AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alova bürünən göydələnlər

  • + A
  • - A
  • 26-06-2021, 09:00


    Alova bürünən göydələnlər, susuz depolar, işləməyən su şlanqları, həyətə girə bilməyən yanğınsöndürənlər, elektrik işini görən qeyri-peşəkarlar, qazlaşdırılmayan binalar....
    Son günlər yeni tikilən binalarda yanğın hadisəsi çoxalıb. O qədər belə məlumatlar paylaşılır ki, demək olar, hündürmərtəbəli binalarda yanğın xəbəri adiləşib. Nə baş verir? Niyə həyət evlərinə və köhnə binalara nisbətən yeni tikili binalarda yanğın daha çox baş verir? Azadmedia.az bu sualların cavabını əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevlə araşdırmağa çalışıb.

    Elnur müəllim də bizimlə razılaşdı ki, yanğın ən çox yeni binalarda baş verir: “Bunun ən başlıca səbəbi, mənzil satanların mənzil alanı aldatmasıdır. Binalar uzun müddətdir ki, tikilib. Mənzillər satılarkən tikinti aparan şirkətlər mənzil sahiblərinə deyirlər ki, 1 aya, 5 aya binaya qaz veriləcək, bina qazla təmin olunacaq. Vətəndaşlar da inanır, evi təmir edən zaman elektrik naqillərini çəkəndə əvvəlcədən belə hesablayırlar ki, binaya qaz veriləcək, bütün isitmə sistemi kombi ilə olacaq deyə, biz daha qalın olan naqillərdən istifadə etməyək, çünki o enerji itkisi deməkdir. Adamlar təmir edir, yaşayır, uzun müddət keçir, binaya qaz verilmir, bütün qış aylarında kondisioner, elektriklə işləyən qızdırıcılar və digər elektrik əşyaları hamısı zamanla qoşula-qoşula bütün elektrik sistemini sıradan çıxarır”.
    Ekspert bildirdi ki, sadaladığı səbəblərdən 30-40 il ömrü olan elektrik naqilləri 3-5 ilə yararsız hala düşür. Çünki qış, yaxud yay aylarında məcbur qalan vətəndaşlar fasiləsiz kondisioneri qoşur. Təbii ki, bu hər mənzildə baş vermir, amma çoxunda bu belədir, - deyən E.Fərzəliyev çox vaxt elektrik işlərinin təmir zamanı qeyri-peşəkarlar tərəfindən aparılmasına da diqət çəkdi: “Tutaq ki, təmir zamanı mənzilin elektrik xətlərinə keyfiyyətsiz, ucuz naqillərdən istifadə olunur, çox yüklənir, bu, qısaqapanmaya səbəb olur. Nəzərə alaq ki, yeni binalarda köhnə binalara nisbətən daha çox işıqlandırılmadan istifadə edilir, cürbəcür fiqurlar, yanıb-sönən işıqlar,... Mütəxəssislər o işi görmədiklərinə görə, iş kor-koranə görüldüyünə görə bu gün o problemlər yaşanır. Bugünkü gün yeni binalara qeyri-peşəkarların elektrik naqilləri çəkməsi ən ciddi problemlərdən biridir. Bu gün bu binalar bizə bina kimi görünsə də, bina deyil. Bakı şəhərindəki yeni tikili binaların hər biri sanki böyük bir kənddir. Bir kəndin əhalisini yığırlar o binaya. 180-200 mənzillik tək binalar var. Hansı ki, o binada baş verən kiçik bir problem, kiçik bir qəza bütün binanın yanıb sıradan çıxmasına səbəb ola bilər.
    Ekspert binaya qazın verilməsinin gecikdirilməsinin günahınl təkcə MTK-da axtarmağı düzgün hesab etmir, daha cox aydiyyatı qurumların belə problemlər yaratdıqlarını bildirdi.
    E.Fərzəliyev bina sahibinin də məsuliyyətsizliyinə toxunaraq qeyd etdi ki, binaların hər mərtəbəsində yanğından mühafizə üçün su xətləri qoyulub. Yanğın hadisələri baş verərkən blokdan elə şlanqı qoşub evi söndürmək mümkündür. Amma biz baxaq, bir monitorinq keçirilsin, həmin su xətlərində su varmı, onlar işləyirmi? Mən demirəm hamısında bu belədir, yox, amma çoxlarında o şlanqlar işləmir, xətlərdə su yoxdur.
    Əmlak məsələləri üzrə ekspert binaların standartdan kənar, sıx tikilməsinin də problemə səbəb olduğundan söz açdı: “Bəzən bina yanır, yanandan sonra, problem yaşanandan sonra yanğınsöndürən maşınlar ora gəib çıxırlar, yanğınsöndürən maşınların da ora gəlib çıxması başqa bir problemdir. Baxın, dəfələrlə biz şahidi olduq, gəlirlər, həyətə girə bilmirlər. Çünki binaların həyətləri o qədər darısqaldır ki, ora heç evakuasiya üçün maşın gələ bilmir. Binaların da bir-birinə yaxın olması, bloklarda qapılarin bir-birinə yaxın olması, qonşuların çox olması hər hansısa bir qəza zamanı baş verə biləcək fəlakətin daha çox olacağından xəbər verir. Yəni biz normalda köhnə binalara baxsaq, görərik binalararası məsafə nə qədər geniş qoyulub, binalar üçün giriş-çıxış necə də arakəsmə ilə qoyulub. Təəssüflər olsun ki, indiki binalarda bu nüanslara nəzər yetirməyiblər. İsti yay ayları qabaqdadı, bu cür hallar yenə baş verə bilər. Bu cür halların baş verməməsi üçün elə həmin blokların su xətlərini, binaların özünün su depolarını yoxlamaq lazımdır ki, hansısa bir yanğın hadisəsi baş versə, yanğınsöndürən maşınlar artıq suyu çatdıra bilməsələr belə binanın həyətinin suyu ilə yanğın söndürülə bilsin”.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR