"Aprel döyüşlərində Moskva Azərbaycana mane oldu, yenə də olacaq"
Aprel döyüşlərindən iki il keçir.
Politoloq Elxan Şahinoğlu döyüşlərlə bağlı öz fikirlərini bölüşüb və maraqlı məqamlara toxunub: "Bu müddət ərzində aprel döyüşləri və o günlərdə bölgədə yaranan mövcud geosiyasi vəziyyət haqqında xeyli qeydlərim oldu, topladığım materallar əsasında "Aprel atəşkəsi" adda kitab yazdım, çoxsaylı müsahibələr verdim. Araşdırmalarım bitməyib. Beynimdəki bəzi suallara hələ də cavab tapmağa çalışıram: Rusiyanın təzyiqlərini nəzərə almayıb və 4 günlə kifayətlənməyib daha çox savaşaraq torpaqlarımızı azad etməli idik, yoxsa Kremlin təxribat imkanlarını diqqətə alaraq fasilə verməkdən başqa alternativimiz yox idi? Bu məcburi əks-hücum idi, yoxsa əvvəlcədən planlaşdırılan əməliyyat? İlham Əliyev düşməni cəzalandırmaq əmrini səfərdə olduğu Vaşinqtonda verdi, yoxsa orduya təlimat əvvəlcədən verilmişdi? 4 günlük savaşın hərbi nəticələri detallı analiz edildimi? Sonuncu suala cavab həm də onun üçün lazımdır ki, gələcəkdəki uğurlarımızı genişləndirə bilək".
"İki il bundan əvvəl həyata keçirilən əməliyyatla ən azı bir neçə rayonun azad olunacağına ümid edirdik. Ancaq strateji yüksəkliyi əldə etməyimiz də kiçik nəticə deyil. Atəşkəsin hökm sürdüyü 22 ildə ən azı nəyisə geri qaytardıq və işğalçıya göstərdik ki, ordumuz güclənib, əlimizdə müasir hərbi texnika var və düşmən də az itki vermədi. Nəticədə Ermənistanın müdafiə naziri öz postunu itirdi, ordularında korrupsiya faktları üzə çıxdı və Dağlıq Qarabağda xidmətdən yayınma halları artdı.
Buna baxmayaraq, Moskva açıq-aşkar bizə mane oldu, hücumumuzun genişlənməsini əngəllədi. Çünki Moskva Ermənistanın Azərbaycan qarşısında məğlub olmasını istəmir. Görünür, Rusiya eyni vəziyyətdə gələn dəfə yenə bizə mane olacaq. Qərar verməliyik: Ya torpaqlarımızı azad etmək məsələsində Rusiya amilini hər dəfə nəzərə almalıyıq, bu isə işğalın davamı deməkdir, ya da bütün risqləri göz önünə alaraq növbəti əməliyyatda 4 günlə kifayətlənməməliyik",-deyə politoloq vurğulayıb.