AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

56 milyonluq korrupsiya haqda şok detallar

  • + A
  • - A
  • 16-03-2017, 10:04

    56 milyonluq korrupsiya haqda şok detallar

















    Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı İsveç prokurorluğu bir yox, bir neçə şirkətin fəaliyyətini araşdırır.

    Bu haqda işi aparan İsveç prokuroru BBC Azərbaycancaya bildirib. “Araşdırdığımız siqnalizasiya layihəsinə hazırda və keçmişdə aidiyyəti olan bir yox, bir neçə fərqli şirkət var”, - deyən Thomas Forsberg konkret şirkətin adını çəkə bilməyəcəyini bildirib.

    Ötən cümə günü İsveç prokurorluğu 2013-cü ildə Azərbaycan dəmir yolunun təchizatı üzrə tenderlə əlaqədar Azərbaycan rəsmilərinə rüşvət verməkdə şübhəli bilinən Kanadanın "Bombardier" şirkətinin əməkdaşını həbs edib. Thomas Forsbergin sözlərinə görə, təyyarə və dəmir yolu avadanlığı istehsal edən "Bombardier"in bir neçə əməkdaşı Azərbaycan rəsmiləri ilə gizli sövdələşmədə şübhəli bilinirlər. 2013-cü ildə "Bombardier Trasportation" şirkəti Avropa ilə Asiyanı bağlayan Bak nəqliyyat layihəsinin siqnalizasiya avadanlığı ilə təchiz edilməsi barədə tenderi qazandıqdan sonra ilk sifarişi qəbul etdiyini elan edib. Thomas Forsberg bildirir ki, üç il əvvəl keçirilən tenderdə daha yüksək qiymət təklif edən başqa şirkətlərin iştirakına rəğmən müqavilə "Bombardier" şirkəti ilə imzalanıb.

    ""Bombardier" başqa iştirakçılardan az təklif etsə də, 2013-cü ildəki tenderi qazandı”, o deyib. İsveç prokuroru antikorrupsiya işi ilə bağlı İsveçdə yaşayan Rusiya vətəndaşının həbs olunduğunu və növbəti məhkəmə iclasına kimi onun həbsxanada saxlanılacağını bildirib. Həbs edilən şəxsin vəkili ittihamları rədd edir. Thomas Forsberg Azərbaycan tərəfi ilə istintaq çərçivəsində təmasda olub-olmadığı barədə suala cavab verə bilməyəcəyini deyib. Lakin onun sözlərinə görə, məsələ beynəlxalq miqyaslıdır və antikorrupsiya işi üzrə bütün tərəflər əməkdaşlıq etməlidir. İsveç prokuroru istintaq davam etdiyi üçün əlavə təfərrüatlara varmaq istəmədiyini bildirib. Məsələ ilə bağlı araşdırma aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinə əsasən İsveçdə mənzillənən "Bombardier Transportation" AB qrupu Britaniyada qeydiyyatdan keçmiş və yalnız kağız üzərində mövcud olan şirkət vasitəsilə Azərbaycandakı rəsmilərə milyonlarla dollar ödəyib.

    Məsələni araşdıran İsveçin TT agentliyi və Uppdrag Granskning TV proqramında bildirilir ki, Azərbaycan dəmir yollarının siqnallaşdırma avadanlığı ilə təchizatına dair müqavilə 340 milyon dollar dəyərindədir. İddia olunur ki, üçüncü tərəf vasitəsilə alınmış dəmir yolu avadanlığı sonradan daha yüksək qiymətə satılıb. İsveç prokurorluğuna əsasən dəlillər ötən ilin oktyabr ayında "Bombardier"in İsveçdəki ofisindən müsadirə edilmiş elektron məktublardan ibarətdir. "Bombardier" şirkətinin sözçüsü əməkdaşının həbs edildiyini təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib. “Biz hakimiyyətlə tam əməkdaşlıq edəcəyik”, - Barbara Grimm "Reuters" agentliyinə bildirib. Kanadanın baş naziri Justin Trudeau cümə günü deyib ki, Kanada şirkətindən “ən yüksək etik davranış” standartlarına riayət edilməsini gözləyir.

    Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda tenderlərin keçirilmə qaydası bu sahə ilə az-çox tanışlığı olan hər kəsə bəllidir. Hüquqşünasın sözlərinə görə, tenderlərdə adətən elə keçirənlərin özləri qalib olurlar: "Tenderdə əsas məqam təklifin tələbə uyğun olmasıdır. Tutaq ki, mən tələbkar olaraq 3 gün ərzində 10 kiloqram Quba alması almaq istəyirəmsə və ümumi qiymətin 10 manatı aşmamasını arzu edirəmsə, təklif buna uyğun olmalıdır. Quba alması əvəzinə Afrika bananı təklif edənin ərizəsi dərhal çıxdaş olunur. Tələbə uyğun təklif verənlərin təklifləri nəzərdən keçirilir və ən optimalı və əsas məsələ qiyməti daha uyğun olanı qəbul edilir.

    Amma məsələ bundadır ki, tenderlər keçirənlərin özləri adətən şirkətlər yaradırlar. Həmin şirkətlər də elan olunan tenderə qatılır. Tenderdə real iş görmək istəyən şirkətin təklifləri sırasından ən uyğunu seçilir, amma həmin təkliflər paketi tenderi keçirənlər öz şirkətlərinə ötürürlər. Vəssalam.

    Həmin şirkəti də tender komissiyası qalib elan edir, pulları da götürüb istədiklərini edirlər. Və yaxud da belə də olur ki, hansısa şirkətlə tenderə qədər razılaşma əldə olunur. Bundan sonra tender elan edilir. Tenderə tenderi keçirənlərin özlərinə yaxın şirkətləri və əvvəlcədən qalib elan ediləcəyi bilinən şirkəti buraxırlar. Həmin şirkət və digərləri tenderdə iştirak edirlər və nəticə də əvvəlcədən razılıq əldə olunan şəkildə olur. Yəni qalib tenderdən əvvəl “görüm-baxım”, “hörmət” etmiş şirkət olur. Tenderin adı var, faktiki isə qabaqcadan kimin qalib olacağı bilinir".

    Qeyd edək ki, böyük yeyinti faktlarını üzə çıxaran İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasən həyata keçirilir.

    Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR