Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə aparılaraq, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. 2006-cı ildə BMT-nin dəstəyi ilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) həmtəsisçilərindən olan Azərbaycan onun işində daim fəal iştirak edir.
Xəbər verildiyi kimi, ötən ay IAACA-nın keçirilmiş Ümumi Yığıncağında Azərbaycanın Assosiasiyaya yaradıldığı gündən daim göstərdiyi əməli dəstək, habelə onun işinə verdiyi dəyərli töhfələr nəzərə alınaraq, respublikamızın ədliyyə naziri yenidən qurumun vitse-prezidenti seçilib. Eyni zamanda Assosisasiya rəhbərliyinin antikorrupsiya tədbirlərinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret regionlar üzrə səlahiyyətləri müəyyən olunub, Şərqi Avropa regionu isə Azərbaycan nümayəndəsinə həvalə olunub.
Bununla əlaqədar fevralın 24-də IAACA-nın rəhbər orqanı olan İcraiyyə Komitəsinin videoformatda iclası keçirilib.
İclasda IAACA tərəfindən konkret regionlar üzrə korrupsiya ilə mübarizə sahəsində fəaliyyətin əlaqələndirilməsi, ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri və digər təşkilati tədbirlər müzakirə olunub, regional koordinatorlar tərəfindən bu sahədə görülən işlər barədə məlumat verilib.
Assosiasiyanın vitse-prezidenti Fikrət Məmmədov çıxış edərək ölkəmiz tərəfindən Şərqi Avropa dövlətlərinin antikorrupsiya qurumlarının və regionda fəaliyyət göstərən beynəlxalq antikorrupsiya şəbəkələrinin IAACA ilə əməkdaşlığa təşviq olunduğunu qeyd edib, artıq bir çox dövlətlərin Azərbaycanın təşəbbüsünü dəstəkləyərək Assosiasiyanın işində fəal iştirak etmək arzusunda olduqlarını, yeni hüquq-mühafizə və korrupsiyaya qarşı qurumların təşkilata cəlb edildiyini vurğulayıb.
Həmçinin Azərbaycan tərəfinin IAACA-nın fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiya ilə mübarizədə beynəlxalq səylərin gücləndirilməsi, bu sahədə peşəkarlığın və antikorrupsiya mədəniyyətinin yüksəldilməsi ilə bağlı irəli sürdüyü konkret təkliflər maraqla qarşılanaraq bəyənilib.
Assosiasiyanın rəhbərliyi tərəfindən Azərbaycanın beynəlxalq antikorrupsiya fəaliyyətində qlobal səyləri və töhfələri yüksək qiymətləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.