Məmurlar təşvişdə: Əvvəlki rüşvət yoxdur, “paket”lər kəsilib, gəlirlər azalıb - İddia
Ölkədə iqtisadi vəziyyət, ötən ilin büdcəsində kəsir, yeni idarəçilik sisteminə keçid korrupsioner məmurları təşvişə salıb
Məmurlar əvvəlki qədər rüşvət ala bilmirlər, “paket” maaşlar kəsilib, gəlirlər azalıb.
Azərbaycanda müxtəlif hesablamalara görə hardasa 50-65 min nəfər paket maaş alır. Hər müəssisədə rəsmi əmək haqqından əlavə ödənilən “paket maaş”ların qiyməti fərqlidir. “Paket maaş”lar 200 manatdan 30 min manata qədər dəyişə bilir.
Ümumiyətlə hər ay bu yolla maliyyə bazarına 70-85 milyon manat, il ərzində orta hesabla 950 milyon manat vəsait daxil olurdu.
Son aylar paketlərin azaldılması və ya ləğv edilməsi nəticəsində yaxın gələcəkdə bazara daxil olan vəsaitə təsir edəcək. Azərbaycanda “paket maaş” təcrübəsi 90-cı illərdən mövcuddur.
Maaşın rəsmi hissəsi az göstərilir, qalanı “konvert”də verilir. 90-cı illərdə bu təcrübə çox yayılmışdı. Bunun əsas problemi odur ki, “konvert”də maaş alanlar pensiya az alacaqlar.
Çünki bu rəsmi maaş hesab olunmur. Əvvəllər çox işçi “konverdə maaş” alırdı. İndi bu təcrübə elə də yayğın deyil. Özləri bilirlər ki, kimə versinlər, kimə yox.
Ulus.Az-a daxil olan məlumata görə, hakimiyyətin yeni siyasəti məmurların gəlirlərinin azaldılması, qeyri-rəsmi qazanclara son qoyulmasıdır.
Hökumət məmurların oliqarx həyatına son qoyur. Dövlətdən aldığı maaşdan əlavə “paket” alan idarə rəislərinin qara günləri başlayıb və nə büdcə oğurluğu, nə də “paket” sistemi olacaq.
Hökumət büdcə xərclərinin yerinə yetirilməsində problemlərin yaranmaması üçün indidən alternativ mənbələr barədə fikirləşmək məcburiyyətindədir.
Belə bir mənbə kimi ilk növbədə müxtəlif dövlət strukturları tərəfindən yığılan, ancaq rəsmiləşdirilməyən gəlirlərin çıxış etdiyini söyləyə bilərik.
Azərbaycanın dövlət qurumlarında çalışan məmurların maaşlarının nə qədər olduğu barədə ictimaiyyət geniş məlumatlı olmasa da, media işçiləri bu barədə az-çox bilirlər.
Ümumilikdə götürdükdə, məmur maaşlarının elə də yüksək olmadığını qeyd etmək olar. Maaşların məbləği belə deməyə əsas verir.
Bəlkə elə buna görə də, bir sıra nazirlik və komitələrdə işçilərə hər ay rəsmi maaşdan əlavə paket də verilirdi. Nazirliklərdə çalışanların özlərinin dediyinə görə, paketlərdə işçilərin tutduqları vəzifələrə uyğun olaraq fərqli məbləğlər olurdu.
Nazirlik işçiləri indi bildirilər ki, artıq “paket maaş” deyilən qeyri-rəsmi ödəniş ləğv edilib.
Xüsusilə antikorrupsiya tədbirləri gücləndirildikdən sonra heç bir nazirin belə risk etmədiyi bildirilir. “Paket" ləğv olunduqdan sonra quru əməkhaqqı ilə dolanmaq çətinləşib”.