AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvandan Moskvaya kompromat savaşı – 1 mart işində “rus izi”, Xocalı təhdidi...

  • + A
  • - A
  • 12-07-2018, 10:04

    İrəvandan Moskvaya kompromat savaşı – 1 mart işində “rus izi”, Xocalı təhdidi...














    Ermənistanda “1 mart işi” ilə bağlı qalmaqal böyüyür. Xatırladaq ki, 2008-ci ilin həmin tarixində prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edən 11 dinc nümayişçi güllələnərək öldürülüb. O vaxt prezident Robert Köçəryan, müdafiə naziri Mikayel Arutyunyan, silahlı qüvvələrin İrəvan qarnizonunun rəisi isə hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO-su”) baş katibi postunu tutan Yuri Xaçaturov olub.

    Ötən sayımızda Xaçaturovun da Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət edilməsi haqda xəbər vermişdik. Xatırladaq ki, Serj Sərkisyan prezident olandan sonra Yuri Xaçaturov uzun müddət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tutub. Erməni general bilavasitə Moskvanın adamı sayılır və İrəvandan çox Kremlə sadiqliyi ilə tanınır. Onun ötən il KTMT-yə baş katib gətirilməsində bu amil də mühüm rol oynayıb.

    Eləcə də Xocalı hərbi caniləri - Robert Köçəryan, digər eks-prezident Serj Sərkisyan, Sərkisyan dönəmində müdafiə naziri olmuş Seyran Ohanyan, Xaçaturovdan sonra Baş Qərargah rəisi postunu tutmuş və Paşinyanın qovduğu general Movses Akopyan (Xocalı soyqırımı zamanı Xankəndindəki 366-cı rus motoatıcı alayın komandir müavini olub) Rusiyanın adamları sayılır. Xaçaturov xaric, onların hamısı qarabağlıdır.

    *****

    Göründüyü kimi, bu adamların heç biri Ermənistanın yeni siyasi-hərbi rəhbərliyində təmsil olunur. Diqqət çəkən həm də odur ki, ümumiyyətlə, yeni hökumətdə və ordu rəhbərliyində Rusiyanın bircə adamı belə yoxdur. Ölkənin Təhlükəsizlik Xidmətinin katibi də Qərbə rəğbəti olan Armen Qriqoryandır.

    Üstəlik, Nikol Paşinyan “Kreml uşaqları”nın təqibini davam etdirir. Sanki bununla nə vaxtsa qəzəbinə tuş gələcəyi Moskvaya qarşı indidən kontur-müdafiə mexanizmi qurur, kompomat hazırlayır. Onun bu yolla ən azı, erməni xalqı qarşısında öz imicini, etimad kapitalını artırıb, Rusiyanı yerli ictimai rəydə bir az da gözdən salmaq istəyi dəqiqdir. Ki, sonra Qərbə kurs götürmək ona daha asan olsun, bunun üçün arxasında yetərli ictimai dəstəyi hiss eləsin.

    Hər halda, Xaçaturovun ifadə vermək üçün İrəvana çağırılması ilə Paşinyan 1 mart hadisələrində Moskvanın da əlinin ola biləcəyinə işarə vurur. Rəsmi Kremlin buna reaksiyasının nə olacağını yəqin ki, tezliklə biləcəyik. Bu günə hələ ki, nə Rusiya XİN-in, nə də “erməni sevdalısı” Mariya Zaxarovanın Xaşaturovun istintaqa çağırılması ilə bağlı açıqlama verməməsi maraq doğurur...

    *****

    Təbii ki, ittiham edilənlər yaxalarını kənara çəkməyə çalışır və çalışacaqlar. Çünki ortada 11 günahsız adamın ölümü var. O sırada istintaqa çağırılan Köçəryan deyib ki, 1 mart hadisələri zamanı tətbiq edilən zorakılıq haqqında əmri prezident yox, müdafiə naziri verib. Onun sözlərinə görə, məhz Ermənistanın ovaxtkı müdafiə naziri Mikayıl Arutyunyan ordunun etirazçılar üzərinə yeridilməsi haqqında məxfi “N 0038" əmrini imzalayıb. Ancaq bunu da deyib ki, ”müdafiə nazirini öz vəzifəsini yerinə yetirməkdə ittiham etmək absurddur".

    Köçəryan habelə hadisələr zamanı güc tətbiq edilmədiyini və ordu bölmələrinin xalqla toqquşmalarda iştirak etmədiyini söyləyib. Onun son açıqlamaları isə hakimiyyətə yaxın KİV-lərdə səmimi qəbul edilməyib.

    “Çox maraqlıdır, ordu ilə etirazçılar arasında toqquşma olmayıbsa, onda gülləni kim atıb - polis, Daxili Qoşunlar, yoxsa oliqarxiya?” “Yeni Müsavat” xəbər verir ki, bu barədə 1 in.am nəşrində dünən getmiş məqalədə deyilir.

    Yazıda daha sonra deyilir: “Köçəryan sanki bununla hamıya xatırladır ki, onlar eyni qayıqda olublar və əgər o batsa, özü ilə digərlərini də dartıb aparacaq. Başqa yandan, bu, əlbəttə ki, istintaqla əməkdaşlığa hazırlığın təzahürü sayıla bilər - hansı ki, ittihamların öz təsdiqini tapacağı təqdirdə ”yüngülləşdirici amil" ola bilər. Digər tərəfdən, olduqca maraqlı situasiya yarana bilər - nə vaxt ki, istintaqa başqa məmurlar da çağırılacaq. Bu isə mütləq olacaq. Artıq məlumdur ki, Yuri Xaçaturov ifadə vermək üçün istintaqa çağırılıb. Məntiqli olmazdı, əgər hər şey Köçəryan və ya Xaçaturovla məhdudlaşsaydı - təbii ki, onlar bütün günahı öz üzərilərinə götürməsələr. Amma deyəsən, bunu əksi baş verir: hər halda, ikinci prezident işarə vurur ki, hər şeyin onun üstünə atılmasına imkan verməyəcək. Bu isə o deməkdir ki, istintaqa yeni şəxslərin çağırılması qaçılmaz olacaq".

    Əlbəttə ki, Rusiyadan siyasi sığınacaq istədiyi deyilən Köçəryanın boğazına su çatanda o, özünü xilas üçün hər şeyə gedə bilər. Hətta bunu da boynuna ala bilər ki, “Xocalı soyqırımını biz yox, Rusiyanın 366-cı alayı törədib...”

    *****

    “Köçəryan haqqında kifayət qədər qalmaqallı istintaq və məhkəmə prosesinin baş tutması mümkündür”. Bunu axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Ermənistanda Köçəryanla bağlı irəli sürülən iddiaların kifayət qədər əsaslı olduğunu vurğulayıb: “Bunlardan birincisi 2008-ci il 1 martda Serj Səkisyanın prezident seçilməsinə etiraz edən İrəvan əhalisinin nəinki Ermənistanın xüsusi təyinatlıları, hətta Rusiyadan çağırılmış ”Alfa" qrupunun köməyi ilə gülləbaran edilməsidir. Rəsmi qaynaqlarda 11 nəfər göstərilsə də, mitinqlərdə 31 nəfərin həlak olduğu, 300-ə qədər adamın ağır xəsarətlər aldığı iddia edilir. Ermənistan Xüsusi İstintaq Komitəsi bununla yanaşı, həmin dövrdə mitinqçilərə qarşı güc tətbiq edilməsinə ehtiyacın olub-olmamasını, hər iki halda bu əmrin kim tərəfindən verilməsini, ikinci bir ölkənin prosesə qoşulması məsələlərini də ortaya çıxaracaq. Təbii ki, burada söhbət ilk növbədə Rusiyadan gedir".

    Politoloq əmindir ki, 1 mart 2008 və 27 oktyabr 1999-cu il parlament teraktını törədənlərin Köçəryan tərəfindən təlimatlandırılması faktı təsdiq olunarsa, bu, onun sonu olacaq: “Köçəryanın cinayətləri həddindən artıq çoxdur. Onun rüşvət və korrupsiya ilə bağlı əməlləri həm Ermənistan xalqına, həm də dövlət orqanlarına məlumdur. Köçəryan haqqında kifayət qədər qalmaqallı istintaq və məhkəmə prosesi baş tuta, onun toxunulmazlıq hüququ parlament tərəfindən qaldırıla və nəticədə o, həbs edilə bilər. Azərbaycana qarşı ağır cinayətlər törətmiş şəxsin həbsinin gerçəkləşməsi böyük bir hadisə olsa da, onun xalqımıza qarşı törətdiyi cinayətlərin istintaqa cəlb edilməməsi erməni şovinizminin əyani sübutudur”.
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR