindəyik. Təbii ki, bazarda rəqabət var. Əhali və biznes tərəfindən bank məhsullarının istehlakına tələbat azaldığı üçün bankların gəlirləri azalır. Buna baxmayaraq, biz özümüzü güvənli hiss edirik. Yaxşı kapitallaşan, güclü komandası və etibarlı səhmdarı olan "Nikoil Bank" bazarın ən etibarlı oyunçularından biridir. Bu, qələbənin kombinasiyasıdır.
- Siz qeyd etdiniz ki, sürətli artım gözləmirsiniz. Konkretləşdirə bilərsinizmi?
- Düşünürəm ki, 2017-ci il xammal ixracına əsaslanmayan daha müstəqil iqtisadiyyatın qurulması istiqamətində dönüş nöqtəsi olacaq. İl ərzində müəyyən çətinliklər olacaq, lakin məhz bu il iqtisadiyyat "dib"ini tapacaq, stabilləşəcək və artım başlanacaq.
- Hazırda bankın nizamnamə kapitalı 184,5 mln. manatdır və bu göstərici hər bank üçün əlçatan deyil. Cari ili hansı maliyyə göstəriciləri ilə bitirmək istəyirsiniz və növbəti il üzrə proqnozlarınız nədən ibarətdir?
- Hər şey nisbidir. Uğura fərqli rakurslardan baxmaq olar. Böyük gəlirliliyə, ciddi artıma əsaslanan mütləq uğur var ki, nəticədə hamı razı qalır. Bir də nisbi uğur var ki, sən kimdənsə və ya arxada qoyduğun dövrə nisbətən yaxşı olursan. 2017-ci il mübarizə ili olacaq, iqtisadiyyatımız üçün çətin il olacaq. Bu baxımdan mən ciddi artım gözləmirəm. Lakin mən əminəm ki, bizim maliyyə göstəricilərimiz arxada qoyduğumuz illə müqayisədə daha yaxşı olacaq. Bu, bizə növbəti illərdə daha ciddi artım əldə etmək üçün güclü fundamentin yaradılmasına imkan verəcək. 2017-ci ildə kredit portfelinin, depozitlərin və gəlirlərin ciddi artacağını gözləmirəm. Məsələ burasındadır ki, hazırda iqtisadiyyatımız yenidənqurma vəziyyətindədir. Biz ənənəvi xammal bazarı tərəfindən dəstəklənməyən bazar iqtisadiyyatına keçirik. Uzun müddət ərzində biz dövlət tərəfindən dəstəklənən bazar iqtisadiyyatı şəraitində yaşamışıq. Hökumət infrastruktur layihələrinə, sosial tədbirlərə ciddi dəstək verirdi və bu vəsaitlər iqtisadiyyata axırdı. Buna paralel olaraq kreditləşmə həcmi artırdı. Hazırda müşahidə olunan ucuz neft dövründə isə əks proses gedir. Bir tərəfdən dövlət xərclərini, digər tərəfdən isə banklar kreditləşməni azaldır. 2017-ci ildə azalma dayanmalıdır. Məhz növbəti ildə iqtisadi agentlər inamı bərpa edəcək, gələcək artımla bağlı planlarını quracaqlar.
- Düz anladımsa, "Nikoil Bank" bu ili zərərlə başa vuracaq...
- Biz 2016-cı ili "rekord" zərərlə başa vuracağıq. Bu, normal prosesdir və bazarın reallığını əks etdirir. Biz kreditlərin ehtimal olunan itkisi ilə bağlı ehtiyatlar yaradırıq. İqtisadiyyatın pozitiv fazaya qayıdışı təmin olunduqca itkiləri növbəti il qaytaracağıq.
- Bəs kredit və depozit portfellərinin dollarlaşması hansı səviyyədədir?
- 70%-dən artıq...
- Hər iki portfel üzrə?
- Bəli, hər ikisi üzrə.
- Dedollarizasiya ilə bağlı hansı addımlar atılır?
- Biz cəlbedici dərəcələrlə manat depozitlərinin cəlb olunması üzərində aktiv şəkildə işləyirik. Müvafiq olaraq, manatla kreditləşməyə üstünlük veririk. Atılan addımlar qısa müddət ərzində gözlənilən nəticəni verməyə bilər, amma manatla depozit kütləsinin artması üçün vaxt lazımdır. Mən 2018-ci ildə nisbətin yaxşılaşacağını gözləyirəm. Biz ciddi restrukturizasiya tədbirləri həyata keçiririk və bir çox borclananların kreditlərini manata konvertasiya edirik. Söhbət stabil ödəyicilərdən gedir. Biz problemlərlə üzləşən, lakin öhdəliklərini unutmayan müştərilərə yardım etməliyik və edirik.
- Manatla kreditləşmədən söz düşmüşkən, bu məhsul hər adam üçün əlçatan deyil. Kifayət qədər insan şikayət edir ki, milli valyutamızla kredit ala bilmirik...
- Təəssüf ki, depozit portfelində manat kütləsinin payı yetərli deyil. Əsas səbəb budur. Biz müştərilərimizi manatla kreditləşdiririk və kreditləşmənin genişləndirilməsi üzərində işləyirik.
- Bu yaxınlarda "Fitch" beynəlxalq reytinq agentliyi bildirib ki, 2017-ci ildə bank sektorumuzda "təmizləmə əməliyyatı" davam edəcək. Buna münasibətinizi öyrənmək maraqlı olardı.
- Açığı, mən növbəti ili məhz bu cür görürəm. Kifayət qədər kapitallaşmayan oyunçuların bank sektorundan çıxması müsbət addımdır. Əlbəttə, bankların və iş yerlərinin bağlanması ürəkağrıdıcıdır. Lakin etibarsız, zəif oyunçuların bazardan getməsi sektora inamın artması baxımından düzgün addımdır. Bank sektoruna inam olduqca vacib amildir. Yaxşı bankları olmayan iqtisadiyyat yaxşı ola bilməz. Heç bir ölkədə!
- Yeri gəlmişkən, "Fitch" manatın məzənnəsi ilə bağlı da proqnoz verib. Düzdür, hazırkı tendensiyanı izlədikdə həmin proqnoz bir qədər şübhəli görünür. İnsanlar bankirlərə inanır. Buyurun, söz sizindir.
- Proqnoz vermək ən arzuolunmaz məşğuliyyətdir. Mənim üçün də manatın məzənnəsi ilə bağlı proqnoz vermək çətindir. Yalnız onu deyə bilərəm ki, bizim bank istənilən məzənnəyə hazırdır. Biz hər zaman öhdəliklərimizi yerinə yetirməyə, müştərilərimizə xidmət göstərməyə və strateji inkişaf xəttimizə sadiq qalmağa davam edəcəyik. Təbii ki, burada mövcud şəraitin dəyişkənliyi də nəzərə alınmalıdır.
- İcazənizlə, son zamanlar ən çox müzakirə olunan mövzuya toxunmaq istərdim. Belə ki, banklar dolların satışını dayandırıb, nəticə etibarilə hər kəs "qara bazar"a üz tutdu…
- Sözünü kəsmək məcburiyyətində qalıram. Biz dollar satışını dayandırmamışıq. Mən də "qara bazar" haqqında eşidirəm. Haradadır o bazar? "Nikoil Bank" stabil olaraq müştərilərinə valyuta satır. Bəli, bizə bəzən müştərilərimizin tələbatını ödəmək çətin olur. Manat ucuzlaşmaqdadır. Lakin valyuta satışının dayandırılması barədə söhbət gedə bilməz. Biz valyutanı həm fiziki şəxslərə, həm də korporativ müştərilərimizə satırıq.
- Dollar mövzusunun davamı olaraq, 2017-ci ildə tənzimləyici idarəolunmayan üzən məzənnə rejiminə keçmək istəyir. Gözləntiləriniz i bilmək olarmı?
- Mən ümid edirəm ki, tənzimləyici bu addımı atacaq. Düşünürəm ki, bu, iqtisadiyyatın bərpası nöqteyi-nəzərdən olduqca vacib addımdır. Bir şeyi yadda saxlayın, siz uşağı daim əlinizdə gəzdirsəniz, o, gəzməyi öyrənə bilməyəcək. Əvvəlcə çətin olur, lakin sonradan uşaq tam olaraq ayaq üstə dayanmağı öyrənir. Mən bazar iqtisadiyyatının davamçısıyam və "görünməz əl"in mövcudluğuna inanıram. Müvafiq olaraq, üzən məzənnə rejiminə keçid olduqca vacib addımdır və bazar iqtisadiyyatının formalaşmasında və xarici şoklara daha dayanıqlı olmaq baxımından olduqca vacib addımdır.
- Bankın fəaliyyəti ilə bağlı daha bir sual verib, müsahibə yekun vurmaq istərdim. Səhv etmirəmsə, bank filial şəbəkəsini azaldıb. Səbəblər bəllidir. Proses davam edəcəkmi?
- Bəli, doğrudan da biz xidmət şəbəkəmizi azaltmışıq. Biz növbəti ilə effektivlik ili kimi baxırıq. Müvafiq olaraq, biz hər bir satış nöqtəmizin daha effektiv olmasına nail olmaq istəyirik. Biznesimizin optimallaşdırılmasına davam edəcəyik. Biz ortamüddətli perspektivdə qeyri-effektiv satış nöqtələrimizin gələcəyini qiymətləndirəcəyik. Potensialı olan satış nöqtələri fəaliyyətini davam etdirəcək. Qeyri-effektiv satış nöqtələri ya transformasiya olunacaq, ya da bağlanacaq. Hesab edirəm ki, bu, olduqca normal prosesdir. Bilirsiniz ki, bütün dünyada elektron bankçılığın payı artmaqdadır. Bu, o anlama gəlməməlidir ki, bütün sektorda fiziki satış nöqtələrinin sayı sürətlə azalacaq, elektron xidmətlərin payı isə artacaq. Əlbəttə, hər bir proses ilk növbədə iqtisadi durumdan asılıdır. Hazırda bir çox banklar filiallarının sayını azaldıb, lakin əks proses də müşahidə olacaq.