Cahangir Hacıyevin daha bir “qurbanlıq” krediti
Həbsdəki bankir və çetesi milyonları sağa-sola paylayıb; ABB-nin Moskva filialındakı 15 minlik korrupsiya ilə bağlı məhkəmə prosesi gedir
Bakı Ağır Cinayətlər Məhkəməsində “Beynəlxalq Bank işi” üzrə daha bir proses başlayıb. Söhbət 15 milyon dollar kredit götürülməsi və geri qaytarılmamasından gedir. Hakim qarşısına təqsirləndirilən qismində Rauf Allahverdiyev çıxarılıb. Bu şəxsin kimliyi və ona 15 milyon manat kreditin hansı şərtlərlə verilməsi hələlik bilinmir. İttihamda iş adamı olduğu göstərilən R.Allahverdiyevin “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından 15 milyon manat kredit götürdüyü və geri qaytarmadığı yazılıb.
Ümumilikdə isə Beynəlxalq Bankdan kredit alıb qaytarmayan sabiq və indiki məmurlar haqda mətbuatda kifayət qədər yazılar dərc olunub.
“Beynəlxalq Bank işi” adını almış cinayət işinin istintaqı zamanı çoxsaylı belə faktlar üzə çıxıb. Məlum olub ki, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan 800 milyon dollar kredit götürüb, qaytarmayıb.
O da məlum oldu ki, sabiq deputat, hazırda həbsdə olan Dünyamin Xəlilov da Cahangir Hacıyevlə olan yaxın qohumluq münasibətlərindən istifadə etməklə Beynəlxalq Bankdan rekord sayıla biləcək məbləğdə – 1,7 milyard manat götürərək qaytarmayıb. Qeyd edək ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edirdi. “Beynəlxalq Bank işi”nə görə saxlanılanlardan biri də baş nazirin sabiq birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov olmuşdu. Mətbuatda yer alan məlumatlara əsasən, Nadir Abbasov Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün Beynəlxalq Bankdan kredit götürüb. Kreditin 10 milyon manat olduğu və son ödəmə müddətinin 2018-ci il olduğu bildirilir. İddiaya görə, onu DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırıblar. Ondan krediti dərhal qaytarması tələb olunub. Krediti geri qaytara bilməyən N.Abbasov həbs olunub. Borclu məmur qohumlarından biri də Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı – biznesmen Şahin Mövsümov idi. O, bağlanmış olan “Bank Standard”dan 100 milyon manat kredit götürüb, hələ də qaytarmayıb. Yazdıqlarımız ictimaiyyətə məlum olan faktlardır. Gələn məlumatlar isə onu deməyə əsas verir ki, faktlar bundan dəfələrlə çoxdur. Rauf Allahverdiyevin işi üzrə proses bir daha yayılan məlumatların reallıqla əlaqəsini təsdiq edir.
Yada salaq ki, indiyədək Azərbaycanda 12 bankın lisenziyası geri alınıb, 1 bank BOKT-a (Bank Olmayan Kredit Təşkilatı) çevrilib. Bankların çöküşündə əsas amillərdən biri kimi toksik kreditlər göstərilir.
Ayın sonlarında isə hazırda 15 illik cəzasını çəkən Cahangir Hacıyev daha bir məhkəmə qarşısına çıxarılacaq.(musavat)