Xəbər verdiyimiz kimi artıq bir müddətdir ki, Azərbaycan polisi Gorus-Qafan yolunun ölkəmizdən keçən hissəsində xidmət aparır. Torpaqlarımızdan keçənlərdən Azərbaycan qanunları çərçivəsində davranmaq tələb edilir. Qaydaları pozanlara qarşı müvafiq tədbirlər görülür. İndi sizə sosial şəbəkələrdə yayılmış bir görüntünü təqdim edəcəyik. Belə ki, polislərimiz üzərində qondarma Dağlıq Qarabağın bayrağının əks olunduğu avtobusu saxlayıb və həmin qondarma bayrağın təsvirini siliblər. Məsələni şərh edən millət vəkilləri və politoloqların sözlərinə görə bu addım Ermənistana və onun havadarlarına ciddi bir mesajdır.
Azərbaycan polisi Gorus Qafan yolunun ölkəmizdən keçən hissəsində avtobusun üzərində əks olunan qondarma Dağlıq Qarabağın bayrağını silib. Ərazidə xidməti vəzifəsini yerinə yetirən polislərimiz bir daha torpaqlarımızda belə təxribatlara yol verilməyəcəyini nümayiş etdiriblər.
Qondarma bayrağın silinməsindən sonra polislərimizdən biri avtobusda olan erməni uşaqlara sakit tərzdə vəziyyəti izah edib. Onlara bildirilib ki, "Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var. Daha sonra isə avtobusun hərəkətinə icazə verilib.
Görüntüləri şərh edən Millət vəkili Elşad Mirbəşir xezerxeber.az-a bildirib ki, polislərimizin bu davranışı ermənistana və onun havadarlarına, eləcə də azərbaycan ərazisində qalan azsaylı ermənilərə bir mesajdır. Millət vəkilinin sözlərinə görə 44 günlük vətən müharibəsində azərbaycanın əldə etdiyi parlaq qələbə erməni separatizmnə öldürücü zərbə vurub. Deputat vurğulayıb ki, beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan amillərdən biri də məhz separatizmdir. Ona görə də ermənilər Azərbaycan polisinin addımdan nəticə çıxarmalı və ərazilərimizdə öz mövcudluğunu davam etdirmək üçün ölkəmizin qanunlarına tam şəkildə tabe olmalıdırlar.
Məsələyə münasibət bildirən Politoloq Zaur Məmmədov bildirib ki, ermənilər özlərini aldatmamalıdırlar. Onlar azərbaycanın yaratdığı yeni reallıqlarla barışmalıdırlar. Zaur Məmmədov qeyd edib ki belə təxribatların qarşısı bundan sonra da Azərbaycan polisi tərəfindən qətiyyətlə alınacaq.
Xatırladaq ki, artıq bir müddətdir ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində yaradılmış postda polislərimiz xidmət aparır.