BDU-nun yeni rəhbəri kimdir? - DOSYE
Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, Bakı Dövlət Universitetinin rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.
Qaynarinfo xəbər verir ki, Qurbanov Firudin İsa oğlu 1952-ci ildə anadan olub. O, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma” fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989-1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib.
1994-2007-ci illərdə Gənclər və İdman, Gənclər, İdman və Turizm Nazirliyində Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib.
1995-2002-ci illərdə Gənclər və İdman Nazirliyinin Elmi-Metodiki Şurasının sədr müavini, 2001-2005-ci illərdə Elmi-Metodiki Şurasının sədri olub.
1998-ci ildə Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının nəzdində işçi qrupunun üzvü, 2002-2005-ci illərdə Turizmin İnkişafı Dövlət Proqramının, 2003-2005-ci illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramlarının hazırlanmasında gənclər, idman, turizm və mədəniyyət sektorları üzrə işçi qruplarının sədri, BMT-nin İnkişaf Proqramı "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə İnstitusional yardım” (2004-2005-ci illər) layihəsinin milli direktoru olub.
2007-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.
2007-ci ildə Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub.
İngiltərə, Danimarka, ABŞ, İsveçrə, Fransa, Nepal, Uruqvay, Niderland, Almaniya, Türkiyə, İspaniya, Avstriya, Çin və s. xarici ölkələrdə beynəlxalq elmi konfrans, simpozium və seminarların iştirakçısı olmuş və aktual mövzularla çıxış etmişdir. İqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru, dosentdir. Bir monoqrafiya və 60-dan çox elmi əsərlərin müəllifidir.
2001-2008-ci illərdə Milli Olimpiya Komitəsinin üzvü olub. 2003-cü ildə AFFA-nın elmi metodiki komissiyanın sədri, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasında İşçi Qrupun rəhbəri olub.
2011-ci ildə "dövlət qulluğunun baş müşaviri” ixtisas dərəcəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
2015-ci ilin mart ayında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.
Prezident İlham Əliyevin 18 iyul 2014-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavindir.
Nərimanov rayon YAP təşkilatının idarə heyətinin üzvüdür.
Evlidir, iki övladı var.