AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ermənistan məsuliyyəti üzərindən atmaq üçün saxta təbliğat aparır" — XİN

  • + A
  • - A
  • 7-07-2017, 09:47

    "Ermənistan məsuliyyəti üzərindən atmaq üçün saxta təbliğat aparır" — XİN

















    ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 4 iyul tarixində Fizuli rayonunun Alxanlı kəndində baş verən hadisələr ilə əlaqədar 2-ci bəyanatı həmsədrlər tərəfindən verilən o açıqlamalar sırasına aiddir ki, burada təxribatların kimin tərəfindən törədilməsi, Cenevrə konvensiyalarının və danışıqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə bəlli olur.
    Ölkə.Az"Report"a istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2-ci bəyanatını şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    XİN rəsmisi qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən son bəyanatda 4 iyul tarixində Fizuli rayonunun Alxanlı kəndində baş verən hadisələr təxribat kimi qiymətləndirilib: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu qiymətləndirməsini bölüşərək bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatan və dəzgahlı qumaratanlardan atəşə tutması nəticəsində azyaşlı qızcığazın və onun nənəsinin həlak olması və digər qadının ağır yaralanması Ermənistanın təxribatı olaraq danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanmışdı.

    Aparılan araşdırmalar və təqdim olunan dəlillər tam şəkildə sübut edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Alxanlı kəndində mülki insanlar və mülki obyektlər hədəfə alınıb. Ermənistan Alxanlı kəndində mülki insanların öldürülməsinə görə məsuliyyəti öz üzərindən atmaq üçün guya kənddə atəş nöqtələrinin olması barədə saxta propaqanda aparır. Alxanlı kəndində heç bir atəş nöqtəsi və ya hər hansı digər hərbi məntəqə olmayıb.

    Azərbaycanda akkreditə olunan ABŞ, Çin Xalq Respublikası, Pakistan İslam Respublikası, Türkiyə, Rusiya Federasiyası, Çexiya, Qazaxıstan, Belarus, Koreya, Gürcüstan və Ukraynanın hərbi attaşeləri və Almaniya Federativ Respublikasının səfirliyinin diplomatı, beynəlxalq media nümayəndələri 6 iyul tarixində Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində yerindəcə bu faktın şahidi oldular.

    Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə mülki Azərbaycan əhalisinin qanlı etnik təmizləməyə məruz qoyulması, mülki və hərbi şəxslərə qarşı çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməllərinin törədilməsi, Xocalı soyqırımı, o cümlədən 2016-cı ilin aprelində təmas xətti boyunca 32-dən artıq yaşayış məntəqəsinin ağır artilleriya atəşinə tutulması, Alxanlı kəndində törədilən son əməllər Ermənistan tərəfindən sistematik şəkildə Cenevrə konvensiyaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasını sübut edir. Bu baxımdan həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsi, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlardan kənar durulmasına dair çağırışlarını təqdir edirik.

    1994-1995-ci il atəşkəs haqqında sazişlərə riayət olunması barədə çağırışa gəlincə qeyd etmək lazımdır ki, Ermənistan 25 ildən artıq dövr ərzində atəşkəs rejimindən sui istifadə edərək Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və qəbuledilməz olan status kvonu saxlamağa çalışır. ATƏT-in 1994-cü il Budapeşt sənədində, o cümlədən atəşkəsə aid sənədlərin özündə qeyd olunduğu kimi atəşkəs münaqişənin siyasi həlli üçün şərait yaratmalı idi. Təəssüflər olsun ki, Ermənistan tərəfindən ötən müddət ərzində müxtəlif təxribat və bəhanələrlə buna imkan verilmir. Onu da qeyd etmək lazımdır ki, 1994-1995-ci illər atəşkəs haqqında sənədlərin vacib tərkib elementlərindən biri də Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına dair vaxt qrafikidir.

    Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir və münaqişənin danışıqlar yolu ilə həllinə başlıca əngəldir.

    Münaqişənin həllində irəliləyiş nail olmaq və regionda davamlı sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR