AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Transxəzər qaz kəmərinə görə kimin qərar verməli olduğunu dedi

  • + A
  • - A
  • 27-08-2018, 11:53

    İlham Əliyev Transxəzər qaz kəmərinə görə kimin qərar verməli olduğunu dedi















    Ötən gün Bakıda Almaniya kansleri Angela Merkellə Azərbaycan prezidenti İlham Əliyevin keçirdiyi mətbuat konfransında almaniyalı jurnalist Transxəzər qaz kəmərinin perspektivləri barədə sual verib. “Siz Cənub Qaz Dəhlizinin Xəzər dənizi vasitəsilə Türkmənistana qədər uzadılmasını dəstəkləyirsinizmi?”-jurnalist həm prezident Əliyevə, həm kansler Merkelə ünvanladığı sualında bildirib.



    Virtualaz.org prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev jurnalistin sualına cavab olaraq Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanda bütün işlərin qrafik üzrə getdiyini bildirib. Azərbaycan prezidenti xatırladıb ki, Cənub Qaz Dəhlizi nəhəng beynəlxalq layihədir, dörd layihədən ibarətdir - “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi, Azərbaycan qazını Gürcüstan üzərindən daşıyan Cənubi Qafqaz boru kəməri, Azərbaycan qazını Türkiyəyə daşıyan TANAP və sonuncu, dördüncü hissə isə TAP-dır - Transadriatik kəmər.

    “Dörd hissənin üçü artıq reallaşıb və TANAP-ın açılışı bu ilin iyun ayında baş verib. Qalan hissənin tikintisi prosesi gedir, ümid edirəm ki, burada da heç bir problem olmayacaq və vaxtında – yəni, 2020-ci ildə Azərbaycan qazı 3500 kilometrlik boru xətti ilə Avropa bazarına çıxarılacaq. Beləliklə, Avrasiyanın enerji xəritəsinə çox dəyərli bir töhfə veriləcək. Bununla Azərbaycan qarşısında duran enerji təhlükəsizliyi ilə bağlı olan bütün məsələləri həll etmiş olur. Çünki əvvəlki illərdə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftini Aralıq dənizinə çatdırır. Qara dənizə aparan Bakı-Supsa kəməri bizim təşəbbüsümüzlə tikilib, Bakı-Ərzurum qaz kəməri çəkilib və bu dördüncü layihə ilə biz qarşımızda duran bütün vəzifələri icra edirik»-İlham Əliyev deyib.

    Prezident daha sonra bildirib ki, Azərbaycanın tranzit imkanlarına və Bakının buna münasibətinə gəlincə, əlbəttə, hər bir ölkə onun ərazisindən daha çox yük keçməsini istərdi. Bununla belə İlham Əliyev Transxəzər qaz kəməri layihəsində Azərbaycanın təşəbbüsü üzərinə götürən tərəf olmayacağını bildirib, işarə edib ki, bu layihədə daha çox Türkmənistan maraqlı olmalıdır, təşəbbüs göstərməlidir. Azərbaycan isə yalnız bundan sonra layihəyə maraq göstərə bilər.



    Sitat: “Hazırda biz Türkmənistan neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarlarına çatdırırıq və eyni zamanda, Orta Asiyanın quru yüklərini Azərbaycan ərazisindən yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə çıxarırıq. Ancaq əlbəttə ki, Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır, tranzit ölkələr burada təşəbbüs göstərməməlidir. Necə ki, biz qazın sahibi kimi 3500 kilometrlik kəmərin tikintisinə start verdik, böyük maliyyə vəsaiti ayırdıq. Ona görə də əgər Xəzərin şərq hissəsində öz qazını Azərbaycan üzərindən dünya bazarına çıxarmaq qərarı olarsa, biz əlbəttə ki, buna çox maraqla baxa bilərik və onda öz qərarımızı verə bilərik. Ancaq bu qərar bizim yox, qarşı tərəfin olmalıdır».

    Qeyd edək ki, avqustun 12-də Aktauda Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması Transxəzər qaz kəmərinin perspektivləri mövzusunu aktuallaşdırıb. Çünki Konvensiyada göstərilir ki, sahilyanı ölkələr dənizin dibindən neft-qaz kəmərləri çəkə bilərlər və bunun üçün həmin kəmərlər hansı ölkələrin milli sektorlarından keçirsə onların razılığı lazımdır. Lakin bütün hallarda layihə digər sahilyanı ölkələrin ekoloji təftişindən keçməlidir və ətraf mühitə təsiri öyrəniləndən sonra onun həyata keçirilməsi mümkündür. Başqa sözlə, Konvensiyaya əsasən Transxəzər qaz kəmərinin çəkilməsi üçün Türkmənistan və Azərbaycanın razılığı kifayət etməzdi, bunun üçün digər sahilyanı ölkələr də ekoloji aspektdən öz razılıqlarını verməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR