AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Qarabağın dağlıq hissəsində suverenliyini bərpa etmək üçün hansı addımlar atmalıdır? - TƏHLİL

  • + A
  • - A
  • 12-11-2021, 09:40


    10 noyabr Bəyanatının imzalanmasından bir il keçdi və ötən müddətdə sənədin Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan müddəaları həyata keçirilməyib.

    Sənəddə yer alan 9 maddə üzrə ümumi razılaşma var, amma onun icrasına məsul olan konkret qüvvə yoxdur. Rusiya bu barədə üzərinə məsuliyyət götürməyib, Ermənistan öhdəlikləri mübahisələndirir. Azərbaycan isə konkret hərəkət edə bilmir, çünki sənəddə doğrudan da mübahisəli maddələr yer alıb. Məsələn, bəyanatın 1-ci və 4-cü bəndlərində yazılıb:

    – 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalacaqlar.

    – Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir.

    Şübhəsiz ki, bu cür ziddiyyətli məqamlar bəyanatın tərtibçisi Rusiya tərəfindən mətnə qəsdən yerləşdirilib. Problem, ziddiyyət davam etməlidir ki, Rusiya sülhməramlılarına ehtiyac həmişə yüksək olaraq qalsın.

    Moskva üzərinə sülhyaradıcı missiya götürsə də, nə bu missiyanı doğru-dürüst həyata keçirir, nə də Azərbaycana və Ermənistana birbaşa danışıqlar aparmağa imkan verir. Beləliklə, problemlər çözülmür və atəşkəsə rəğmən münaqişə yarım qaynar şəkildə davam edir. Şuşa ətrafında insident, Kəlbəcərdə azərbaycanlı inşaatçıların atəşə tutulması bunun bariz sübutudur.

    Bəs bu vəziyyət nə qədər davam edəcək, Azərbaycanın əlində hansı rıçaqlar var ki, onlardan istifadə edərək 10 noyabr sənədinin tam icrasına yaxınlaşa bilsin?

    Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Pressklub.az-a şərhində bildirib ki, ötən bir ildə 10 noyabr razılaşmasında yer almış 9 maddədən yalnız üçü həyata keçirilib, onun da biri yarımçıq qalıb:

    “Birinci maddə münaqişə bölgəsində atəşkəsin elan olunmasıdır ki, arada pozulsa da qismən əməl olunduğunu demək olar. İkinci maddə Ağdamın qaytarılmasıdır, bu da yerinə yetirilib. Üçüncü maddə Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsidir, bu da həll edilib və sənəddə göstərilən rəqəmlərdən artıq hərbiçi kontingentin mövcudluğu barədə qeyri-rəsmi, amma inandırıcı faktlar var. Dördüncü bəndin birinci hissəsi, yəni “Ermənistan silahlı qüvvələrinin çıxarılması” bu bir il ərzində həyata keçirilməyib. Bəzən bu bəndi ermənilər başqa cür izah edib deyirlər ki, münaqişə bölgəsində Ermənistan silahlı qüvvələri deyil, Qarabağ müdafiə ordusudur. Bu, təbii ki, doğru deyil. Bəyanatın birinci bəndində aydın göstərilir:” Azərbaycan və Ermənistan tutduqları mövqelərdə qalırlar. Yəni, bölgədə “Qarabağ müdafiə ordusu” deyilən hərbi kontingent deyil, Ermənistan Respublikası Müdafiə Nazirliyinin silahlı qüvvələri dayanıb”.

    Ekspert əlavə edir ki, sənədin 4-cü bənddə göstərilən Rusiya sülhməramlıların bölgədə fəaliyyət müddəti ilk dönəm üçün 5 il göstərilsə də, müddətin daha beş il və sonra da qeyri-müəyyən müddətə uzadılması barədə Moskva tərəfdən fikirlər səslənir: “Beşinci maddə monitorinq mərkəzi haqqındadır və mərkəzin atəşkəsə nəzarəti, ümumiyyətlə, Rusiya və Türkiyənin qaydaların pozulmasına effektiv nəzarətini indiyədək müşahidə etməmişik. Cəmiyyət üçün də hesabat xarakterli məlumatlar açıqlanmayıb. Altıncı maddə qismən yerinə yetirilib. Kəlbəcər rayonu tam qaytarılsa da, Laçın rayonunun müəyyən hissəsi hələ də bizim nəzarətimizə keçməyib. Laçın rayon mərkəzi və dəhliz boyu olan kəndlər hələ də işğalçılar tərəfdən məskunlaşdırılmış əhalinin əlindədir. Həmin bənddə Laçın dəhlizi ətrafında yeni marşrutun planlaşdırılması nəzərdə tutulub, amma burada vacib olan məqama aydınlıq gətirilməyib. Yeni dəhliz çəkilərsə, dəhlizin sonunda dövlət sərhədinə nəzarətin Azərbaycan tərəfdən həyata keçirilməsi qeyd olunmayıb və sərhədə nəzarət indiki vəziyyətdə, yəni yalnız Rusiya hərbiçiləri tərəfindən həyata keçiriləcəksə, bölgədə təhlükəsizlik sual altında qalacaq. Bəndə əsasən isə Rusiya sülhməramlıları marşrutun təhlükəsizliyinə cavabdehlik daşıyır, sərhədə yox. Yeddinci bənd – qaçqınların Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsidir ki, faktiki olaraq birtərəfli qaydada yerinə yetirilib. Erməni qaçqınların çox hissəsi geri qayıdıb, Azərbaycan tərəfdən isə bir nəfər də qaytarılmayıb, ən azı, bu barədə heç bir rəsmi mövqe yoxdur. Burada günahı yalnız Rusiyada deyil, özümüzdə də axtarmalıyıq. Faktiki olaraq bir il ərzində Azərbaycan rəsmi mövqeyini ortaya qoymayıb. Səkkinci bənd də qismən həyata keçirilir. Hərbi əsirlərin, digər saxlanılan şəxslərin və cəsədlərin dəyişdirilməsi, qaytarılması və təhvil verilməsi prosesi tədricən həll olunur. Sonuncu, 9-cu bənd isə tamamilə yerinə yetirilməyib. Nəqliyyat və rabitə əlaqələrin açılmasını nəzərdə tutan bu bənd ətrafında danışıqlar aparılsa da, hələ ölü nöqtədən qalxmayıb. Nə Naxçıvana gedən Zəngəzur dəhlizi, nə də Dağlıq Qarabağ daxili yolları açılmayıb və bu gedişlə tezliklə də açılası deyil”.

    İ. İsmayılın sözlərinə görə, ehtimal olunur ki, nəqliyyat infrastrukturlarının açılması barədə sənəd imzalanacaq: “Ola bilsin, sərhədlərin müəyyən edilməsi məsələsi də müzakirə olunsun. Azərbaycan bu razılaşmadan irəli gələn bəndlərin həyata keçirilməsi üçün ciddi diplomatik fəaliyyətə başlamalıdır. Bir il səbrlə sükut etmək siyasətinə son qoyulmalı və qeyd olunanları gündəmə gətirməlidir. Zamanın uzadılması yalnız düşmənin maraqlarına xidmət edir. Ermənistan müdafiə nazirinin Zəfər günümüz ərəfəsində Azərbaycana gəlməsi sülhə xidmət etmir. Bu, bir daha onu göstərir ki, düşmən 10 noyabr bəyanatının həyata keçirilməsində maraqlı deyil və vaxtı uzatmağa çalışır. Erməni nazirin bölgədəki silahlı qüvvələrə baş çəkməsi sübut edir ki, separatçı rejimin qondarma “müdafiə ordusu” deyilən heç nəyi yoxdur, Qarabağda işğalçı Ermənistan ordusu var. Bu səfər həm də Nikol Paşinyan hakimiyyətinə dividend gətirir və hakimiyyət rəhbərlərini Qarabağa getməməkdə ittiham edən müxalif qüvvələrə cavabdır. Amma Ermənistan daxilində nə baş verməsindən asılı olmayaraq, Azərbaycanın vaxtı yoxdur və dünyada baş verən siyasi gəlişmələr heç də Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Yubanmadan aktiv Qarabağ siyasətinə başlanmalıdır”.

    Politoloq Fərhad Məmmədov isə bildirir ki, son hadisələrə qədər (Ermənistanın müdafiə nazrinin Qarabağa səfəri, müxalifətin etiraz mitinqi və s. – red) Ermənistanda Zəngəzur dəhlizinin açılmasına dair sənədlərin qəbuluna cəmiyyətin hazırlanması prosesi gedirdi. Ekspert xatırladır ki, Paşinyan MDB sammitində dəmir yolu və avtomobil marşrutlarının açılmasına razı olduqlarını bildirdi, Azərbaycan isə daha 5 diversant təhvil verdi. Bundan sonra Moskvada üçtərəfli sammitin keçiriləcəyi elan edildi:

    “Amma proses birdən dayandırıldı və erməni tərəfi dəhliz mövzusunu süni şəkildə tormozlamağa başladı. Moskvada imzalanacağı gözlənilən sənədlər arxa plana atıldı, Qərbpərəst və Kremlpərəst müxalifət küçələrə axışdı. Hiss olunur ki, Paşinyan ölkədaxili proseslərdən narahatdır, baxmayaraq ki, müxalifətin əhalinin kritik kütləsini etiraz aksiyalarına toplaya bilməyəcəyi əvvəldən aydın idi”.

    F. Məmmədov bildirir ki, Rusiya Baş nazirinin müavini Overçuk bu ərəfədə İrəvana təsadüfən gəlməmişdi: “O, yeganə missiya ilə – kamera qarşısında Paşinyana açıq-aydın bir şeyi deməyə gəlmişdi: Zəngəzur marşrutu ilə bağlı məsələdə Ermənistanın suverenliyi heç bir şəkildə müzakirə olunmur. Belə təəssürat yaranır ki, Rusiya Ermənistanda ictimai rəyi sakitləşdirməyə, Paşinyanın mövqeyini gücləndirməyə və bununla dəhlizin açılmasına çalışır”.

    Politoloq əlavə edir ki, Köçəryanın azsaylı mitinqindən sonra Ermənistan hökuməti və şəxsən Paşinyan Bakıda etiraz doğuracağını bilə-bilə müdafiə nazirini Azərbaycan ərazisinə göndərdi.

    Ekspert daha bir məqama diqqət çəkir: “Böyük şəhərlərdə keçirilən bələdiyyə seçkilərində Paşinyanın partiyasının uduzması Baş nazirdə təşviş yaradıb. Üstəlik, İrəvan meri də artıq Paşinyan tərəfindən idarə olunmur, fevral ayından bəri onlar bir yerdə görünmürlər. Xatırladaq ki, parlament seçkilərində Paşinyan məhz paytaxtda uduzdu və indi meri dəyişməyə risk edə bilməz. Yəqin ki, o, Zəngəzur dəhlizi ilə bağlı sənədlərin qəbulunu şəhərlərdə bələdiyyə seçkilərinin növbəti mərhələsinə qədər təxirə salmaq qərarına gəlib”.

    Fərhad Məmmədov qeyd edir ki, daxili siyasi kontekstdə tək səbəb bunlar da deyil. Onun sözlərinə görə, Qərbyönümlü müxalifətin fəallaşması və hərəkat liderlərinin açıq-aşkar anti-Putin ritorikası Paşinyanın yeni – köhnə hiyləsidir: “Rusiya rəhbərliyinə mesaj verirlər ki, onu qərbpərəstlər əvəz edə bilər. Bu arada ABŞ Dövlət Departamentinə region üzrə nümayəndəsinin İrəvana səfərini də yada salmaq yerinə düşər”.

    Bəs bu halda Azərbaycan nə etməlidir?

    Politoloq bildirir ki, Bakıda heç kim Paşinyanın şıltaqlığına dözmək fikrində deyil. O, ötən dövrdə Azərbaycanın əlində formalaşan təzyiq mezanizmlərini yada salır:

    Qarabağ ermənilərinin enerji və su təchizatının kəsilməsi;

    Sərhəddə gərginliyin artması;

    ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatlar formatında proseslərin ləngiməsi;

    Laçın dəhlizinə paralel tikiləcək yolla bağlı işlərin sürətləndirilməsi. Yeri gəlmişkən, yeni dəhliz boyu qaz, elektrik təchizatı və internet kabellərinin çəkilməsi nəzərdə tutulmayıb. Bu, yalnız Ermənistandan Qarabağa avtomobil yolunu müəyyən edir;

    Azərbaycan Hərbi Hava Qüvvələrinin Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya ərazisi üzərində təlimləri;

    Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının ərazidən çıxarılması ilə bağlı Rusiya qarşısında məsələ qaldırmaq. Onsuz da Ermənistan müdafiə nazirinin Qarabağa axırıncı səfərinə qədər də “Dağlıq Qarabağın silahlı birləşmələri”nin əslində kimə bağlı olduğuna dair heç kimdə şübhə yox idi.

    Rusiya sülhməramlılarının il ərzində “Dağlıq Qarabağın silahlı qüvvələri”nə istinad edən bəyanatları və insidentlərin araşdırılması mexanizmlərinin olmaması onlara qarşı inamın azalmasına gətirib çıxarır. Bu isə gələcəkdə onların mandatının məhdudlaşdırılmasına şərait yaradır;

    Sülhməramlıların müvəqqəti mövcud olduğu zonada erməni silahlı birləşmələrinin hərbi infrastrukturuna məqsədyönlü zərbələr endirmək”.

    Fərhad Məmmədov vurğulayır ki, Ermənistanın bütün təxribatlarına baxmayaraq, strateji təşəbbüs hələ də Azərbaycan tərəfindədir: “Bununla yanaşı, 10 noyabr bəyanatı getikdcə əhəmiyyətini itirir, çünki yerinə yetirilməyən və ya yarımçıq həllini tapan maddələrin sayı getdikcə artır. Sənədin həyata keçirilməsinin təminatçısı tələsməzsə, zərgər dəqiqliyi ilə həyata keçiriləcək eskalasiyanın qarşısını almaq çətin olacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR