AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paytaxt sakinləri narahatdır, lakin rəsmi qurum təlaşa ehtiyac görmür – FOTO, VİDEO

  • + A
  • - A
  • 3-07-2019, 09:55

    Paytaxt sakinləri narahatdır, lakin rəsmi qurum təlaşa ehtiyac görmür – FOTO, VİDEO

    AAYDA: Cavanşir körpüsünün söküləcəyinə dair layihə hazırlanıb, amma söküntü hazırda gündəmdə deyil

    Bir müddətdir ki, Bakının mərkəzindəki, sakinlər arasında “Qaqarin mostu” kimi tanınan Cavanşir körpüsünün söküləcəyi müzakirə olunur. Sürücülərin bildirdiklərinə görə, artıq körpünün sökülməsi ilə bağlı qərar da qəbul edilib. Söküntü işlərinə isə sentyabr ayında start veriləcəyi deyilir.

    Redaksiyamıza müraciət edən bir neçə sürücü Cavanşir körpüsünün sökülməsinə görə narahatlıqlarını dilə gətiriblər. Onlar iddia edirlər ki, körpünün sökülməsi ərazidə böyük tıxaca səbəb olacaq.

    AYNA-nın əməkdaşı sözügedən əraziyə yollanaraq sürücülərin narahatlıqlarına aydınlıq gətirməyə çalışıb. Ərazidə olduğumuz müddətdə həm körpünün üzərində, həm də yolayrıclarında hərəkət edən avtomobillərin sıxlığı müşahidə olunurdu.

    Sürücülərlə söhbətimiz zamanı məlum oldu ki, körpünün qəzalı vəziyyətdə olduğu üçün söküləcəyi qeyd olunur. O da vurğulanır ki, körpü söküləndən sonra yerində yeni yol qovşağı salınacaq.
    Paytaxt sakinləri narahatdır, lakin rəsmi qurum təlaşa ehtiyac görmür – FOTO, VİDEO

    Həmsöhbətlərimizdən biri körpünün söküləcəyindən dolayı narahatlığını belə əsaslandırdı: “Bu körpü çox enlidir. Sıxlıq və tıxac olsa da, 5-6 avtomobil eyni anda körpünün üzərində hərəkət edə bilir. İndi körpü sökülsə, şəhərin bu ərazisində ciddi tıxaclar yarana bilər”.

    “Alternativ yollarda avtomobillər saatlarla gözləməli olacaqlar. Dənizkənarı parka istirahət etmək üçün gün ərzində yüzlərlə insan gəlir. Onların da çoxu bu körpüdən istifadə edir. Əminəm ki, körpü sökülsə, həmin insanlar saatlarla tıxacda qalmağa məcbur olacaqlar” – deyə digər sürücü də körpünün sökülməsi xəbərini etirazını ifadə etdi.

    Daha sonra körpünün alt hissəsinə düşüb, qəzalı vəziyyətdə olub-olmadığını yoxlamaq qərarına gəldik. Etiraf edək ki, gördüklərimiz bizi məyus etdi. Bir tərəfdə qalaqlanmış daş qırıntıları, digər tərəfdə də torpaq təpəciyi, az qalırdı ki, “gözümüzə girə”.

    Hələ torba-torba zibilləri demirik. Körpünün baxımsızlıqdan rəngini dəyişmiş divarları isə, kim bilir, sonuncu dəfə nə zaman boyanıb. Körpünün altında addımladıqca ətrafı toz dumanı bürüyürdü. Təbii ki, həmin toz da tənəffüs sistemi ilə ciyərlərimizə hopurdu.
    Paytaxt sakinləri narahatdır, lakin rəsmi qurum təlaşa ehtiyac görmür – FOTO, VİDEO

    Bakının göbəyində yerləşən körpünün altının belə bərbad vəziyyətdə olması heç də xoş deyil. Ancaq deyəsən, bu durum aidiyyəti qurumları əsla narahat etmir. Əks halda ərazidə səliqə-səhman göz oxşayardı.

    Orada olduğumuz müddətdə körpünün altı ilə hərəkət edən avtomobillərin sürücülərinin də bir neçəsi sürəti azaldaraq öz fikirlərini bizimlə bölüşdülər. Adını açıqlamayan bir yaşlı sürücü əlini yelləyərək bunları dedi: “Kimin ağlına nə gəlirsə, onu da edir”.

    Ərazidən ayrılandan sonra sürücülərin narahatlıqlarına aydınlıq gətirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə müraciət etdik. Və o, Cavanşir körpüsünün sökülməyəcəyini dedi.

    “Təklif var idi. Layihə hazırlanmışdı. Amma o layihə təklif olaraq qalır. Bu gün Cavanşir körpüsünün sökülməsi gündəmdə deyil” – Nəfərli bildirdi.

    AAYDA sözçüsü körpünün vəziyyətinin normal olduğunu qeyd etdi: “Dayanıqlığı yerindədir. Heç bir təmirə ehtiyacı yoxdur. Əgər zərurət yaransa, təmir işləri aparıla bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR