Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Türk Dünyasının Dünəni, Bugünü və Gələcəyi “ adlı beynəlxalq simpoziumda iştirak edib.
17.03.2021- ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümü, türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümü və İstiqlal Marşının yaradılmasının 100-cü ilinə həsr olunmuş “Türk Dünyasının Dünəni, Bugünü və Gələcəyi“ adlı beynəlxalq simpoziumda iştirak edib. Tədbir Qırğız-Türk Manas Universiteti və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə Qırğızıstanın Bişkek şəhərində keçirilib.
Simpoziumda beynəlxalq türkdilli əməkdaşlıq təşkilatlarının rəhbərləri, millət vəkilləri, elm adamları və alimlər iştirak ediblər.
Fondun prezidenti Günay Əfəndiyeva video-format vasitəsiylə çıxış edərək, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Günay Əfəndiyeva çıxışında imüstəqilliyin dövlətin mövcudluğunun əsası, inkişafına kömək edən ən böyük amillərdən biri olduğunu vurğulayaraq, Türkiyə Böyük Millət Məclisinin yaranmasının Türk milləti üçün dönüş nöqtəsi olduğunu, türkdilli dövlətlərin müstəqilliklərini qazanmasını tarixdə böyük hadisə adlandırıb.
O, müstəqillik əldə etmiş türk dövlətləri arasında bu hadisədən sonra güclü bir canlanma başladığını, müxtəlif sahələrdə çoxtərəfli əlaqələrin qurulduğunu qeyd edib. Günay Əfəndiyeva eyni zamanda beynəlxalq türkdilli əməkdaşlıq təşkilatlarının yaradılmasının Türk Dünyasının həmrəyliyinin ən bariz nümunəsi olduğunu bildirib. Fondun prezidenti rəhbərlik etdiyi qurum, eləcə də digər türkdilli beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana yönəlmiş cinayətkar əməlləri pisləyən bəyanatların verilməsini, qazanılan şanlı Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlara birgə səfər edilməsini bu həmrəyliyin əyani örnəyi kimi qiymətləndirib.
Günay Əfəndiyeva Türkdilli xalqların tarixinin, mədəniyyətinin araşdırılması, qorunması və təbliği istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələrdən söz açaraq, birgə işlərin görülməsinin vacibliyini qeyd edib.
Konfrans Türkdilli ölkələr arasında maddi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi ilə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.