Bu gün həm ərazi, həm də təbii sərvətlər baxmından Azərbaycanın ən mühüm rayonlarından biri olan Kəlbəcər ermənilərin 27 illik işğalından azad edildi və kəlbəcərlilərin uzun illər çəkdiyi həsrətə son qoyuldu. Bu qalibiyyətə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun rəşadəti sayəsində nail olundu. 10 noyabrda Ermənistanın kapitulyasiyanı qəbul edərək imzaladığı bəyanata əsasən, Kəlbəcər artıq ikinci rayonumuzdur ki, bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edildi. Sözsüz ki, müzəffər Azərbaycan ordusunun gücü nəticəsində bu uğur əldə olundu. Çünki əgər 44 günlük müharibə ərzində ordumuzun uğurlu əməliyyatları olmasaydı, Ermənistan heç zaman bu kapitulyasiyaya razı olmazdı. Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan işğal olunmuş ərazilərimizi tərk etsin.
Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir. İstər ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, istər diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü qələbəmizi təmin etdi.
Kəlbəcər ölkəmizdə ən böyük ərazisi olan rayon olmaqla yanaşı, strateji və çətin relyefə malik olan bir rayondur. Kəlbəcərdə yüksək dağlar, dərin enişlər, yoxuşlar, çaylar var. Bu 27 il ərzində düşmən də boş dayanmayıb və möhkəm istehkamlar qurub. Yəni relyef baxımından çətin olan bir bölgənin bir güllə atılmadan işğaldan azad edilməsi çox böyük bir uğurdur və sözsüz ki, bu uğur Ali Baş Komandanımızın, silahlı qüvvələrimizin uğurudur.
Kəlbəcər eyni zamanda təbii sərvətlərlə zəngin bir bölgədir. Kəlbəcər qızıl, mis, qurğuşun yataqları və digər təbii sərvətlərlə zəngin olan bir rayondur, əsrarəngiz təbiətə malikdir. Kəlbəcər həmçinin, qədim tarixə malikdir və ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir ki, bu da Kəlbəcərin mədəni-tarixi əhəmiyyətinin nə qədər yüksək olduğunu göstərir.
Qeyd edək ki, Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi və ermənilər üçün bu bölgəmizin işğalı xüsusi əhəmiyyət daşıyırdı. Çünki Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə xüsusilə əhəmiyyətli idi. İllərdir torpaqlarımızı işğal altında saxlayan erməni vandallarının əməlləri barədə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi.
Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirmədi. Qətnamənin icrasız qalmasının əsas səbəbi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri olmuşdu. Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.
Aqşin Qasımov,
Salyan Gənclər və İdman İdarəsinin rəis müavini