Cavid Qurbanov da yola salınır... - Qalmaqallı məmur bu dəfə niyə qəzəb doğurub?
Parlamentin 22 may iclasında etdiyi səs-küylü çıxışı ilə diqqətə gələn və dogər məmurlara Vergilər Naziri Mikayıl Cabbarovu nümunə göstərən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov deyəsən, özü-özünü cəncələ salıb. Əslində hələ mərhum prezident Heydər Əliyevin vaxtında etdiyi xəyanəti ilə o zamankı iqtidar komandasından çıxdaş edilən Cavid Qurbanov sonrada sözügedən düşrəgəyə qayıda bilsə də, bir-birinin ardından yol verdiyi xəyanətləri ilə hər zaman diqqət çəkib.
Doğrudur, ona zamanında keçmiş nəqliyyat naziri Ziya Məmmədov sahiblənmişdi və Qurbanovun hakim düşərgədə reablitasiya olunmasına kifayət qədər çaba sərf etmişdi. Lakin fələyin çərxi necə fırlandısa, Cavid Qurbanov növbəti dəfəsində Ziya Məmmədova qarşı çıxdı. O zaman hələ Ziya Məmmədov nazir idi. Və ayrıca xəttlə yerini möhkəmlədən Cavid Qurbanov hətta Ziya Məmmədov üçün bir növ müqəddəs hesab olunan bir posta - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyinat da ala bildi. Ona görə Ziya Məmmədov üçün bu vəzifənin xüsusi önəmi var idi, çünki sabiq NN şefi nazir postuna məhz həmin vəzifədən gəlmişdi.
Dia.az-a danışan mənbə bildirir ki, bir-birinin ardından ətrafındakı adamları hədəfə çevirən və zamanında onu himayə edənləri nişangaha gətirən Cavid Qurbanov bu gün artıq özü hədəfdədir.
Mənbənin söylədikləri: "Cavid Qurbanov AXC-Müsavat hakimiyyətinin şinelindən çıxan bir kadrdır. Onun köhnə vərdişləri hələ də qalıb. İntriqabazlıq, qrup marağı və digər bu kimi vərdişləri Cavid Qurbanovu hakim düşərgədə etibarsız fiqura çevirib. Buna görə də, artıq Cavid Qurbanovun yerinə kadr axtarışı ab-havası kimsəni narahat etmir".
Mənbə iddia edir ki, yaxın vaxtlarda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna yeni təyinat ola bilər: "Bu, baş verərsə, kimsə təəccüblənməsin. Çünki istənilən bir proses zaman-zaman yetişir. Bir günün məhsulu deyil".
Qarşı tərəfi də dinləməyə hazırıq..