AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin Zaqatala sakini ilə dialoqu: "İşləmək istəyən özünə iş tapar"

  • + A
  • - A
  • 4-08-2017, 10:13

    Prezidentin Zaqatala sakini ilə dialoqu: "İşləmək istəyən özünə iş tapar"













    Xəbər verdiyimiz kimi ötən gün prezident İlham Əliyev Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub.

    Qafqazinfo prezidentin bu müəssisənin işçisi Xəzangül Zeynalova ilə dialoqunu təqdim edir:

    - Möhtərəm Prezidentimiz, qızılgüllər diyarı olan Zaqatala rayonuna xoş gəlmisiniz.

    İlham Əliyev: Burada necə işləyirsiniz? Maaş necədir?

    X. Zeynalova: Yaxşı işləyirik, maaş da yaxşıdır, güzəranımız yaxşılaşır.

    İ. Əliyev: Əvvəllər haradasa işləyirdiniz?

    X. Zeynalova: Xeyr, işləmirdim.

    İ. Əliyev: Yəni, bu iş yaranandan sonra buraya cəlb olunmusunuz.

    X. Zeynalova: Bəli. Buna görə Zaqatala rayonunun Tala kəndinin camaatı adından Sizə dərin təşəkkürümüzü bildiririk. Burada təkcə Tala kəndindən deyil, yaxın kəndlərdən də insanlar işləyirlər. Ümumilikdə burada 150-dək işçi çalışır. Maaşımız da bizi qane edir.

    İ. Əliyev: Bu, mövsümi işdir, yoxsa burada daimi işləyirsiniz?

    X. Zeynalova: Daimi işləyirik. Cənab Prezident, Siz ölkəmizdə, rayonlarımızda, kəndlərimizdə yeni iş yerləri açmısınız. Kəndimizdə tütün emalı zavodu, fındıq zavodu, bu gül bağları, gül yağı müəssisəsi buna nümunədir. İşləmək istəyənlər üçün kəndimizdə iş yerləri var. İşləmək istəməyənlər, boş-boş gəzənlər üçün iş yeri yoxdur.

    İ. Əliyev: İşləmək istəyən özünə iş tapar.

    X. Zeynalova: Cənab Prezident, Allah Sizi qorusun. Siz bizim üçün çox iş görürsünüz.

    İ. Əliyev: Çox sağ olun. Zaqatala rayonunda son vaxtlar o qədər sürətli inkişaf gedir ki, indi doğrudan da işləmək istəyən özü üçün iş tapar. Fındıq bağlarının sahələri artırılır, rekord həddə çatıb. Mənə verilən məlumata görə, 17 min hektara çatıb. Sovet dövründə fındıqçılıq üçün heç vaxt bu qədər əkin sahələri olmayıb.

    Tütünçülük inkişaf edir, istehsal artır, daha da artacaq. Fabrik ən son texnologiyalara əsaslanır. Biz bu ənənəvi sahəni bərpa etdik. Digər sənaye müəssisələri, süd zavodu, başqa istehsalat sahələri var. İndi nəinki Zaqatalada, ümumiyyətlə, hər bir bölgədə böyük maraq var. Kənd təsərrüfatına maraq artır. İnsanlar, hətta şəhərlərdə yaşayan insanlar da kəndlərə, torpağa qayıdırlar. Çünki qayğı var, diqqət var, vəsait ayrılır, suvarma işləri aparılır. Dövlət bu işləri öz üzərinə götürür. Misal üçün, fındıqçılığın, baramaçılığın inkişafı sırf dövlət siyasəti hesabına təmin edilir. Çünki dövlət həm tingləri, pöhrələri, eyni zamanda, baramaçılıq üçün xaricdən ipəkqurdu alır, kümçülərə pulsuz verir. Sadəcə olaraq kümçülər gərək bir ay, qırx gün əziyyət çəksinlər, məhsul yetişdirsinlər və ondan sonra böyük vəsait də əldə edirlər. Ona görə indi kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi proqramlar icra edilir. Siz də qeyd etdiniz, pambıqçılıq sürətlə inkişaf edir. Biz pambıqçılığın əkin sahələrini iki il ərzində böyük dərəcədə artırmışıq. Bu il 136 min hektarda pambıq əkilib. İki il bundan əvvəl cəmi 17 min hektarda əkilmişdi. Görün nə qədər insan işlə təmin edilib. Bütün bu işləri dövlət görür, texnikanı alır, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq, pambıqçılıq üçün fermerlərə subsidiyalar verir. Həmçinin suvarma işlərini aparır, kreditlər verir. Sahibkarlara elə şərait yaradıb ki, onlar gəlib böyük sərmayə qoyurlar. Bu gülçülük sahəsinə qoyulan sərmayə də böyük sərmayədir. Baxın, ən müasir texnologiyalarla təmin edilmiş zavod. Bu, böyük vəsait tələb edir. Xaricdən mütəxəssislər cəlb edilib. İndi xarici bazarlara çıxmaq üçün araşdırmalar aparılır. Dövlət hər zaman sahibkarların, kəndlilərin yanındadır. Ona görə, mən çox şadam ki, belə gözəl sahə yaradılıb. Bu günə qədər işlə təmin olunmayan yüzlərlə insan burada iş tapıb işləyir, pul qazanır evinə aparır, özü də razıdır, dövlət də razıdır. Sizə uğurlar arzulayıram. Yaxşı işləyin ki, işlər daha yaxşı getsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR