Bu gündən cərimələr yazılacaq…
Bu gündən avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaq.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib:
“İyulun 31-də xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti başa çatıb. Artıq bu gündən avtomobil sahibləri texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət daşıyırlar. Fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq olunacaq”.
Qeyd edək ki, minik avtomobilləri 1 may-31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.
Yük avtomobilləri və avtobusların texniki baxışı isə 1 avqust-31 oktyabr tarixləri aralığında baş tutacaq.