AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şanlı Qələbənin Azərbaycan tarixində hər zaman özünəməxsus yeri olacaq

  • + A
  • - A
  • 6-11-2021, 15:23


    Ceyhun Məmmədov,
    Millət vəkili

    Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarixə düşdük.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 44 gün ərzində ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
    Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Vətən müharibəsində xalqımız tarixində olmadığı qədər yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin, sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. 28 il yarım işğal altında qalan Şuşanın işğaldan azad olunması, ulu öndər Heydər Əliyevin “Azərbaycan üzükdür, Şuşa onun qaşı” sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır.
    “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda təsdiqini tapdı. Ölkə başçımız ötən il noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı. “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi” söyləyən dövlət başçısı İlham Əliyev diplomatik uğurları ilə də sübut etdi ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.
    10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi.
    Əslində Azərbaycan xalqı iki gün əvvəl - noyabrın 8-dən qələbəni qeyd etməyə başlamışdı. Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirmişdi: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!"
    Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gərərək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da qələbəmizi təmin etdi. 44 gün davam edən Vətən müharibəsi dövründə dünyanın çoxsaylı nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı irəli sürülən bütün yalan informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
    Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başladığı İkinci Qarabağ – Vətən müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əldə olunan razılaşmaya əsasən 1 dekabr 2020-ci il tarixinədək Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılmalı, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilməlidir.
    Bəli, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd, yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR