Sarkisyan əks-hücuma keçdi – “İqla” əməliyyatı”
Ermənistanın eks-prezidenti Robert Köçəryanın hakimiyyətdən getməsindən sonra Qarabağ klanının daxilində başlayan parçalanma daha da artıb.
Klan üzvlərinin hakimiyyət uğrunda mübarizəsi onlar arasında ikitirəliyə səbəb olub. Klanın bir qismi Robert Köçəryanın dolayısı yolla dəstək verdiyi keçmiş müdafiə naziri Seyran Ohanyanın da üzvü olduğu Ohanyan-Ovanisyan-Oskanyan blokuna qoşulub.
Hazırkı prezident Serj Sərkisyan məhz bu bloku özü üçün əsas təhdid mənbəyi hesab edir. Belə ki, blok öz tərkibində Qarabağ klanının əsas liderlərini toplamağı bacarmışdı. Üstəlik, Ohanyanın vasitəçiliyi ilə blok orduya təsir imkanları əldə edir. Ermənistan ordusunda əsas söz sahibi olan “Qarabağ generalları”nın böyük əksəriyyəti məhz Ohanyanın nəzarəti altında hərəkət edirlər.
Digər tərəfdən, Ohanyanın əsas dəstəkçiləri sırasında Samvel Babayan da olub. Ohanyan-Ovanisyan-Oskanyan blokunun əsas maliyyə dəstəkçiləri sırasında da Babayan yer alıb. Ən diqqətçəkən nüans isə Babayanın son günlər Sərkisyana qarşı çıxışlarını sərtləşdirməsi idi. Babayan demək olar ki, bütün çıxışlarında hakimiyyətə qarşı silahlı mübarizəyə haqq qazandırmaqla məşğul olub.
Görünür, Sərkisyan məhz bu amildən yararlanmaq qərarına gəlib. Məhz Babayanın həbsindən təxminən bir həftə əvvəl müxalif “Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən məlumat yaydı. Bu məlumatda Babayanın bütün Ermənistan ərazisində silahlı qiyam hazırladığı bildirilirdi. Qəribədir ki, bu xəbərdən sonra Ermənistana Gürcüstandan “İqla” daşınan zenit-raket kompleksi keçirilir və onu Babayanın sifariş etdiyi söylənilir. Ardınca isə Babayan həbs edilir. Ən maraqlı məqam isə “İqla” sistemlərinin yalnız alçaqdan uçan aparatlar üçün yararlı olmasıdır. Bir növ “Stringer”ləri əvəz edən bu səyyar raket sistemləri qiyam üçün ən lazımsız silah sayılmalıdır.
Başqa maraqlı məqam isə erməni politoloq Kirakosyanın mətbuata verdiyi açıqlamadır. Bütünlüklə Rusiyadan asılı olan Ermənistan, Kirakosyanın fikrincə, müstəqil ölkə kimi yox, quberniya kimi seçkilərə hazırlaşır: “Daxili siyasətdə Rusiya faktoru özünə yeni forma qazanmağa başlayıb. Keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan, Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Çarukyan, Levon Ter-Petrosyan, Samvel Babayan və digərləri çalışırlar ki, Rusiyadan dəstək alsınlar. Başqa sözlə desək, Ermənistanın siyasi landşaftında rusiyayönlü “qəzəbli quşlar” peyda olub. Bu, erməni seçiciləri üçün təhqirdir”.
Kirakosyanın da dediyi kimi, ölkənin bütün siyasi sistemi Rusiyadan asılıdır. Ermənistanda hazırkı parlament seçkilərində əsas lider kimi görünən şəxslərin hamısı birbaşa Rusiya ilə nə zamansa əlaqədə olublar. Həm Petrosyan, həm Oskanyan, həm Ovanisyan, həm Babayan, həm Ohanyan, həm də Sərkisyan Moskva olmadan Ermənistanın siyasi mühitində heç nə etmək qabiliyyətində deyildilər.
Mühüm faktlardan biri də Babayanın keçən il jurnalistlərə verdiyi açıqlamadır. Ermənistanda böyük borcları ucbatından Moskvaya qaçan siyasətçi Aprel döyüşləri sırasında geri döndü. Sonradan jurnalistlərə verdiyi açıqlamada Babayan Rusiyada yaxşı əlaqələr qurduğunu da söylədi. Lakin Kreml bu dəfə şansı yenə də Sərkisyana verdi.
Görünür, Sərkisyan Moskva səfəri zamanı Kremldən növbəti dəfə ölkəni idarə etməyə razılıq aldıqdan sonra əks-hücuma başlayıb. Üstəlik, rus himayədarlarının gözündə yaxşı görünməkdən ötrü Babayanın “İqla”larını ortaya çıxaran Sərkisyan həm də özünü rusiyayönlü siyasətin Ermənistandakı əsas müdafiəçisi kimi təqdim etməyə çalışır. Yəqin ki, bundan sonra Ermənistan mətbuatında tezliklə bu raketlərin “Erabuni”dəki rus təyyarələri və ya vertolyotlarına qarşı istifadə olunacağı ilə bağlı xəbərlər çıxacaq. Təbii ki, sifarişlərini canla-başla yerinə yetirən Sərkisyanın sayəsində bütün hədəflərinə çatan Moskva bundan da yararlanacaq. Qısa müddət ərzində İrəvanın qarşısına yeni müqavilələr qoyulacaq.
Sərkisyanın oyunu bütün Qafqaza ağır zərbə olacaq. Ermənistanda növbəti parlament seçkisində kimin qələbə qazanmağından asılı olmayaraq, uduzan erməni xalqı və bütün Qafqaz, udan isə Qarabağ klanı, Sərkisyan və Rusiya olacaq.
Babayana gəldikdə isə Sərkisyan kimi, bu şəxs də Kremlin əlində oyuncaqdır. Belə oyuncaqlar İrəvanda bundan sonra da olacaq.(Axar.az )