Milli Məclisə 24 milyon ayrıldı
"Milli Məclis və onun aparatının saxlanması ilə bağlı 2018-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib”.
"APA-Economics" xəbər verir ki, bunu parlamentin plenar iclasında 2018-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı qanunverici orqanın gələn ilin xərclər smetası layihəsi barədə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev bildirib. Onun sözlərinə görə, 2018-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 24 mln. 232 min 55 manat vəsait nəzərdə tutulub.
F. Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 68,8%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir: "Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2018-ci ilin xərclər smetasında göstərilən bəzi maddələr üzrə vəsaitin çatışmazlığını nəzərə alaraq xarici ezamiyyə xərcləri 200 min manat, digər alış və xidmətlər yarımmaddəsinə 300 min manat, mətbəə xərcləri paraqrafına 50 min manat, avadanlıqların alınması yarımmaddəsinə 100 min manat, icarə və muzdlu xidmətlər paraqrafına 200 min manat, o cümlədən Milli Məclisin avtoparkının yaxşılaşdırılması məqsədi ilə yeni avtomaşınların alınmasına və göstərilən maddələr üzrə cəmi 1 mln. 200 min manat vəsaitin ayrılmasını sizdən xahiş edirəm”.
Qeyd edək ki, qanun layihəsində Milli Məclis və onun aparatının saxlanılması üçün 2018-ci ildə əməyin ödənişi fonduna 16 674 662 manat, ştatda olan işçilərin əmək haqqı 9 710 092 manat, o cümlədən Milli Məclis deputatlarının əmək haqqı 2 443 608 manat, ekspertlərin əmək haqqı 259 200 manat, Milli Məclis Aparatı üzrə əmək haqqı 2 638 980 manat, deputat köməkçilərinin əmək haqqı 1 365 000 manat, Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı 1 550 220 manat, dövlət qulluğu ilə əlaqədar əlavələr 1 453 084 manat, ştatdan kənar işçilərin əmək haqqı 21 600 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri 3 815 610 manat, əmək haqqına üstəlik 3 127 360 manat, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 2 980 406 manat, icbari dövlət sığortası 146 954 manat, idarənin saxlanılması 1 035 000 manat, o cümlədən dəftərxana və təsərrüfat xərcləri 350 000 manat, mətbəə xərcləri 230 000 manat, idarənin digər xərcləri (sair xərclər və cari təmir) 455 000 manat, ezamiyyə xərcləri 1 410 000 manat, nəqliyyat xidmətləri haqqının ödənilməsi 738 757 manat, o cümlədən yanacaq və sürtgü materiallarının alınması 448 757 manat, digər nəqliyyat xidmətləri 290 000 manat, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi 1 117 656 manat, istehlak mallarının və materiallarının alınması 1 760 000 manat, o cümlədən yumşaq inventar və xüsusi geyimlərin alınması 10 000 manat, inventarın alınması 400 000 manat, avadanlığın alınması 350 000 manat, digər alışlar və xidmətlər 1 000 000 manat, abadlaşdırma xidmətləri haqqının ödənilməsi 18 000 manat, sosial təminat (fəxri adlar) 8 400 manat, sosial müdafiə üzrə müavinətlər 67 629 manat, dövlət qulluqçularına sosial müavinətlər 25 000 manat, digər təqaüdlər, müavinətlər və transferlər 70 000 manat, icarə və muzdlu xidmətlər 600 000 manat, sair xərclər 188 951 manat, əsas vəsaitlərin alınması 500 000 manat, o cümlədən digər maşın və avadanlıqlar 500 000 manat, qeyri-istehsal aktivləri üçün 18 000 manat vəsait xərclənəcək.