"Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir. Azanın səsi 500 metrdən kənara yayılmamalıdır..." – Əli Həsənov
Qaynarinfo xəbər verir ki, bu sözləri Bakıda indoneziyalı jurnalistlərlə görüşü zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib.
Ə.Həsənov həmçinin bildirib ki, Azərbaycanda azanın 500 metrdən uzaq məsafədən eşidilməməsi barədə qayda mövcuddur: "Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”.
Prezidentin köməkçisinin sözlərinə görə, bu qayda Azərbaycanda yüksək dini tolerantlığın göstəricisidir və ölkədə müsəlmanlar və digər dinlərin nümayəndələri bir-birlərinin işinə müdaxilə etmir.
Ə.Həsənov əlavə edib ki, Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir: "Biz kiminsə orucluq kimi bir dini ayini yerinə yetirib-yetirmədiyini bilmirik və bilməməliyik. Mən bilmirəm ki, mənim əməkdaşlarım oruc tutur, ya yox, onlara da mənim oruc tutub-tutmamağımı bilmək lazım deyil”.