Daha 1160 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhidlərimizin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, bununla bağlı fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 700 şəhidin 1160 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Müvafiq vəsaitlər bir həftə ərzində vərəsələrin bank hesablarına köçürüləcək.
Dövlət başçısının 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 6191 şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.