Yasamal rayon icra hakimiyyətindən sakinlərin ittihamına cavab
Şahin Məmmədov: “99 faiz əhali, bu pilot layihədən razıdır”
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 36A, 36B, 36V, Əhməd Cəmil 23, 25, 27 və Şəhriyar küçəsi 5 ünvanında yaşayan sakinlər musavat.com-a müraciət edərək, vəzifədən azad edilmiş Yasamal rayon İcra Hakimiyyətinin rəhbər şəxslərindən şikayətlərini bildiriblər. Sakinlər qeyd ediblər ki, müvafiq qurumlardan cavab ala bilməyincə məsələni ictimailəşdirmək qərarına gəliblər. Onlar şikayətlərini aşağıdakı kimi anladıblar:
“İbrahim Mehdiyevin qanunsuz qərarına görə, “Elit City” MMC-nin həyətimizdə 14 mərtəbəli yaşayış binası tikmək planı bizdə narahatlıq yaradıb. Diqqətinizə çatdırırıq ki, 3 tərəfdən 9 mərtəbəli, 1 tərəfdən 5 mərtəbəli bina ilə əhatə olunan qapalı həyətimizin sahəsi təxminən 55 m x 85 m. ölçüdədir. Biz həmin ərazidə yerləşən 2 mərtəbəli 3 ədəd fin layihəli binaların (cəmi 24 mənzil var) sökülməsini, ərazinin abadlaşdırılmasını təqdir edirik. Lakin həmin 3 evin yerindən 4 dəfə böyük ərazini zəbt etməklə hündürmərtəbəli yaşayış binasının tikintisi Azərbaycan Respublikasının tikinti və şəhərsalma qanunvericiliyinə ziddir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin 01.05.2017-ci il, 16.05.2017-ci il, 10.07.2017-ci il, 26.07.2017-ci il tarixli məktubları ilə həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı bildirilib, Yasamal Rayon İH-dən qanunvericiliyin tələbinə əməl edilməsi xahiş olunub.
Buna baxmayaraq, son günlərdə “Elit City” MMC-nin rəhbərliyi Yasamal Rayon İcra Hakimiyyətinin yüksək vəzifəli əməkdaşları ilə birgə fəaliyyət göstərərək həyətimizdə qanunsuz tikintini başlamağa cəhd edirlər.
Yasamal Rayon İH-nin şöbə müdiri Şahin Məmmədov mətbuata müsahibə verərək həyətdə 14 mərtəbəli binanın tikiləcəyini bəyan edib. “Elit City” MMC-nin rəhbərliyi, müxtəlif yüksək vəzifəli şəxslərin adlarını çəkərək, guya, həyətdə bina tikilməsinin “yuxarılardan” tapşırıldığına dair təəssüratlar yaratmağa, bununla öz qanunsuz əməllərini pərdələməyə çalışırlar. Sakinlərin məlumatı olmadan onların adından müxtəlif ünvanlara müraciətlər göndərərək, guya, binanın tikintisinə razı olduğumuza dair yanlış məlumat verirlər”.
Sakinlər bildiriblər ki, təəssüf ki, keçmiş icra başçısı İ.Mehdiyevin qanunsuz sərəncamını alan işbazlar prezidentin müvafiq tapşırığından sui-istifadə etməyə cəhd göstərirlər: “Qonşu həyətdə tikinti aparan “Elit City” MMC 14 mərtəbəli layihə əsasında artıq 17-ci mərtəbənin tikintisini davam etdirir. Həyətimizdəki 3 fin evinin 24 mənzilinin qonşu həyətdə tikilən binaya köçürülməsinə tam şərait olduğu halda, “Elit City” MMC həyətimizdə əlavə olaraq 14 mərtəbəli 2 girişli 132 mənzilli bina tikməyə çalışır.
Belə tikinti aparılacaqsa, həyətimizdə olan 50-dən artıq çoxillik ağaclar kəsiləcək, yaşıllıq məhv ediləcək. Qeyd edək ki, mart ayında tikinti şirkəti tərəfindən həyətmizdəki yaşıllığın bir hissəsi məhv edildi, əlaqədar orqanlar isə tədbir görmədilər”.
Səslənən ittihamlara “Yeni Müsavat”a açıqlamasında yuxarıda adı çəkilən Yasamal rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov cavab verib. Bildirib ki, əslində bu tikintilər pilot layihə əsasında həyata keçirilir və təkcə Yasamal rayonuna aid deyil: “Orada çox köhnə, pis vəziyyətdə fin evlər vardı. Bir neçə dəfə də həmin evlərdə yanğın baş vermişdi. Nazirlər Kabinetinin 25 fevral, 2016-cı il 86 saylı qərarına əsasən pilot layihə kimi qəzalı vəziyyətdə olan evlərin yerində çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulub. Bu binalar bütün müvafiq qurumların razılığı əsasında tikilir. Evlərdə yaşayan sakinlər müvəqqəti olaraq başqa yerlərə kirayə köçürülür. Onların kirayə pulu, daşınma xərcləri hamısı da ödənilir. Bina tikildikdən sonra isə ərazisi öz mənzillərinin sahəsindən 20 faiz artıq olan ev alırlar. Artıq bizdə Şərifzadə 122, 86, 33, Zülalov 19 və digər ünvanlar Nazirlər Kabinetinin müvafiq qərarına düşüb. Qeyd etdiyiniz yerdə 5 ev var idi ki, baxanda içərisi belə görünürdü. Taxta konstruksiyalı, tam yararsız vəziyyətdə olan evlər idi. Bütün müvafiq qurumların razılığı alınıb. O boyda binanı hansısa tikinti şirkəti özbaşına tikə bilərmi? Bu, dövlətlə sahibkarların birgə layihəsidir və məqsəd də insanların mənzil şəraitinin yaxşılaşdırılması məsələsidir. Yeni normativlərlə 46 kvadratdan aşağı heç kimə mənzil verilmir. Bu isə o deməkdir ki, 13 kvadratlıq evi olan adam, indi 46 kvadrat sahəsi olan mənzil alacaq. Bəzi bir qrup şəxslər var ki, bu cür layihənin üzərinə kölgə salmaq istəyirlər. Onların da artıq iddiaları var. Deyirlər ki, bizim ailəmiz böyükdür, bizə 1 yox, 2 otaqlı mənzil verin. Başa düşmürlər ki, biz mənzili ailə tərkibinə görə yox, əvvəlki evlərinin sahəsinə görə veririk. 99 faiz əhali bu layihədən razıdır. İşə ötən ilin iyun-iyul aylarında başlamışıq artıq bir sıra ünvanlarda insanlar bilirlər ki, mənzilləri hansı mərtəbədədir, necədir. Onu da qeyd edim ki, yeni binada sakinlərin kommunal ödənişləri də əvvəlki kimi olacaq. Hətta sayğaclarına qədər çıxarıb, həmin kodla yenidən bərpa edirik. İndi bir-iki adam tapılır ki, bu işlərə kölgə salırlar. Fəaliyyətimiz tam şəffafdır. Bu, cənab prezident tərəfindən görünən çox xeyirxah işdir. Göstərişə görə bütün binaların birinci mərtəbəsi uşaq bağçası olacaq. Yaxın 12 ayda 80-ə yaxın uşaq bağçasının tikilməsi planlaşdırılıb. İndi bir-iki nəfərin istəyi ilə işləri gözdən salmaq olmaz”.