Deputatların büdcə müzakirələri bitdi: hökumətin 8 gün vaxtı var
Parlament büdcə zərfinin müzakirəsindən sonra təkliflərin dəyərləndirilməsi üçün dekabrın 1-dək hökumətə vaxt verdi
Milli Məclisin 2018-ci il dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş iclası spiker Oqtay Əsədovun sədrliyi ilə noyabrın 23-də də davam etdirildi.
İclasda çıxış edən Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev hökumət qarşısında bir sıra məsələlər qaldırdı. “2018-ci ilin dövlət büdcəsində Milli Məclis üçün ayrılan vəsaitin həcmi 24 milyon 232 min 55 manat təşkil edəcək. Xərclər smetasının 68 faizini əmək haqqı fondu təşkil edir”-idarə müdiri bildirdi. F.Hacıyev dedi ki, parlamentə gələn qonaqların və xaricə gedən deputatlar görə ezamiyyətlərin sayı artıb. Ona görə də əlavə vəsaitə ehtiyac var. Odur ki, xarici ezamiyyətlər üçün 200 min manat, digər zəruri məsələlərin həlli üçün 300 min manat, mətbəə xərclərinə 50 min manatın ayrılmasını xahiş etdi. Eyni zamanda MM-in avtoparkının yenidən qurulması və avtomobillərin alınması üçün 1 milyon 200 min manat əlavə vəsait ayrılmasını zəruri saydı. Həmçinin televiziya mərkəzinin qurulması və yeni monitorların alınması üçün əlavə vəsaitin nəzərdə tutulmasını istədi.
Deputat Qüdrət Həsənquliyev Firudin Hacıyevin fikirlərini müdafiə etməklə yanaşı, işlər idarəsinin müdirinə sual etdi: “Prezident Administrasiyasının saxlanmasına 94 milyarddan artıq, yəni MM-in xərclərindən 4 dəfə artıq vəsait ayrılması nəzərdə tutulub. Mən bilmək istəyirəm, bu, orada ştat sayına görədir, yoxsa Prezident Administrasiyasının əməkdaşları daha çox xaricə gedirlər? 4 dəfə fərqin olması mənim üçün təəccüblüdür. Ona görə aydınlıq gətirilməsini xahiş edirəm”.
Deputat Siyavuş Novruzov da parlamentə vəsaitin artırılması ilə bağlı səslənən təklifləri dəstəklədi: “Milli Məclisin işləri yalnız planlaşdırılmış işlər olmur. Ona görə də əlavə vəsait ayrılsın, artıq qalacaqsa, geri qaytarılar. Neçə il üzv olduğumuz Avropa Şurasında geriyə dönüş başlanıb. Ona görə də belə tədbirlərə Milli Məclisin üzvləri ezam olunmalıdır. Bunun üçün də əlavə vəsait tələb olunur”.
S.Novruzov parlamentdə çalışan işçilərin əmək haqqının artırılmasını da təklif etdi: “İmkan olsa, onların əmək haqqının artırılmasına dəstək versək, çox yaxşı olar”.
Deputat Musa Quliyev parlamentin fəaliyyətinin gücləndirilməsi üçün ezamiyyə xərclərinin artırılmasını vacib hesab etdi: “Büdcəni biz təsdiq edirik, büdcəyə biz nəzarət edirik. Xahiş edirik, hökumət də bu məsələləri nəzərə alsın. Açıq deyirəm, son 3 ildə çəkdiyimiz əziyyətləri heç zaman çəkməmişik. Oraya gəzməyə getmirik ki, erməni lobbisinin təbliğatına cavab vermək üçün gedirik”.
M.Quliyev dedi ki, bu xərclər də dollar, ya avro ilə hesablanmalıdır: “Manatla hesablayırlar, baxırsan ki, inflyasiya nəticəsində 30 faiz az vəsait var. İllərdir biz dostluq qrupları çərçivəsində heç yerə gedə və bura gələnləri layiqincə qarşılaya bilmirik”.
M.Quliyev maşını olmayan deputatların rayonlara ezamiyyətlərə gedərkən çətinlik çəkdiyini bildirdi.
Deputat Fərəc Quliyev isə hökuməti Milli Məclisin ehtiyat fondunu yaratmağa çağırdı.
Deputat Vahid Əhmədov növbəti dəfə şəhid ailələrinə və əlillərə ayrılmalı olan sığorta haqqı ilə bağlı məsələ qaldırdı: “Biz bir neçə dəfə ”qanpulu" mövzusuna toxunmuşuq. Bununla bağlı hörmətli sədr Maliyyə Nazirliyinə müraciət edib. Çox təəssüflər olsun ki, bu məsələ həllini tapmır. Bu məsələ insanları çox narahat edir". V.Əhmədov bu vəsaitin böyük olduğunu da xatırlatdı: “Amma hökumətdən xahiş edirəm ki, bu məsələyə baxsın. Demirəm k, vəsait birdən-birə ödənilsin. Amma gec-tez bu məsələni həll etməliyik”.
Zahid Oruc: “Bizim həyatımızın sığorta pullarını götürüb versinlər həmin 11 min adama”
“Biz əlillərə göstərdiyimiz münasibəti ayrı-ayrı şəxslərə göstərmirik, bu, Qarabağa olan münasibətdir. Çünki Qarabağ müharibəsi bitməyib. Birinci qrup əlillər üçün 401 manat, ikinci qrup əlillər üçün 290 manat təqaüd nəzərdə tutulub. Bu məbləğə biz yenidən baxmalıyıq”.
Deputat Zahid Oruc bu fikirləri büdcə müzakirələri zamanı söylədi. “Qarabağda həyatını itirən şəxsə 20 min, əlil olan şəxsə 10 min dollar verilir” - deyən Z.Oruc Azərbaycandakı Qarabağ döyüşçüləri ilə bağlı da addımların atılmasını zəruri saydı. “Təklif edirəm ki, Qarabağ əlillərindən bir nəfər əmək və əhalinin sosial müdafiə nazirinin müavini olsun. Bu, Qarabağ əlillərinin problemlərinin diqqətdə saxlanılması üçün mühüm addım olar”-Z.Oruc bildirdi.
Deputat ardınca şəhid ailələrinin “qanpulu” mövzusuna da toxundu və şəhidlərin “qanpulu”nu ödəmək üçün vəsaitin olmamasından gileylənən hökumətə maraqlı bir təklif verdi: “11 min insanın problemini həll etməklə bağlı mənbə axtarırlar. Bu, populizm kimi görünməsin. Allah hər birimizə uzun ömür versin. Bizim həyatımız sığorta olunub. Bizim həyatımızın sığorta pullarını götürüb versinlər həmin 11 min adama. Nə qədərinə çatar, onlara da verilər”.
Zahid Oruc parlamentə ayrılan vəsaitin azlığından da şikayətləndi. Bildirdi ki, parlamentin iclas zalında avadanlıqların yeni texnologiyalarla əvəzlənməsi üçün maliyyə ayrılması lazımdır: “Nazirlər Kabinetinin, Prezident Administrasiyasının sürücüləri Milli Məclisin sürücülərindən çox maaş alır. Xahiş edirəm bizim sürücülər də nəzərə alınsın və bu fərq aradan qaldırılsın".
Deputat Aytən Mustafayeva Milli Məclisin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif etdi. Milli Məclisin sədri Oqtay Əsədov isə xanım deputata cavab olaraq bildirdi ki, təmirdən sonra parlamentin binasında hamı, o cümlədən əlillər üçün bütün şərait yaradılıb: “Siz Milli Məclisin 2012-ci ildə təmir olunan binasına nə vaxt daxil olmusunuz? Burada əlillər üçün pandus var. Həmçinin lift də fəaliyyət göstərir. Siz seçicilərinizi daha çox çalışdığınız institutda qəbul edirsiniz”.
Deputat Əflatun Amaşov seçicilərinin probleminə diqqət çəkdi: “3 il bundan əvvəl deputatı seçildiyim Saatlıda 9 əlil və şəhid ailəsi üçün fərdi yaşayış evlərinin tikintisinə başlanmalı idi. Evlərin bəzilərinin bünövrəsi qazıldı. Hətta bəzilərinin həyətinə bir neçə maşın daş da töküldü. Ancaq proses bununla da yekunlaşdı. Səbəb də budur ki, Maliyyə Nazirliyi vəsait ayırmır. Mən hər dəfə Saatlıya gedəndə və bu adamlarla görüşəndə məsələni izah etməyə söz tapmıram. Bu sayaq problemlər digər rayonlarda da var. Bilmək istərdim ki, builki büdcədə həmin evlərin inşasına vəsait nəzərdə tutulubmu? Daha doğrusu, Maliyyə Nazirliyi bu məqsədlə vəsait ayıracaqmı? Bu, anlaşılmazlıqdırsa da, hər hansısa şəkildə aradan qalxmalıdır. Hər halda, evlərin tikintisini gözləyənlər var”.
Deputat Qüdrət Həsənquliyev yeni doğulan uşaqlarla bağlı ayrılan vəsaitin artırılmasını təkif etdi. Daha sonra deputat bildirdi ki, Azərbaycan dünyada “alçaqboylu ölkə” hesab olunur: “Azərbaycan bu məsələdə 200 ölkə arasında qadınlara görə 113-cü, kişilərə görə 115-ci yerdədir. Qonşu Gürcüstan 49-cu, Türkiyə 79-cu yerdədir. Azərbaycanda rəsmi statistika budur ki, 6 faiz uşaqlar boy azlığı ilə doğulur. Azərbaycanın baş pediatrının açıqlamasına görə, ölkəmizdə 60 faiz uşaqlar ana südü ilə qidalanmır. Avropada son yüz ildə insanların boyunda 11 sm artım var. Avropada orta boy 179 sm, Azərbaycanda 172 sm-dir”. Q.Həsənquliyev ölkədə qidalanma sahəsində də problemlərin olduğunu vurğuladı: “Azərbaycanda təkcə balıq 3 dəfə az istehlak olunur. Finlandiyada hər uşağa 100 avro, Almaniyada 192 avro pul verilir. Biz uşaq pullarını ləğv etdik. Ancaq uşaqlarımızın normal qidalanması üçün normal vəsait verməliyik. Bunlar çox ciddi rəqəmlərdir”.
Deputat daha sonra Səlim Müslümovun mənzil tikintisi ilə bağlı fikirlərindən təəccübləndiyini və təəssüfləndiyini bildirdi: “Əgər mənzil tikintisinə prezidentin göstərişindən sonra 5 dəfə az vəsait ayrılırsa, deməli, mənzil növbəsinə duranlar 2019-cu ildə yox, 10 il sonra evlə təmin olunacaq. Əsaslandırmısınız ki, bu işləri görmək olar, onda prezidentin göstərişini yerinə yetirin!”
Spiker dedi ki, Azərbaycan hökumətinin 2018-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı təkliflərə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında cavab verəcək: “Biz razılaşdıq ki, növbəti iclas dekabrın 1-də keçirilsin”.
Maliyyə naziri Samir Şərifov da bildirdi ki, deputatların təklifləri hökumətə çatdırılacaq: “Bizə ayrılan müddət ərzində təkliflər təqdim olunacaq və dəyərləndirləcək”.
Deputat Fazil Mustafa uşaqlarla bağlı problemlərə toxundu: “Deputat həmkarım Qüdrət Həsənquliyev çıxış edib dedi ki, bizdə qidalanma göstəricisinə görə uşaqların 6 faizinin boyunda problemlər var. Avropada isə əksinə, boy artımının olması ilə bağlı məsələni gündəmə gətirdi. Bizim bu məsələyə yanaşmamız dəyişməlidir. Bu məsələ dəfələrlə qaldırılıb. Xüsusən də yeni doğulan uşaqlara birdəfəlik verilən müavinətin artırılması məsələsi qaldırılıb. Lakin nəticəsi olmayıb. Uşaqların boyunun aşağı olmasını belə müqayisə etmək olar: bu gün uşaqlara doğuş üçün verilən birdəfəlik müavinətin miqdarı 45 manatdır. Amma kənd təsərrüfatında bir buzova görə verilən subsidiya 100 manatdır. Odur ki, bu məsələlər, baxış fəlsəfəsi dəyişməlidir. Nə qədər ki, yeni doğulan uşaqlara baxış fəlsəfəsi dəyişməyib, hələ bir daha ciddi problemlərin şahidi olacağıq”.
F.Mustafa digər bir mövzuya da toxundu. Bildirdi ki, qəbul olunmuş qaydalara görə şəhər nəqliyyatında 5 yaşına çatmamış uşaqlar nəqliyyatdan pulsuz istifadə edirlər: “5-10 yaşlı uşaqlar isə gediş haqqının yarısını ödəməlidirlər. Amma ”BakuBus" bu qaydalara əməl etmir".
Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyən edilib. Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Komitə sədri bildirdi ki, “2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Bununla yanaşı, “2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna uyğun olaraq yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat müəyyən edilməsi nəzərdə tutulub.
Deputat Əli Məsimli hökumətə xitab etdi. Dedi ki, hesablama qaydası müasir tələblərə cavab vermir. Daha sonra hökumətə sual etdi: “116 manatlıq ehtiyac meyarı ilə və ya 173 manat yaşayış minimumu ilə bir ay yaşamaq olarmı? Təbii ki, olmaz. Bəs neçə gün yaşamaq olar? Bunu bilmək üçün bir dəfə bazara gedib qiymətlərə baxmaq lazımdır”.
Deputat Siyavuş Novruzov isə dedi ki, Azərbaycanda 1 milyon 300 min pensiyaçı var: “Burada bir məsələ diqqəti cəlb edir. Burada da ağır işlər silsiləsi qeyd olunanda, əsasən, kimyəvi zavodlarda və digər yerlədə işləyənlər nəzərdə tutulur ki, bu da işləyənlərin 2-3 faizini əhatə edir. Elə sahələr var ki, onlar nəzərdə tutulmayıb”. Deputat bu sahədə olan çatışmazlıqlara toxundu: “Əgər kiminsə 50 yaşı varsa və pensiyaya çıxmaq istəyirsə, o, nə qədər asfalt tökməlidir ki, gəlib 65 yaşına çatsın?! Bu baxımdan, onlar başqa yollarla əlillik alıb pensiyaya çıxmalı olurlar”. Deputat qeyd edib ki, bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır: “Azərbaycanda tikinti sektorunda çalışanların hansı yaşda pensiyaya çıxmağı müəyyənləşməlidir. Müəllimlərlə, alimlərlə birgə tikintidə işləyənlərə də eyni pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq”. S.Novruzov bildirdi ki, ünvanlı sosial yardımların əvəzində müəyyən biznes yerləri açıla bilər, bu da yeni iş yerləri hesab olunur: “Bunun üçün maliyyə ayrılmalıdır. Biz onları ələbaxımlılıq sistemindən uzaqlaşdırmalıyıq. Onlar özləri çalışıb pul qazanmalıdırlar. Əks halda, ələbaxımlılıqla bunun effektivliyi olmayacaq”.
Bundan sonra 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdı. Parlament büdcə zərfinin müzakirəsindən sonra təkliflərin dəyərləndirilməsi üçün dekabrın 1-dək hökumətə vaxt verdi. Qeyd edək ki, parlamentin növbəti plenar iclası dekabrın 1-də keçiriləcək.